ANS Şirkətlər Qrupu ATV-nin əməkdaşı İlkin Həsəni və AZXEBER.COM portalını məhkəməyə verəcəyi ilə bağlı xəbər yayıb.
Buna səbəb kimi kanal ATV telekanalının əməkdaşı İlkin Həsənlinin onları təhqir etdiyini və “azxeber.com”-un bu fikirləri tirajladığını iddia edir.
Şirkətin açıqlamasında bildirilir ki, bu xəbərləri tirajlayan digər portallar, agentliklər də müəyyənləşdirilərək, məhkəməyə veriləcək.
Açıqlamada deyilir:
“ANS açıq şəkildə bəyan edir ki, bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük.
Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəəcyik”.
Xatırladaq ki, ötən gün ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet getmişdi. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisəyə “Bir küləkdi, əsdi keçdi” kimi qiymət verməsinin səbəbləri və aparıcını bu qənaətə gətirən yol təhlil edilmişdi. Bundan sonra ATV-nin əməkdaşı İlkin Həsənli ANS-in ünvanına təhqiramiz ifadələr işlədib. Bir sıra xəbər saytları və portalları bu təhqiramiz fikirləri tirajlayıb.
Redaksiyadan ictimaiyyətə:
Azxeber.com informasiya portalı olaraq mövcud məhkəmə iddiası ilə bağlı ilk ANS rəhbərliyinin diqqətinə bəzi məqamları çatdırmağı özümüzə borc bilirik.
İlk olaraq qeyd edək ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmış, ifadə azadlığının qarşısını alan bütün süni maneələr aradan qaldırılmışdır. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.
Qeyd etmək istərdik ki, son günlər ANS televiziyası ilə ATV televiziyası arasında olan münasibətlər ictimaiyyətin marağını cəlb etdiyi üçün KİV-lər də haqlı olaraq bu məsələni gündəmdə saxlamağı və oxuculara daha dolğun, balanslaşdırılmış informasiya çatdırmaq üçün öz səylərini göstərmişlər. Azxeber.com portalı da sözügedən gündəm mövzusu ilə bağlı həm ATV kanalının, həm də ANS kanalının (hər iki kanalın əməkdaşlarının) mövqeylərini beynəlxalq jurnalist prisniplərində də göstərildiyi bir şəkildə tərəfsiz və qərəzsiz formada vermişdir. Hətta bu hadisə ilə bağlı ATV kanalının əməkdaşı İlkin Həsəninin sosial şəbəkədəki mövqeyini işıqlandırdıqdan sonra ANS-in vitse-prezidenti Mirşahin Ağayevin də birincinin iddialarına verdiyi cavab da yayımlanmışdır.
İlkin Həsəni ictimai maraq funksiyasının daşıyıcısı olan bir şəxsdir və onun hər hansı bir fikri xəbər statusu daşıya bilər. Onun fikirləri mövcud hadisələrlə bağlı olduğu üçün redaksiya olaraq bu fikirlərin xəbər mahiyyəti daşıdığı qənaətinə gəlinmiş və bu fikirlər yayımlanmışdır.
Onu da bildirmək istəyirik ki, sosial şəbəkədəki fikirlərin xəbərləşdirilməsi ənənəsini Azərbaycan teleməkanına ilk gətirən kanallardan biri də ANS televiziyasıdır. Kanalın bu gün də məhz sosial şəbəkə istifadəçilərinin fikirlərinə işıq tutan və onu efir məkanına daşıyan verilişləri yayımlanır.
Redaksiya olaraq özünü dəqiq, qərəzsiz və obyektiv hesab edən ANS televiziyasının məhkəmə iddiasında yalnız Azxeber.com-un adını hallandırmasını və "anspress.com" saytında portalımızın adının başlığa çıxarılmasını qeyri-etik hesab etdiyimizi və bu xəbərin ölkənin ən öndə gedən digər internet media resurslarında da yayımlandığını diqqətə çatdırırıq. Hər zaman jurnalist etikasından danışan, həmkarlıq prinsipindən çıxış edən ANS Televiziyasının xəbərdə niyə məhz 1 saytın adını hallandırması da sual doğurur. Ümid edirik ki, televiziyanın məsul işçiləri xəbəri araşdıracaq və portalımıza qarşı qərəzli mövqeyinə son qoyacaq.
Və son olaraq, hüquqi dövlətdə hər bir kəsin məhkəməyə müraciət etmə hüququnun olmasını və bu addımın tərəfimizdən normal qarşılandığını bildiririk.












