'Artıq Putin və hökumətinin Azərbaycanda kiminlə işləyəcəyi aydındır'

SİYASƏT
12:50 13.08.2013
1865

Millət vəkili, politoloq Rasim Musabəyov Putinin Bakıya səfərini şərh edib.

AZXEBER.COM-un məlumatına görə, politoloq ANS-in "Baş xəbər"ində qonaq olub. O Putinin səfəriylə bağlı deyib:

"Mən bu səfəri alqışlayıram. Maraqlarımız üst-üstə düşə də bilər, toqquşa da bilər, paralel də ola bilər. Ancaq coğrafi bir fakt var ki, Azərbaycanla sərhəd olan yeganə fövqəldövlət Rusiyadır. Biz 200 il onun tərkibində, 20 ildir müstəqil şəkildə qonşuluğumnda yaşayırıq. Belə olan halda vacibdir ki, normal, işgüzar qonşuluq siyasətini həyata keçirək. Təqdimatda deyildi ki, 7 ildir gəlmir, bir ildir əslində. Söhbət 7 ildən getməməlidir. Putindən əvvəl Medvedev var idi. Medvedev Bakıya tez-tez gəlib və görüşlər daim yüksək səviyyədə davam edib. Diqqəti cəlb edirdi ki, Putin kremlə qayıdandan sonra yüksək səviyyədə görüşlər dondurulmuşdu. Əvvəl elan olunmuşdu ki, Putinin Xəzər hövzəsində Bakı, Ənzəli, Türkmənbaşına baş çəkməklə səfəri planlaşdırılırdı. Sonra Ənzəli gündəlikdən çıxdı. Faktiki olaraq Putinin bu səfəri Azərbaycanadır. Həm də onu 6 ən nüfuzlu nazir müşayiət edir. Bu kifayət qədər vacib və işgüzar səfərdir.

Putin 3-cü dəfə prezident seçiləndən sonra Ermənistana deyil, Azərbaycana səfər edir. Baxmayaraq ki, erməni tərəfi az qala hər ay Putinin səfər edəcəyi barədə məlumat verirdi?

Ermənistanla danışmağa üzü yoxdur. Yəni baxın, Azərbaycan Cənubi Qafqaz əhalisinin 60 faizdən çoxunu və iqtisadiyyatının 75 faizdən çoxunu təşkil edir. Maliyyə mənbələrinin 90 faizdən çoxu Azərbaycandadır. Şimali Qafqazda vəziyyəti nizamlamaq üçün Azərbaycan Rusiya üçün vacib bir partnyordur. Xəzər hövzəsində vəziyyəti nəzarətdə saxlamaq üçün Azərbaycan Rusiya üçün vacib bir partnyordur. Azərbaycan Rusiya ilə İran konteksində, Yaxın Şərq konteksində yaxın partnyordur. Ermənistanın nəyi var, heç nəyi. Ora ikinci, üçüncü səviyyəli məmuru da göndərmək olar. O da sadəcə lazımlı tapşırıqları çatdırmaq üçün. Rusiya Azərbaycanla partnyor kimi dialoq aparmağa məhkumdur. Burda Azərbaycan sadəcə alan tərəf deyil. Azərbaycanın verməyə də çox şeyi var. Azərbaycan Rusiya üçün əlverişli bir bazardır. Digərlərinə neft – qaz satırsa, Azərbaycana özünün kənd təsərrüfatı məhsullarını da satır. Bizim Rusiya ilə ticari dövriyyəmiz, Rusiyanın Ermənistanla olan ticari dövriyyəsindən 5-6 dəfə çoxdur. Banlar hamısı təbii ki, əhəmiyyətlidir.

Putinin bu səfərini Azərbaycan üçün əhəmiyyətli edəcək məqamlar hansılardı?

Bizim ən ağrılı yerimiz Dağlıq Qarabağ münaqişəsidir. Hamı da bilir ki, həlledici olmasa da böyük ölçüdə bunun həlli yolu Rusiyanın əlindədir. Belə olan halda biz bu məsələni dalandan çıxarmaq üçün Rusiya ilə dialoqda maraqlıyıq. Müharibə aparmırıqsa təbiidir ki, diplomatik yollar axtarırıq, siyasi yollar axtarırıq.

Bu səfərdən sonra münaqişənin həlli yolunda nəsə gözləmək sadəlövhlük olardı?

Təbii! Ümidimizi bir səfərə bağlasaydıq nə asan olardı hər şey. Ancaq bir var ki, biz bilirik ki, Rusiyanın bu məsələdə rolu var və yüksək səviyyədə dialoq getmir. Onda diplomatik səylərdən də ümumiyyətlə nəticə gözləməyə dəyməzdi. Ancaq hər bir halda prezidentlər səviyyəsində bu danışıqlar bərpa olunur. Bildiyiniz kimi Rusiyanın Türkiyə ilə də vacib dialoqu var. Bir aydan sonra onların müştərək, yüksək səviyyəli bir komissiyası var ki, baş nazirin və nazirlərin iştirakı ilə. Düşünürəm ki, orda da bu məsələ gündəliyə gələcək. Hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin irəli apaılmaması bölgə üçün böyük təhlükədir. Düşünürəm ki, burda partlayışda Rusiya da maraqlı deyil, Azərbaycan da maraqlı deyil.

Bu – Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfini maraqlandıran birinci məsələ. Bəs ikinci?

Xəzərin bölgüsü var. Bu məsələdə bildiyiniz kimi Azərbaycan, Qazaxıstan, Rusiya bir mövqedən çıxış edirlər. Fərqli mövqe sahibi İran və Türkmənistandır. Əslində İran tərəfinin iddiaları heç bir çərçivəyə sığmır. Son zamanlar hərbi gücünü də artırır, əzələ də nümayiş etdirməyə çalışır. Belə olan halda düşünürəm ki, bu üçlük, Türkmənistanla da düzgün iş aparılarsa sovet dövründə olan dördlüyün vahid mövqeyi təmin olunduğu halda İranı beynəlxalq hüquq çərçivəsində Xəzərin bölgüsünə cəlb etmək olar. Rusiyanın buna gücü çatar.

Nümayəndə heyətinin tərkibində hərbi heyətin təmsil olunması müzakirələrdə hansı məsələlərdən xəbər verir?

Bizim Rusiya ilə hərbi sənaye sahəsində böyük münasibətlərimiz var. Silah gətirilməsi barədə müqavilələr Medvedev dövründə imzalanmışdı. Ancaq onların bir qismi dondurulmuşdu və icra olunmurdu. Sonra paradqabağı onların bəzisi icra olundu, hərbi helikopterlər gəldi, hərbi texnika gəldi və bu davam olunacaq. Bu hələ tamamlanmayıb və söhbəti texnikanın verilməsindən getmir. Müqavilə çərçivəsində işlər davam edəcək və hərbi sahədə əməkdaşlıq qaçılmazdır.

Nümayəndə heyətinin tərkbində “Rosneft”in və “Lukoyl” şirkətinin prezidentləri də var, bu sahədə hansı sənədlər imzalana bilər?

Son zamanlar “Lukoyl” sadəcə özünün operator olduğu işlərə çalşır ki, maliyyəsini cəmləşdirsin. Bu isə Qazaxıstanın və Rusiyanın şimalında olan layihələrdir. Ancaq “Rosneft” Xəzərdə işləməyə böyük maraq göstərir. Yada salmaq istərdim ki, vaxtilə mübahisəli bir yataq vardı bizim Kəpəz adlandırdığımız. Onun “Rostneft”lə işləməsi barədə müqavilə imzalanmışdı. Rusiya Türkmənistandan ucuz qiymətə qaz alırdı. Onlar etiraz etməyə başladılar və Yeltsin bu müqaviləni ləğv etdi. O zamandan “Rosneft”in Azərbaycan yataqlarında işləməyə marağı vardı.

Amma bir şeyi qeyd etmək istərdim ki, Azərbaycanın neft sahəsində əsas partnyoru BP-dir. Onu da qeyd etmək lazımdır ki, “Rosneft”in də ən böyük partnyoru BP-dir. Belə bir üçbucaq yaranır ki, BP, SOCAR və “Rosneft” birlikdə işləyə bilərlər. Düşünürəm ki, Xəzərdə də, başqa yerlərdə də bu əməkdaşlıq faydalı ola bilər.

Ən əsası, Putinin səfəri Azərbaycanda prezident seçkisi ərəfəsi baş tutur! Putinin bu səfəri indiki Rusiyanın Azərbaycanın indiki ölkə başçısı İlham Əliyevi dəstəklədiyini nümayiş etdirmir ki?

Dolayı yolla belə demək olar. Amma əsas odur ki, ikitərəfli münasibətlər yüksək səviyyədədir. Yaranmış fasilənin də səbəbi o idi ki, Rusiyada düşünürdülər ki, iş görməkdirsə, dialoq qurmaqdırsa kim prezident olacaqsa onunla. İndi Putinin qərar verməsi göstərir ki, Putin və onun hakimiyyətinin Azərbaycanda kimlə iş görəcəyi aydındır. Bu da Rusiyanın mövqeyinin nümayişidir. Amma mən düşünmürəm ki, Azərbaycan prezidentinin seçilmək üçün Rusiya prezidentinin dəstəyinə ehtiyacı var.

Xatırladım ki, Baş Xəbərin qonağı politoloq Rasim Musabəyov Rusiya prezidenti Vladimir Putinin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı fikrləri ilə tanış olduq.

OXŞAR XƏBƏRLƏR