Azərbaycan - Gürcüstan münasibətləri ən yüksək səviyyədədir - Deputatlardan ŞƏRH

Azərbaycan - Gürcüstan münasibətləri ən yüksək səviyyədədir - Deputatlardan ŞƏRH
MEDIA
17:01 07.04.2026
1059
Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqlik səviyyəsində olan əlaqələr genişlənməyə davam edir. Dünən Prezident İlham Əliyevin Gürcüstana baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilib. Bu səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb və gələcək əməkdaşlıq perspektivləri müəyyən edilib. Hər iki ölkənin rəsmiləri regionda sülhün bərqərar olmasında birgə səylərin önəmindən danışıblar.

Milli Məclisin deputatı Vüqar İsgəndərov AZXEBER.COM-a açıqlamasında deyib ki, iki qonşu ölkə bir-biri ilə daha sıx əməkdaşlıqda maraqlıdır:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gürcüstana dövlət səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirilməlidir. Səfər çərçivəsində görülən işlər, imzalanan sənədlərin icra vəziyyəti həm Gürcüstanın Baş naziri, həm də Prezidenti ilə ikitərəfli və çoxtərəfli formatda müzakirə olunub. İki qonşu ölkə bir-biri ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

Bu səfər Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi taleyini müəyyənləşdirə biləcək mühüm strateji hadisə kimi də qeyd olunmalıdır. Dövlət başçısının və Mehriban Əliyevanın Tiblisidə yüksək səviyyədə qarşılanması münasibətlərin qarşılıqlı etimada əsaslandığını və strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha nümayiş etdirir”.

Deputat söyləyib ki, səfər yalnız diplomatik protokol çərçivəsində qiymətləndirilməməlidir:

"səfər yalnız diplomatik protokol çərçivəsində deyil, regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilməlidir. Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illərdir qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulub. Xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr bu münasibətlərin praktik nəticəsi kimi çıxış edir və əlaqələri daha da möhkəmləndirir”.

O söyləyib ki, Azərbaycan və Gürcüstan birgə layihələr vasitəsilə münasibətlərini daha da zənginləşdirib:

"Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə Avropa və Avrasiya məkanının enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. Azərbaycan və Gürcüstan regionun iqtisadi, siyasi, logistik və humanitar sahələrində həyata keçirilən birgə layihələr vasitəsilə münasibətlərini daha da zənginləşdirib. Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında strateji əlaqələrin daha da inkişafına töhfə verəcək və bu münasibətlər zaman keçdikcə daha da möhkəmlənəcək”.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında bildirib ki, qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollar müsbət saldo əldə edib:

"Azərbaycan ilə Gürcüstan arasındakı dərin strateji münasibətlər iqtisadi əlaqələrin daha da genişlənməsinə gətirib çıxarıb. 2025-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 9% artaraq 881,4 milyon dollara çatıb. Ümumi ticarət dövriyyəsinin 712,7 milyon dolları Azərbaycanın Gürcüstana ixracı, 168,7 milyon dolları isə idxal olub. Qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollar müsbət saldo əldə edib”. 


Parlamentari vurğulayıb ki, İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq:

"Azərbaycan Prezidentinin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bu, həm investisiya axınının güclənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə, xüsusilə nəqliyyat dəhlizləri sahəsində daha sıx əməkdaşlığa imkan yaradacaq.
Azərbaycan və Gürcüstan yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirir. Bu istiqamətdə qarşılıqlı əməkdaşlıq yaxın illərdə hər iki ölkənin Avropaya, xüsusilə Rumıniya və Macarıstana yaşıl enerji ixrac etməsinə imkan verəcək.
Gözləntilərə görə, 2027-ci ildən sonra Azərbaycan və Gürcüstan birlikdə istehsal olunan 3 QVt külək və 1 QVt günəş enerjisinin 80%-ni ixrac etmək imkanına malik olacaq. Bu baxımdan Azərbaycan və Gürcüstan əməkdaşlığı Avropa üçün yeni bir yaşıl enerji körpüsünün formalaşması deməkdir”.

O qeyd edib ki, ölkələr arasında nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq da genişlənir:

"İki ölkə arasında nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq da genişlənməkdədir. İki ölkə vahid tarif siyasətinin tətbiqi istiqamətində əməkdaşlıq edir ki, bu da Azərbaycan və Gürcüstan üzərindən daha çox yüklərin daşınmasına imkan yaradacaq. Azərbaycan və Gürcüstan arasında bu sahədə əməkdaşlığın daha da güclənəcəyini müşahidə edəcəyik. Bu baxımdan qarşılıqlı sərmayə qoyuluşlarının artması, ticarət dövriyyəsinin genişlənməsi və nəqliyyat dəhlizlərinin inkişafı fonunda regional məsələlərdə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənəcəyi gözlənilir.
Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri isə bu münasibətlərin dərinləşməsi və strateji əlaqələrin genişlənməsi üçün yeni bir mərhələ açacaq”.

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib. 

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR