"Antiterror tədbirləri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi"

"Antiterror tədbirləri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi"
SOSİAL
18:37 19.09.2026
50
"2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərinin Azərbaycanın tarixində mühüm hadisələrdən biri oldu".

Bu sözləri 20 Sentyabr - Dövlət Suverenliyi Günüilə bağlı AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi, Trend BİA direktor müavini Sahil Kərimli deyib.
 
Politoloq qeyd edib ki, Azərbaycan Ordusunun qısa müddətdə keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub:

"2023-cü ilin sentyabrında Azərbaycan dövləti son dərəcə qətiyyət və hərbi qüdrət nümayiş etdirərək öz ərazilərində çox qısa müddətdə antiterror tədbirləri həyata keçirdi. Bu tədbirlər nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi.

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində uzun illər ərzində Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu. Separatçı rejim özünü buraxdı və Azərbaycanın suveren ərazilərində qanunsuz fəaliyyət göstərən silahlı qüvvələr ləğv edildi. Bu, Azərbaycan dövlətinin qətiyyətli siyasi və hərbi iradəsinin göstəricisi idi.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanmış üçtərəfli bəyanatla Ermənistan tərəfi müəyyən öhdəliklər götürmüşdü. Həmin öhdəliklərdən biri də Azərbaycan ərazisində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizi tərk etməsi ilə bağlı idi. Lakin sonrakı dövrdə bu istiqamətdə Ermənistan tərəfindən konstruktiv mövqe nümayiş etdirilmədi və həmin öhdəliklər yerinə yetirilmədi.

Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququndan istifadə etdi və antiterror tədbirlərini həyata keçirdi”.
 


Politoloq vurğulayıb ki, antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir:

"Bu əməliyyat Azərbaycanın hərbi qüdrətini, siyasi iradəsini və öz ərazi bütövlüyünü təmin etmək əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını böyük fəxarət və qürur hissi ilə xatırlayır”.
OXŞAR XƏBƏRLƏR