AQP rəsmisi: “Şəffaf qiymətləndirmə maliyyə sabitliyinin qarantıdır”

AQP rəsmisi: “Şəffaf qiymətləndirmə maliyyə sabitliyinin qarantıdır”
SOSİAL
15:54 18.06.2026
898
"Milli iqtisadiyyatın şəffaflaşması və maliyyə sabitliyinin gücləndirilməsi baxımından qiymətləndirmə institutunun rolu strateji əhəmiyyət daşıyır. Aktivlərin bazar əsaslı və ədalətli dəyərləndirilməsi kapital axınlarının səmərəliliyini artırır, eyni zamanda investisiya qərarlarının daha proqnozlaşdırıla bilən olmasını təmin edir”.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova AZXEBER.COM-a bildirib ki, beynəlxalq qiymətləndirmə standartlarına uyğunlaşdırılmış sistemlərdə investisiya qərarları daha şəffaf və risk-əsaslı yanaşmalarla formalaşır.

Onun sözlərinə görə, Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) prinsipləri bu sahədə mühüm bələdçidir:

"Qiymətləndirmə sistemlərinin institusional yetkinliyi inkişaf etməkdə olan ölkələrdə kapital bazarlarının dərinləşməsinə və investisiya axınlarının sabitləşməsinə birbaşa təsir göstərir. Digər tərəfdən, bank sektorunda girov aktivlərinin düzgün qiymətləndirilməsi risklərin minimallaşdırılmasında və problemli kreditlərin idarə olunmasında həlledici rol oynayır. Xüsusilə daşınmaz əmlak bazarında aktivlərin real dəyərinin müəyyənləşdirilməsi bank sisteminə riskləri daha dəqiq ölçmək imkanı verir.

İqtisadiyyatın şaxələndirilməsi fonunda qeyri-maddi aktivlərin, o cümlədən intellektual mülkiyyətin qiymətləndirilməsi getdikcə daha çox aktuallıq qazanır. İnkişaf etmiş iqtisadiyyatlarda şirkətlərin bazar dəyərinin böyük hissəsi məhz qeyri-maddi aktivlərdən formalaşır. Bu amil Azərbaycanda da metodoloji bazanın və praktiki yanaşmaların təkmilləşdirilməsini zəruri edir”.

AQP rəsmisi qeyd edir ki, beynəlxalq standartlara uyğun qiymətləndirmə mexanizmləri startapların və innovativ layihələrin maliyyələşdirilməsində daha obyektiv risk qiymətləndirməsi yaradır. Bu yanaşma həm kapital bazarlarının inkişafına, həm də korporativ idarəetmədə şəffaflığın artmasına xidmət edir.

Regional inkişaf və post-bərpa proseslərində düzgün qiymətləndirmə mexanizmləri resursların səmərəli bölgüsü üçün əsas alətlərdən biridir. Qlobal təcrübə göstərir ki, post-bərpa iqtisadi modellərində qiymətləndirmə yanaşmaları dövlət-özəl tərəfdaşlıq layihələrinin effektivliyini ciddi şəkildə artırır.

AQP sədrinin müavini vurğulayıb ki, Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq standartlara inteqrasiya istiqamətində institusional islahatları qətiyyətlə davam etdirir: 

"Normativ-metodoloji bazanın təkmilləşdirilməsi, IVSC prinsiplərinə uyğun peşə standartlarının tətbiqi və sertifikasiya sisteminin gücləndirilməsi əsas hədəflərimizdir. Bu addımlar Azərbaycanda qiymətləndirmə institutunun dayanıqlığını artırmaqla yanaşı, bütövlükdə maliyyə sisteminin sabitliyinə mühüm töhfə verəcək”.

Günel Hüseynli
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR