Aqil Abbas Qurbanovun yuxusundan danışdı: "Həzrəti Abbas kömək oldu, "Lex"i tapdalayıb keçdik"

ÖZƏL
11:29 13.07.2022
1322
Xəbər verdiyimiz kimi, ötən gün "Qarabağ” – "Lex” oyunundan sonra mətbuat konfransı zamanı Qurban Qurbanov deputat Aqil Abbası yuxuda gördüyünü deyib. 

Qurban Qurbanov qeyd edib ki, yuxuda Aqil Abbasla birlikdə Qarabağda olduqlarını görüb.

Deputat Aqil Abbas AZXEBER.COM-a maraqlı açıqlama verib. 

Deputat qeyd edib ki, o da oyundan əvvəl həmin yuxunu görüb:

"Oyundan əvvəl həmin yuxunu mən də görmüşəm. Durub danışdım ki, belə bir yuxu görmüşəm. Yuxuda görmüşdüm ki, Ağdamdan Şuşaya gedirik. Özü də Ağdam yolu ilə gedirik. Ondan sonra da gördüm ki, oyun başlayanda bizim müdafiəçinin günahından top öz qapımıza vurulur. Çox pis oldum. Yuxudan oyandım, Allaha dua elədim, komandamıza kömək istədim. Səhər tezdən də yuxudan duran kimi birinci yenə Allaha dua elədim. Sonra oyun başlayanda yenə də dua elədim, hər ağızda bir dua var, inanın. Sonra rəqib qol vurdu. Qol vuranda çox pis oldum, həddindən artıq pis oldum. Amma komandaya, Qurban Qurbanova və uşaqların hamısına inanırdım ki, qalib gələcəyik. Yəni, o yuxunu təxminən mən də görmüşdüm. 

Aqil Abbas deyib ki, dünən Qurban Qurbanov ona zəng edib: 

"Mən mətbuat konfransına baxa bilmədim, çünki elə yerdəydim ki, televizor bir dənə idi. Futbol qurtarandan sonra hamı muğam müsabiqəsinə baxırdı. Bir də gördüm ki, zəng gəlir. Baxdım, gördüm ki, Tərtərin İcra Başçısıdır. Deyir, Qurban Qurbanov belə bir şey dedi. Dalınca başqa zənglər gəldi, Ağdamda qapıbir qonşum zəng elədi. Sonra Qurban özü zəng elədi. Mənim də ürəyim açıldı”.

Aqil Abbas həmçinin qeyd edib ki, "Qarabağ” gözəl və qeyri-adi oyun oynadı:

"Mən həmişə dara düşəndə Həzrəti Abbası çağırıram, Allahı çağırıram. İndi də Həzrəti Abbas kömək oldu, böyük bir oyun oynadılar, gözəl, qeyri-adi oyun oynadılar. "Lex”i tapdaladılar keçdilər, ayaqlarının altına qoyub keçdilər. Keçən oyun mətbuat konfransında "Lex”in baş məşqçisi xoşagəlməz sözlər demişdi. Onun əvəzini də çıxdılar. Yəni, Qurban Qurbanov da qələbəni bütün Qarabağa, 10 milyonluq Azərbaycan xalqına həsr etdi. Allah onu var eləsin. Mənim ürəyim "Qarabağ”la döyünür, bunu hamı bilir. Ürəyi qırılmaqda olan "Qarabağ”ı o komanda, Qurban Qurbanov yaşadıb. Köhlən atlar yaşadıb. Qeyrətə oynayıblar, bu gün də oynayırlar. Mən inanıram ki, "Surix”i də tapdalayıb keçəcəklər. "Qarabağ” Çempionlar Liqasının qrup turnirinə düşəcək. Qurban Qurbanova və futbolçulara uğurlar arzulayıram”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR