Aqiyə Naxçıvanlı: 'Mən yaxın 10 ildə özümü bu vəzifədə görmürəm'
Bütün Xəbərlər
15:15 20.02.2013
4108
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlının Tia.az-a geniş müsahibəmizi təqdim edirik:- Son zamanlar bəzi mətbuat orqanlarında sizin institut və filiallarının fəaliyyəti haqqında xoşagəlməz məlumatlar dərc olunur. Bu məlumatlara münasibətinizi öyrənmək istərdik.- Mən də bu məlumatların çoxu ilə tanışam və sizə deyərdim ki, bu məlumatlar yayılan qəzetlərin əksəriyyəti “reket” qəzetləridir və onların yazılarında açıq-aşkar qərəz hiss olunur. Onlar əvvəlki illərdə bu fililallarla başqa münasibətdə olublar və gəlirləri kəsilən kimi başqa fəaliyyətə keçirlər. Hərdən bizə zəng edirlər ki, saxta diplom və ya digər xoşagəlməz hallar barədə fakt var, biz isə deyirik ki, bu faktları bizə məktubla və ya internetlə göndərin, biz onu araşdıraq. Amma bunların heç biri olmadı. Bu jurnalistlər nədənsə direktorların telefon nömrələrini axtarırlar. Biz filiallarla maraqlanırıq, açıq deyirlər: “Aqiyə xanım, neçə gündür bizə zəng edib müəyyən qədər vəsait istəyirlər”. Onların ıllərində fakt yoxdur, sadəcə şantaj edirlər. Filiallar nəzarətsiz və başsız qalmayıb. Filiallar baş institut tərəfindən daim yoxlanılır və hətta araşdırmadan sonra bir neçə filial direktorunu vəzifəsindən azad etmişik. Əlbəttə ki, baş institut, yəni biz öz filiallarımızı nəzarətdə saxlayırıq. Bizə heç kim bu göstərişi verməmişdi ki, özümüz bu halları öyrənmişdik və ölçü götürmüşdük. Hörmətli Prezidentimizin son çıxışı bizi daha da dərindən işləməyə vadar etdi. Təhsildə korrupsiya hallarının aradan götürülməsi və yüksək səviyyəli təhsil vermək bizim də amalımızdır. Bu, həm də bizim ali məktəbimizin imici üçün önəmlidir. Əgər kiminsə hansısa faktı varsa, buyursun, bizimlə əlaqə saxlasın, ölçü götürək. Bir də ki, bəzən deyirlər ki, məsələn, “Qaynar xətt”də haqqında ən çox şikayət olunan ali məktəb Azərbaycan Müəllimlər İnstitutudur. İnstitutun adını tək halda çəkməsinlər, bu institutun filialları var və hər filialdan gündə bir müraciət daxil olanda institutun adına yazılır. Lakin bu müraciətlər münaqişə komissiyasına gedəcək müraciətlərdir və baxılmaqla həll olunan məsələlərdir. Əgər hansısa tələbənin imtahan balları ilə və ya ödənişlə bağlı problemi olursa, komissiyada araşdırılır, ölçü götürülür. Amma belə halları ümumiləşdirib ali məktəbin adına ciddi problem yazmaq düzgün deyil. Həm də elə hallar var ki, onlar “Qaynar xətt”ə müraciət etməməlidir. Lakin bu da problem deyil, əksinə, biz tələbələrə elə şərait yaratmışıq ki, onlar çəkinmədən müraciət edə bilirlər. Biz vətəndaşları dinləməyi bacarmalıyıq və bizim filiallarda elə neqativ hal yoxdur ki, ona vaxtında ölçü götürməyək.- Aqiyə xanım, mərhum prezident Heydər Əliyev belə bir fərman vermişdi ki, yerli filialların təsisçilik hüququ Təhsil Nazirliyinə məxsusdur. Və ali məktəb rəhbərlikləri də filiaların fəaliyyəti ilə bağlı nazirliyə məlumat verməli və müəyyən məqamlarda koordinasiyalı şəkildə işləməlidir. Amma bu qəzetlərdə yazılır ki, Aqiyə xanım nazirliklə hesablaşmır, tam müstəqil qərarlar qəbul edir. Bununla bağlı nə deyə bilərsiz?- Əvvəla, bu belə deyil. Bəzən yazırlar ki, Aqiyə xanım nazirliklə hesablaşmır, nazirliyi saymır. Mən subordinasiyanı gözləyən adamam. Amma 2011-ci ildə Ədliyyə Nazirliyi tərəfindən bizim ali məktəbin nizamnaməsi təsdiq olunub və orada göstərilir ki, bütün filial direktorlarının təyinatı və azad edilməsi məsələsi baş institut tərəfindən baxılır, daha sonra nazirliyə təqdimat verilir. Biz də elə edirik. O ki qaldı filialdan filiala köçürməyə, o məsələ birbaşa olaraq institutun səlahiyyətindədir. Və iş burasındadır ki, həmin nizamnama Ədliyyə Nazirliyindən qabaq Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Biz fəaliyyətimizdə iki nazirlik tərəfindən təsdiq olunmuş nizamnamənin bir bəndindən də kənara çıxmırıq. Mən hansı filial direktorunu işdən çıxarmışam və nazirə təqdimat verməmişəm? Əksinə, biz təqdimat veririk, nazir onları təyin və ya azad edir.Bundan başqa, hicab və ya baş örtüyü ilə bağlı məsələ də nizamnaməmizdə yazılıb. Bir vaxtlar məni hicaba qarşı getməkdə suçlayırdılar, amma bu, nizamnaməmizdə qara hərflərlə yazılıb ki, AMİ-də baş örtüyü ilə təhsil almaq olmaz. Bizim ali sənədimiz budur və biz nizamnaməmizdə kənara çıxa bilmərik. Bu barədə yazan jurnalistlər də məsələni araşdırmalıdır. Ola bilər ki, onlara yanlış məlumatı nazirliyin hansısa naşı işçisi verir. Lakin belə deyil, nazirin özündən də soruşa bilərsiz. Biz qanundan bir addım belə kənara çıxmırıq.- Bəs filialların MMC kimi fəaliyyət göstərməsi haqqında məlumatları necə şərh edərdiniz?- Xeyr, bu məlumat tamamilə yanlışdır. Filiallar hüquqi şəxs kimi fəaliyyət göstərir, onlara bütün səlahiyyətlər vermişik. Filial direktoru müavin və işçilərin də təqdimatını özü verir, maliyyə vəsaitini də məsləhət bildikləri kimi istifadə edirlər, lakin tələbə kontingentini qəbul etmək və diplom vermək hüququnu öz əlimizdə saxlamışıq. Bunu da ona görə edirik ki, ölkədə saxta diplomların yayılmasının qarşısı alınsın. Bütün diplomlar mərkəzləşdirilmiş qaydada AMİ tərəfindən verilir. On bir filialın diplomuYalnız burda, baş institutda yoxlanılaraq yazılır. Biz öz işimizi çətinləşdirmişik, amma bununla neqativ halların qarşısını almış oluruq.- Bu yaxınlarda Qazax filialında bir müəllim həbs olundu, bu həbs nə ilə əlaqədardır?- O heç kim deyil, sadəcə bir metodist olub. Ola bilsin ki, bu müəllim hansısa işlərdə yer alıb, amma hər şeyin başında duran filialın sabiq direktor İsa Verdiyevdir. Güman edirəm ki, həbs olunan adam da, məhz onun əlaltısı olub, pulu kimdənsə alıb kiməsə verib. Onun nəsə etmək imkanı yox idi. Amma orda İsa Verdiyevin rəhbərlik etdiyi dövrdə heç bir müəllim, heç bir müavin burdan kağız alıb ora qoymaq iqtidarında deyildi. Hər şey Verdiyevin nəzarətində idi və bu filialdakı neqativ hallar da birbaşa olaraq onun adı ilə bağlıdır. Araşdırmalar da onu göstərəcək ki, bütün bu halların başında duran İsa Verdiyevdir. Tutulan müəllimlə bağlı ancaq bunu deyə bilərəm.- Siz həmdə Milli Məclisin Təhsil Komissiyasına da üzvsünüz. Həm deputat olaraq, həm də rektor olaraq Azərbaycanda təhsilin səviyyəsindən razısınızmı?- Yox, əlbəttə yox. Çox çatışmayan cəhətlər var, amma bütün dünyada təhsil sahəsində həmişə çatışmazlıqlar olur. Təhsil böyük sahədir, yalnız ali məktəblərdən danışmaq olmaz. Təhsil bağçalardan peşə liseylərinə qədər müxtəlif tip müəssisələri əhatə edir, axırda gəlib ali təhsilə çatır. Yəni, burda nöqsansız bir şey olmaz. Görürsünüzmü, balaca bir institutda, bir filiala əlim çatmayanda nə qədər nöqsanlar üzə çıxır. Bəs respublikada bu qədər məktəblər, bu qədər qurumlar... Mən həmişə düşünürəm ki, bəlkə də bu qədər müəssisələrin olması o qədər də düzgün deyil. Məsələn, ibtidai sinif müəllimliy ixtisası bizdən başqa müxtəlif ali məktəblərdə, kolleclərdə, hətta sənaye texnikumlarında da var. Kimdir bu ibtidai sinif müəllimlərinə cavabdeh adam? Tapılmır, kimdir? Amma bilinsə ki, bu ölkədə ibtidai sinif müəllimi hazırlayan bir AMİ-dir, bir də Pedaqoji Universitetdir, o zaman savadsız kadrlara kimin cavabdeh olduğu da bilinər. Onu da qeyd edim ki, regionlarda ibtidai sinif müəllimi işləyənlərin çoxu kolleci bitirənlərdir. Hanı o səviyyə? Necə ola bilər ki, biz razı qalaq? Baxın, artıq I, II, III, IV və V siniflərdə kurikulum tətbiq olunur. Bu siniflər üzrə müəllimlərin yalnız cüzi hissəsi bizdə treninq keçir. Az qala bütün QHT-lər kurikulum üzrə treninq elan edir. Bizdə treninqdən keçib “təlimçi” adını ala bilməyən müəllim gedir, hansısa şirkətdə o adı alır. Sonra isə camaatı öyrədir.Salyan filialının keçmiş direktoru Aslan Dəmirov həm Mingəçevirdən çıxdı əlavə təhsili bərbad qoyduğu üçün, həm də Salyan filialından azad olundu – ümumiyyətlə əlavə təhsili saymadığı üçün. İndi isə bir özəl şirkət yaradıb, əlavə təhsil üzrə 200-dən artıq yeni modul proqram yazıb verib. Hardan yazıb verib? O savadı, biliyi var idisə, vəzifədə olduğu dövrdə işləyərdi də. Necə oldu ki, özəl şirkət yaradandan sonra proqramlar yazmağa başladı? Gördüyünüz kimi, çox ziddiyyətli, paradoksal hallar var. Ona görə də, çox çətin vəziyyət yaranır. Müəllimlərin dövlət qulluqçusu olması ilə bağlı məsələ də gündəmdədir. Bu böyüklükdə orduya dövlət qulluçusu adı vermək olar? Mən rayonlarda oluram, məktəblərdə müəllimlərlə tanış oluram... İki saat dərsi olan müəllimlər görürəm. Saatları bölüşdürüb ştatı çoxaldırlar. Olarmı belə şey? Təsəvvür edin ki, dövlət qulluqçusu statusu qüvvəyə minsə, bu, 2 saat dərs keçənə şamil olunacaq. O filankəsin yoldaşıdır, bu filankəsin qohumudur... Düzgündürmü, sizcə? Mənim fikrimcə, yox. Təhsildə inqilabi yolla nəsə əldə edə bilmərik. Amma yüksək bal yığanlar, xaricdə olimpiada qazananlar... Bunlar Azərbaycana başqa ölkədən gəlib? Bu insanları da bizim təhsil yetişdirib. Harda məktəb-müəllim-valideyn tandemi var, orada göstəricilər həmişə yüksək olur.Mən özüm rektor kimi açıq danışım. Bizdə imtahanlar tam şəffaf keçir. Şəxsən mənim yanıma nə qədər valideyn gəlib ki, “mənim uşağım dərsə gəlmir, mən sizə “hörmət” edim, qiyməti yazın”. Mən o cür valideynlərə deyirəm ki, bütün dünyada valideynlər pul verir ki, övladı təhsil alsın, amma siz pul verirsiz ki, övladınız təhsil almasın. Belə şey olar? Bu, bizim cəmiyyətdir, biz cəmiyyətə savadsız kadrlar verməli deyilik.- Bəlkə təhsilin inkişafı üçün rəhbər vəzifələrə daha bacarıqlı insanları gətirmək olar?- Yox, belə düşünmürəm. Tək əldən səs gəlməz. Bu məsələlər bir nazirlə, yaxud komissiya ilə bağlı deyil ki. Bu, aşağıdan yuxarı tələbə amili var, valideyn amili var, müəllim amili həmçinin. Müəllimlərin hamısını attestasiyadan keçirsək, o qədər savadsız müəllim aşkarlanar ki, savadlılar çox az görünər. İxtisarlar başladıq, hələ də savadsız müəllimlərdən canımızı qurtara bilmədik. Müəllimin özünün məsuliyyəti yoxdursa, tələbəyə əl qaldırırsa, bütün bunları kim dəyişə bilər? Onun mənəviyyatı dəyişməlidir. Biz demokratik ölkə yaradırıq, müəllimi döyə-döyə tərbiyə edə bilməyəcyik ki.Baxın, bədən tərbiyəsi ixtisası və incəsənət ixtisaslarında qabiliyyət imtahanı keçirilir. Amma mən düşünürəm ki, müəllimlik üzrə qabiliyyət imtahanına ehtiyac var. Müəllim insani davranışı, görünüşü, hərəkətləri ilə öz müəllim adınala layiq olmalıdır. Müəllim yüksək səviyyədə humanist insan olmalıdır. Bəzən eşidirik ki, hansısa müəllim tələbəni döyüb. Deməli, bu şəxs artır müəllim deyil, onda müəllim potensialı artıq bitib. Hamı müəllim ola bilməz. Bizdə aşağı bal toplayan hər kəs müəllimliyə qaçır. Filiallarımızda oxuyanların 60 faizi müəllim işləməyə həvəsli deyil. Soruşanda deyirlər ki, “nə edim, balım başqa yerə çatmadı, gəlib bura girdim”. Bu düzgün deyil, savadsız adamlar müəllim olmamalıdır. Bəlkə də, yaxşı peşə sahibi ola bilərlər, amma evdə deyirlər ki, yox, mütləq institut olmalıdır. Nə qədər insan müraciət edir ki, təhsil haqqını ödəyə bilmir. Onları ödənişli təhsilə dövlət salmayıb ki, özləri seçirlər. İxtisası yazanda bilmirdilər ki, 4 il pul keçirməli olacaqlar? Bunu fikirləşmək lazımdır.Kiminsə yerini tutublar, amma oxumaq istəmirlər.- Amma elə olur ki, köhnə kadrların enerjisi tükənir, yerinə də, sanki kiminsə potensial namizəd olduğu görünmür....- Bəli, müəyyən dövrdə insan tükənir. Hər insanın bir vəzifədə missiyası var, işini görüb uzaqlaşmalıdır. Mən özüm də yaxın 10 ildə özümü bu vəzifədə görmürəm. Amma yalnız öz payıma görə deyə bilərəm. Nazirliyə gəldikdə isə, bu işi yalnız bir nəfər görmür ki. Nazir yalnız əmr və sərəncam verir, düzgün icra etməyənlər məsuliyyət daşımalıdır. Məktəbdə diketor olub “məktəb mənimdi” deyənlər də var, amma unudurlar ki, onlar bu vəzifəyə niyə təyin olunublar. Açıq deyim ki, məktəb direktorları içində öz yerini tutmayanlar çoxdur. Bizim keçirdiyimiz kurslara direktorlar gəlir, aralarında eləsi çıxır ki, kursda 1 sat da oturmaq istəmir. Fikrincə yalnız “hörmət” edib kursdan qaçmaqdır. Gəliblərsə, təhsildəki yeniliklərii yörənmlədirlər. Bəziləri bizim yataqxanalarda qalır, nə biabırçılıqlardan çıxırlar... Görünür ki, onların çoxu öz yerində oturmayıb.- Siz Oğuz rayonundan deputatsınız, seçicilərinizlə görüşürsünüzmü?- Mən ora tez-tez gedirəm. Hər şənbə günü orda seçiciləri qəbul edirəm, orda qəbul otağım da var. Oğuzdan ən azı 60 tələbə bizim AMİ-nfə və institutun filiallarında təhsil alır. Mən onlarla maraqlanıram, görüşürəm və Oğuza getməzdən də əvvəl köməkçimə deyirəm ki, görüşəcəyim adamlara xəbər ver, toplaşsınlar, gələcəm. Məsələn, mən ayın 19-da və 20-də seçicilərlə görüşəcəm. Rayonun demək olar bütün kəndlərində vaxtaşırı oluram, problemləri dinləyirəm. Filfilidə, Dəmirdərədə keçən il məktəb problemi var idi, nazirliyə yazdıq və müsbət həllini tapdı. Rayon camaatı sel təhlükəsinə görə çayda böyük bəndin tikilməsini xahiş etdi, meiorasiya nazirimiz Əhməd Əhmədzadə bizə yaxıdan yardım etdi. Ağır xəstə olanlar, epilepsiyası olan uşaqların dərmanlarını Almaniyadan gətizdrib pulsuz Oğuza çatdırırıq, Oğuzdan olan, başqa ali məktəblərdə oxuyan 1-2 gənci bizim ataqxanada yerləşdirmişik. Ciddi problemlər yoxdur, amma qazlaşdırma və torpaq məsələsi var ki, Oğuzda bu problemlər öz həllini tam tapmayıb.-Sizin keçmiş deputat həmkarınız Gülər Əhmədova ilə bağlı qalmaqal barədə nə deyə bilərsiz?