Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız onların iqtisadi və siyasi potensialı ilə deyil, həm də milli maraqlarını qorumaq, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq və qlobal proseslərdə fəal iştirak etmək bacarığı ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan son illərdə regional və beynəlxalq miqyasda nüfuzunu gücləndirən, müxtəlif dövlətlər arasında əməkdaşlığın inkişafına töhfə verən və müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə həyata keçirən ölkə kimi diqqət çəkir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini, keçdiyi tarixi yolu və gələcəyə dair prioritetlərini aydın şəkildə ifadə edir.
Dövlət başçısının çıxışında Azərbaycanın coğrafi mövqeyinin yaratdığı imkanlar, ölkəmizin Avrasiya məkanında birləşdirici mərkəz kimi artan rolu və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasət xüsusi yer tuturdu. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə müxtəlif dövlətlərlə əlaqələrini inkişaf etdirərək regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq yalnız iqtisadi maraqların uzlaşdırılmasına deyil, eyni zamanda regionda təhlükəsizliyin, sabitliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Azərbaycanın xarici siyasətinin əsasını dövlətlərin bərabərhüquqluluğu, suverenliyə hörmət, daxili işlərə qarışmamaq və ərazi bütövlüyünün qorunması kimi fundamental prinsiplər təşkil edir. Prezident İlham Əliyevin çıxışında bu prinsiplərin xüsusi vurğulanması təsadüfi deyildi. Çünki beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqi qlobal təhlükəsizliyin təmin olunması üçün mühüm şərtdir. Dövlətlərə münasibətdə ikili standartların tətbiqi, ayrı-ayrı münaqişələrə seçici yanaşma və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasına münasibətdə fərqli mövqelərin nümayiş etdirilməsi isə beynəlxalq sistemə olan etimadı zəiflədir. Azərbaycan uzun illər ərzində məhz belə yanaşmalarla üzləşmiş və öz milli maraqlarını qorumaq uğrunda mürəkkəb mübarizə aparmışdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərə, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə və beynəlxalq ictimaiyyətin bu məsələdə nümayiş etdirdiyi fəaliyyətsizliyə diqqət çəkdi. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxlaması, bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınması və etnik təmizləmə siyasətinə məruz qalması xalqımızın yaşadığı ağır tarixi həqiqətlərdir.
Bu prosesdə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı suallar da uzun müddət gündəmdə olmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi problemləri ortaya qoyurdu. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticəsiz qalmış, münaqişənin həlli istiqamətində real irəliləyiş əldə edilməmişdi. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünün bərpası məsələsini beynəlxalq hüquqa əsaslanan siyasi və diplomatik müstəvidə həll etməyə çalışsa da, Ermənistanın davam edən təxribatları vəziyyəti daha da mürəkkəbləşdirirdi.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın müasir tarixində həlledici mərhələ oldu. Qırx dörd gün davam edən müharibə zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qətiyyət nümayiş etdirərək işğal altındakı çoxsaylı şəhər və kəndləri azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Lakin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası məsələsi hələ də qarşıda duran əsas vəzifə olaraq qalırdı.
Azərbaycan sonrakı dövrdə bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Bununla belə, Ermənistanın hərbi potensialını bərpa etməsi və bölgədə gərginliyi artıran addımları davam etdirməsi yekun sülhün əldə olunmasını çətinləşdirirdi. Nəhayət, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, ölkə ərazisində separatizmə son qoyuldu. Beləliklə, uzun illər davam edən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində tarixi mərhələ başa çatdı.
Dövlət başçısının AQEM-in Zirvə Görüşündə bu hadisələrə geniş yer ayırması Azərbaycanın keçdiyi tarixi yolun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Çünki münaqişələrin mahiyyətini düzgün qiymətləndirmək, onların yaranma səbəblərini və nəticələrini obyektiv şəkildə təhlil etmək gələcəkdə oxşar faciələrin qarşısının alınması üçün vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən təsirli mexanizmlər yaradılmadıqca, dünyada müharibələrin və münaqişələrin davam etməsi təhlükəsi qalacaqdır. Bu fikir təkcə Azərbaycanın üzləşdiyi problemlərin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin qarşısında dayanan mühüm çağırışın ifadəsidir.
Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsinə çevrildi. Bununla belə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın müharibədən sonrakı dövrdə nümayiş etdirdiyi siyasi mövqe idi. Azərbaycan 30 ilə yaxın davam edən işğalın, dağıntıların və xalqımıza yaşadılan faciələrin qarşılığında intiqamçılıq siyasəti yürütmədi, əksinə, Ermənistana sülh təklif etdi.
Bu yanaşma dövlətimizin yalnız hərbi və siyasi gücünü deyil, eyni zamanda mənəvi prinsiplərə əsaslanan mövqeyini də nümayiş etdirir. Azərbaycan döyüş meydanında qələbə qazandıqdan sonra regionda davamlı sülhün təmin olunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi. Bununla yanaşı, sülhün əldə olunması qədər onun qorunması və möhkəmləndirilməsi də mühüm məsələdir. Davamlı sülh qarşılıqlı etimadın formalaşmasını, dövlətlərin suverenliyinə hörmət edilməsini və gələcək münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını tələb edir.
Zirvə Görüşündə Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət də xüsusi vurğulandı. Azərbaycan ikiillik sədrliyi müddətində təşkilatın institusional imkanlarının gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirmişdir. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm kimi istiqamətlərdə təşviq edilən təşəbbüslər AQEM çərçivəsində əməkdaşlığın daha səmərəli və əhatəli xarakter almasına xidmət etmişdir.
Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində təşkilatın institusional və hüquqi əsasları möhkəmlənmiş, üzvlük coğrafiyası genişlənmiş, təhlükəsizlik, iqtisadi rifah və qarşılıqlı anlaşmanın təşviqi baxımından imkanları artmışdır. Bu nəticələr Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakının və çoxtərəfli əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Eyni zamanda, ölkəmizin AQEM çərçivəsində həyata keçirdiyi fəaliyyət Azərbaycanın regional təşəbbüslərlə kifayətlənməyərək daha geniş coğrafiyada əməkdaşlıq əlaqələrinin inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müasir dövlətçilik tarixinin əsas istiqamətlərini özündə birləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Çıxışda ölkəmizin üzləşdiyi tarixi ədalətsizliklər, beynəlxalq hüququn tətbiqindəki problemlər, ərazi bütövlüyünün bərpası, sülhə sadiqlik və beynəlxalq əməkdaşlığın inkişafı kimi məsələlər qarşılıqlı əlaqədə təqdim olundu. Bu yanaşma göstərir ki, Azərbaycanın xarici siyasəti milli maraqların qətiyyətlə qorunması ilə yanaşı, regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə də istiqamətlənmişdir.
Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş dövlət kimi qarşısında yeni inkişaf hədəfləri müəyyənləşdirir. Ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi, nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi, çoxtərəfli platformalarda fəallığının artması bu hədəflərin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. AQEM-in 7-ci Zirvə Görüşü də Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional əməkdaşlığın təşəbbüskarı və sülhün tərəfdarı kimi mövqeyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə beynəlxalq hüququn aliliyinin təmin olunmasının, dövlətlərin suverenliyinə hörmət edilməsinin və ədalətli sülhün qorunmasının yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütün dünya üçün həyati əhəmiyyət daşıdığını bir daha diqqətə çatdırdı.
Həsən Bayramov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü
İcmanın Binəqədi rayon Nümayəndəsi, Pedaqogika elmləri doktoru











































