Aqil Ələsgərin “15 iyul çevrilişə cəhd” analizi Türkiyə mediasında
DÜNYA
22:11 15.07.2026
315
"Yeni Çağ "Media Qrupunun direktoru, FETÖ terror təşkilatı ilə bağlı araşdırmaların və "Terörün Gülən Üzü” və "Səssiz İşğal” kitablarının müəllifi Aqil Ələsgərin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə yayımladığı videomüraciət Türkiyə mediasında geniş rezonans doğurub.
Türkiyənin nüfuzlu televiziya kanallarından olan World Türk Aqil Ələsgərin çıxışı ilə bağlı xüsusi reportaj hazırlayaraq onun 15 iyul hadisələrinə baxışını, FETÖ terror təşkilatının mahiyyəti barədə səsləndirdiyi fikirləri və məsələyə konseptual yanaşmasını geniş auditoriyaya təqdim edib.
Reportajda vurğulanıb ki, Aqil Ələsgər uzun illərdir FETÖ terror təşkilatının fəaliyyəti, region üçün yaratdığı təhlükələr və təşkilatın ideoloji şəbəkəsi ilə bağlı araşdırmalar aparır. Onun müəllifi olduğu "Terörün Gülən Üzü” və "Səssiz İşğal” kitablarının bu sahədə mühüm mənbələrdən biri olduğu qeyd edilib.
World Türk reportajında Aqil Ələsgərin 15 iyul hadisələrini yalnız Türkiyənin deyil, bütün türk dünyasının təhlükəsizliyi və gələcəyi baxımından strateji əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirdiyi diqqətə çatdırılıb. Verilişdə onun milli iradə, dövlətçilik və xarici təsirlərə qarşı mübarizə ilə bağlı səsləndirdiyi fikirlərə xüsusi yer ayrılıb.
Aqil Ələsgərin çıxışı Türkiyənin müxtəlif xəbər portalları və media platformaları tərəfindən də işıqlandırılıb. Hazırlanan materiallarda onun FETÖ ilə bağlı uzun illər apardığı araşdırmalar, mövzu üzrə beynəlxalq konfranslarda çıxışları və nəşr etdirdiyi kitablar xatırladılıb.
Türkiyə mediasında yayımlanan reportaj və xəbərlərdə Aqil Ələsgərin çıxışının Azərbaycan-Türkiyə qardaşlığının, ortaq tarixi yaddaşın və terrora qarşı birgə mübarizə iradəsinin ifadəsi olduğu vurğulanıb.