Mütəxəssislər həddindən artıq ağrıkəsici istifadə etməyin zərərlərindən bəhs edib.
Hər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s. Ağrı ilə mübarizədə xüsusi dərmanlar – analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir. Bəs bu dərmanların insan orqanizminə hansı ziyanları var?
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Anesteziya və Reanimasiya Mütəxəssisi Dr. Serbulent Gökhan Beyaza ağrıkəsicilərlə bağlı xəbərdarlıq edib.
Həkim dərmanın həddindən artıq istifadəsinin ziyanlarından danışıb:
"Baş ağrılarında istifadə edilən dərmanlar ayda 10-u, digər ağrıkəsicilər isə 15-i keçən miqdarda istifadə edilirsə və müalicəyə baxmayaraq baş ağrısı geri çəkilmirsə, baş ağrısının digər səbəbləri araşdırılmalıdır. Məlumatlara görə, ümumi əhalinin 50%-i hər gün ağrıkəsici istifadə edir. Hamıya tanış olan ağrıkəsicilər asılılıq yaratmır və nisbi təhlükəsiz sayılır. Lakin bu preparatlardan da süi-istifadə etmək olmaz. Əgər ağrı dözümlüdürsə, ağrıkəsici preparat qəbul etməyin, bir qədər gözləyin, ağrı özü-özündən keçə bilər”.
Həkimlərin müşahidələrinə görə, qadınlar kişilərlə müqayisədə analgetiklərdən daha tez-tez hallarda süi-istifadə edir. Bu preparatlardan süi-istifadə edən insanın immun sistemi zəifləyir, qanın tərkibi pisləşir, qara ciyər, böyrəklər, mədə-bağırsaq sistemində ciddi pozulmalar yaranır.
İnsanların əksəriyyəti bu kimi preparatları müxtəlif səbəblərə görə yaranan baş ağrıları zamanı istifadə edir. Sağlam insanda baş ağrıların səbəbi yorğunluq, yuxusuzluq, stres, bəzən aclıq və s. ola bilər. Bu halda sadəcə bir qədər dincəlmək, uzanmaq, yatmaq lazımdır ki, baş ağrısı keçsin.
Bəzən baş ağrısı güclü olur, insana əzab verir və ondan yalnız dərmanın köməyi ilə azad olmaq mümkündür. Bu halda ağrıkəsici dərman qəbul etmək olar. Lakin belə hallar tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin. Həkim bildirib ki, tez-tez təkrarlanan güclü baş ağrıları müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər (məsələn, beyinin bədxassəli şişlərin).
Ayşən