ANS-in tanınmış aparıcısı: 'Saxta pul kəsirdim, polislərin qulağından uzaq' - MÜSAHİBƏ+FOTOLAR

ANS-in tanınmış aparıcısı:
Bütün Xəbərlər
14:30 24.10.2013
15145

AZXEBER.COM-un bu dəfəki müsahibi ANS TV-də yayımlanan "İç xəbər" verilişinin aparıcısı, tanınmış teleaparıcı İlkin Kərimovdur.“Mən müəllim olsam da, həmişə jurnalist olmaq istəmişəm...”

İlkin bəy, necə oldu jurnalistikaya gəldiniz?

2006-ci ildə ANS TV-də Jurnalistika kurslarının keçirilməsi barədə elan verilmişdi. Mən də özümü sınamaq istədim. Kurs zamanı keçirilən imtahanlardan, müsahibədən uğurla keçdim və kursları bitirdim. Bir neçə aylıq sınaq müddətindən sonra məni işə götürdülər.

ANS bu sahədə ilk işinizdir?

Əvvəllər 1-2 qəzetdə yazılarım çıxmısdı. Amma peşəkar jurnalistika ilə məşğul olmurdum. Peşakar jurnalistika ilə bağlı ilk iş yerim ANS-dir. Hər kəs yaxşı bilir ki, ANS-məktəbdir. Mən də xoşbəxtəm ki, ANS-in məktəbini keçmişəm.

Bildiyimə görə ixtisasınız tam fərqlidir. Bu sizə jurnalistika ilə məşğul olmağınıza mane olmur ki?

Əsla, mane olmur. Bəli ixtisasım müəllimdir. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. İxtisasım müəllim olsa da, mən hər zaman jurnalist olmaq, teleaparıcı olmaq arzusu ilə yaşamışam. Universitetə imtahan verəndə yazdığım fakültələr arasında jurnalistika ilk sıralarda idi. Bu sahəyə olan marağım sonda məni buralara qədər gətirdi.

Müəllimliklə jurnalistika uzlaşa bilir?

Təbii ki. Mənim ixtisasım Azərbaycan dili, Ədəbiyyat müəllimidir. Hər iki ixtisas eyni olmasa da, demək olar ki, bir-biri ilə əlaqəlidir. Ən azından müəəyyən yaxınlıq var. Jurnalistə Azərbaycan dilini, ədəbiyyatı eləcə də digər sahələri bilmək vacibdir. Təbii ki, bunlar jurnalist olmaq üçün bəs etmir, amma kifayət qədər kömək edir. Mən jurnalistikanı elə indi də öyrənirəm. Heç vaxt öyrənmək gec deyil.

Müəllimliklə məşğul olsaydınız, sizcə, hazırkı teleaparıcı, jurnalist İlkin bəydən nə ilə fərqlənəcəkdiniz?

Mənə elə indi də müəllim deyə müraciət edirlər ( Gülür). Amma müəllim deyiləm. Əgər jurnalist olmaq arzum gerçəkləşməsəydi, təbii ki, məmnuniyyətlə işləyərdim. O ki, qaldı müəllim və aparıcı İlkini fərqləndirməyə bu mənə çətindir. Arzuma çatdığım üçün heç bu barədə fikirləşməmişəm də.

Demək jurnalist olmaq arzunuza çata bilmisiniz, bəs çata bilmədiyiniz arzularınız varmı?

Bilmirəm bunu necə qəbul edəcəksiniz, amma arzu anlayışı mənim üçün məqsədlə əvəz olunub, yəni nəyisə arzulamaqdansa, o istəyi elə məqsədə çevirib həmin arzunu reallaşdırmağı seçərdim. Daha doğrusu həmin arzuya çatmağı... Ona görə də gerçəkləşməmiş arzularım yoxdur, amma gerçəkləşməmiş məqsədlərim ola bilər.

Ən çox nəyə pul xərcləyirsiniz?

Hər şeyə pul xərcləyirəm, amma paltara və ətirə çox az pul xərcləyirəm. Təbii onlara da ehtiyacım olur, amma elə də çox pul xərcləmirəm. Mənim üçün ödəniləcək pulun çox olması və ya məhsulun bahalı olması önəmli deyil. Əsas olan malın öz dəyəri və mənə yaraşmasıdır.

İç Xəbər xalqın proqramıdı...

Adətən, məhşur insanlar istəmədən cəmiyyətdən uzaq düşürlər. Bəs sizdə necə, daim efirdə olmağınız sizi cəmiyyətdən uzaqlaşdırmır ki?

Deməzdim ki, məhşuram. Təbii ki, azdan çoxdan tanıyırlar, nə az, nə çox 8 ildir televiziyadayam. O ki, qaldı məhşurluğun insanı cəmiyyətdən uzaq salmasına elə deməzdim, əksini deyərdim, daha da yaxınlaşdırır. İnsanlar ünsiyyət qurmağa çalışır, hansısa problemini səninlə bölüşür. Axı bizim əsas sahəmiz sosial problemlərdir. İç Xəbər xalqın proqramıdı, sosial problemlərin həllində vasitəçidir. Deməli, biz cəmiyyətin içindəyik.

Eşitdiyimizə görə boş vaxtlarınızda şeir də yazırsınız. Onları bizimlə bölüşə bilərsiniz?

Bunu haradan eşitmisiniz? Şeir yazmaqla çoxdan məşğul olmuşam,tələbə vaxtlarımda. Amma bunu heç kimə demirdim, gizli saxlayırdım. Sizə deyə bilməyəcəm şeirlərimi, çünki heç birini əzbər bilmirəm, hamısı cızma-qaradır. Həm də şairlərimizdən ayıbdır. (Gülür)

Uşaqlıq illərinizi ən çox necə xatırlayırsınız?

Çox şeylə xatırlayıram. Mən sakit uşaq olmuşam. Həm də çox çalışqan idim. Dərslərimə daha çox vaxt ayırırdım. Eyni zamanda bir az da dəcəl idim. Az olmayıb qonşuların pəncərələrini sındırdığım ( Gülür)

Qonşu bağına düşən topumuz deşilib-cırılıb qaytarılırdı...

Pəncərələri sındırdığımız üçün bütün məhlədə qonşuların qəzəbinə tuş gəlirdik. Hətta qonşu bağına düşən topumuz deşilib, cırılıb qaytarılırdı. Sonra da deyirlər ki, Azərbaycanda futbol yoxdu. Elə buna görə uşaq futbolunun kökü kəsilib ( Gülür)

Uşaq olanda saxta pul əskinazları hazırlayırdım...

Bağçaya getməmişəm. Buna görə təəssüflənirəm. Amma anam evdar qadın olub o bizə hər şeyi öyrədib. 1-ci sinifdə artıq çoxlarından seçilirdim. Məktəb illərimin 5 ili sovet dövrünə düşüb. Tez-tez dərsdən qaçırdım. Buna görə də nəinki mən, hətta valideynlərim də direktorun yanına çağrılırdı. Bunlara baxmayaraq şərəf lövhəsində şəkli asılan, akt zallarında, tədbirlərdə iştirak edən, gözəl rəsm qabiliyyəti ilə seçilən bir şagird olmuşam. Bir dəfə pul əskinasının səklini elə yaratmışdım ki, anama verəndə həqiqi pulla səhv salmışdı. Saxta pul kəsirdim. Polislərin qulağından uzaq. (Gülür)

Mən uşaqlığımı çox maraqlı xatirələrlə xatırlayıram. Oktyabryat, qırmızı nişanlı, medallı pioner daha nələr nələr...Uşaqlığımı şirin xatirələrlə yanaşı, həm də acı 20 Yanvar hadisələri ilə xatırlayıram. Atam sovet tanklarının qarşısına çıxan, bu hadisələrin iştirakçısı, biz isə şahidləri olmuşuq.

Bəs əsgərlik illəriniz?

Əsgərliyim nə maraqlı, nə də ki hədsiz maraqsız keçməyib. 2002-2003-cü illərdə Lənkəranda xidmət etmişəm. Adi əsgərlik illəri idi. Heç kimlə davam, mübahisəm olmayıb. Ola bilər kiminsə sözü, kiminsə boğazından keçməyib. Amma ciddi problem olmayıb. Bizim hissədə bütün əsgərlər ali təhsilli idi. Biz bir-birimizi anlayırdıq. Ən çox yadımda qalan o oldu ki, xidmətimi bitirib evə qayıdan günü kilometirlərlə yolu piyada getməli oldum. Çox yorğun idim, amma buna rəğmən həmin günü evə getmədim ( Gülür) Günümü əsgərlik yoldaşlarım ilə təşkil etdiyimiz məclislə tamamladıq.

İlkin bəy, biraz mövzudan kənarlaşmaq istəyirəm. Belə bir deyim var “ilk sevgi evlənmək üçün deyil” sizcə, doğru deyimdir?

Başına gələn başmaqçı olar... ( Gülür) Bu elə sevdiyi ilə evlənə bilməyənlərin deyimidir. Bəlkə də statistikadır. Ola bilər çoxları ilk sevdikləri ilə evlənə bilməyib, amma bu o demək deyil ki, ilk sevgi evlənmək üçün deyil. Təbii ki, ilk sevgisi ilə ailə quranlar da var. “İlk sevgi unudulmur” mən ancaq bu deyimlə razıyam . O ki, qaldı ilk sevginin evlilik üçün olmaması deyiminə, məncə elə deyil. Qismət məsələsidir.

Müəllim, aparıcı İlkin bəyi az da olsa tanıdıq. Bəs sükan arxasındakı İlkin bəy necədir?

Çox da fərqli deyil. Təkcə Bakının tıxaclarından təngə gəlmişəm. Tıxacda gözləməyə səbrim çatmır. Heç bir yol qaydalarını pozmuram. Mənim işim sanki bir növ təbliğatdır. Sürücü mədəniyyəti, qaydalara riayət etmək, piyadalara yol vermək və.s. Biz bununla həm də polisə kömək etmiş oluruq. Hər şeyə diqqət etdiyimdən onlarla heç bir problemim olmur. Onlar, yol polisləri olmasa təsəvvür edin ki, şəhərin vəziyyəti necə olar.

Son sualım belədir, İlkin bəyi digər aparıcılardan fərqləndirən cəhət nədir?

Çox çətin sualdır. Siz əsas silahı sona saxlamısınız. ( Gülür) Bunu necə cavablandıracağımı bilmirəm. Təbii ki, hər kəsi fərqləndirən cəhətlər var. Amma mən aparıcı kimi fərqlənən cəhətlərimi deyə bilmərəm. Çünki mən xalqa, tamaşaçıya xidmət edirəm. Elə buna görə də bizi tamaşaçı dəyərləndirməlidir. Əgər kimsə xəbər çatdırmağımı bəyənirsə, özümü xoşbəxt hiss edərəm. Türklər demişkən-zatən xoş mesajlar çatır. Qoy tamaşaçı özü qiymət versin.

Fatimə İbrahimova 

OXŞAR XƏBƏRLƏR