Aqil Abbas Prezident İlham Əliyevə təşəkkür məktubu göndərdi

MƏDƏNİYYƏT
18:10 04.04.2013
5586

Yazıçı-publisist, millət vəkili Aqil Abbas “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubun mətnini oxuculara təqdim edirik.

Möhtərəm Prezident!

Sizə, məni bir yazıçı kimi yüksək qiymətləndirərək dövlətin ali mükafatı –”Şöhrət” ordeni ilə təltif etmənizlə əlaqədar öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Və həm də yalnız öz adımdan deyil, sözü, şeiri, sənəti qiymətləndirən, ölkənin mənəvi sütunlarının qədir-qiymətini bilən bütün vətəndaşlarımızın adından. Çünki bu “Şöhrət” ordenini təkcə mənə deyil, ümumiyyətlə, ədəbiyyatımıza və söz sənətimizə verilən bir ali mükafat kimi dəyərləndirirəm.

Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz ədəbiyyatımızın, mədəniyyət və incəsənətimizin inkişafına, təkcə inkişafına yox, həm də dünyada təbliğ edilməsinə həmişə xüsusi diqqət və qayğı göstərirsiniz.

Min illik Azərbaycan ədəbiyyatının (təkcə klassiklərimizin deyil, həm də müasir şair və yazıçılarımızın əsərlərini) latın qrafikası ilə yüksək tirajla nəşr edilərək yeni nəslə çatdırılması, görkəmli ədiblərimizin yubiley tədbirlərinin təkcə ölkəmizdə deyil, həm də dünyanın müxtəlif ölkələrində keçirilməsi, əsərlərinin ən nəfis şəkildə nəşrləri, adlarının əbədiləşdirilməsi, elm və incəsənət xadimlərinə, yaradıcı şəxslərə Prezident təqaüdlərinin verilməsi, dünya ədəbiyyatının orijinaldan birbaşa doğma dilimizə tərcümə olunması, ən sivil ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, bir az əvvəl qeyd etdiyim kimi məhz Sizin ədəbiyyatımıza, mədəniyyət və incəsənətimizə xüsusi diqqət və qayğının təzahürüdür.

Möhtərəm Prezident!

Sizin uğurlu iqtisadi siyasətiniz nəticəsində Azərbaycan regionda lider dövlətə çevrildiyi kimi, həm də mədəni inkişaf baxımından ölkəmiz təkcə regionda deyil, Avropada söz sahibidir. Və Paris, Roma kimi Bakı da Avropanın mədəniyyət mərkəzinə çevrilmişdir. Dünyanın bir çox Beynəlxalq iqtisadi və mədəni forumları, konqresləri və tədbirlərinin Bakıda keçirilməsi buna əyani sübutdur. Onu da qeyd edim ki, ölkəmizin iqtisadi inkişafı nəticəsində bu tədbirlər təkcə Bakıda deyil, bölgələrdə də çox böyük coşğu və uğurla keçirilir.

Möhtərəm Prezident!

Mənim üçün bu əziz gündə fürsətdən istifadə edib həm öz adımdan, həm də ssenari müəllifi olduğum “Dolu” filminin bütün yaradıcı heyəti adından Sizə təşəkkürümüzü bildirməyi özümə borc bilirəm. Sizin sərəncamınızla, Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan bu film artıq xarici dillərə tərcümə olunmaqda və dünyanın bir neçə ölkəsində uğurla nümayiş etdirilməkdədir. Və bu filmin Tbilisidə təqdimat mərasimi keçirilərkən Gürcüstan kino ictimaiyyətini inandıra bilmirdik ki, bu film və hər il çəkilən neçə-neçə bədii, sənədli filmlər, televiziya serialları məhz Sizin sərəncamınızla dövlət vəsaiti hesabına ekranlaşdırılır. Onlar bizim dediklərimizə əmin olduqdan sonra mədəniyyət və incəsənətə belə diqqət və qayğı göstərməyinizə görə Sizə Gürcüstan kino ictimaiyyətinin də minnətdarlığını çatdırmağı xahiş etdilər.

Möhtərəm Prezident!

Qarabağdan seçilmiş bir millət vəkili kimi, Qarabağ ictimaiyyətinin nümayəndəsi kimi onu da Sizə çatdırmaq istəyirəm ki, Qarabağ camaatı Sizin xarici və daxili siyasətinizi yüksək qiymətləndirir, Sizin Ali Baş Komandan kimi tezliklə işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyinizə və Müqəddəs Bayrağımızı Şuşada dalğalandıracağınıza inanır, Sizə uğurlar diləyir və bu yolda həmişə Sizinlə birlikdə olacaqdır.

Möhtərəm Prezident!

Bir daha məni bu ali mükafata layiq gördüyünüzə görə həm öz adımdan, həm də Məmməd Araz ailəsi adından Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Və çalışacağam ki, bu etimadı yeni-yeni əsərlərimlə doğruldum.

Sizə uzun ömür, can sağlığı və Azərbaycanın müstəqilliyi uğrunda, dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız mübarizədə uğurlar diləyirəm.

Tanrı Azərbaycanı qorusun! Tanrı Sizi qorusun!

Hörmətlə:Aqil ABBASyazıçı

OXŞAR XƏBƏRLƏR