Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Çexiya gənclərinin birgə təşəbbüsləri” adlı layihəsi çərçivəsində Çex Respublikasının paytaxtı Praqada növbəti tədbirini reallaşdırıb. Tədbir paytaxtın məşhur konfrans mərkəzlərindən biri olan "Opero Rooms Plasa”da reallaşıb. Tədbirdə ASGA sədri, iş adamları, çex tələbələr, Praqada təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov tədbirin "Azərbaycan-Çexiya gənclərinin birgə təşəbbüsləri” layihəsi çərçivəsində reallaşdığını deyib. S. Abbasov "Praqa və Bakı: oxşar və fərqli cəhətlər” mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin göstərdikləri dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və Müşahidə Şurasına təşəkkür edib.
Sonra Çexiya Texniki Universitetində (Czech Technical University), Masaryk İnstitutunda İqtisadiyyat və Maliyyə ixtisası üzrə təhsil alan Onur Novruzov çıxış edərək tələbələrarası münasibətlərin qurulmasının əhəmiyyətindən danışıb. O, Çexiyada yaşayan azərbaycanlıların təhsil və işdən başqa, ölkəmizin maraqları naminə həmrəy olmasının vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Çexiya Texniki Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə təhsil alan türkiyəli gənc Fırat Karyağdi Türkiyə və Azərbaycan gənclərinin diaspora sahəsində fəaliyyətinin birgə aparılmasının vacibliyindən söz açıb.
Tədbirdə çıxış edən KLNK Group MMC-nin rəhbəri Nərmin Abbasova hər iki ölkə gənclərinin sahibkarlıq sahəsində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
Daha sonra gənclərə WUF13 çərçivəsində hazırlanan videoçarx təqdim edilib. Tədbir qarşılıqlı sual-cavab, diskussiya formatında davam edib.
Sonda bütün iştirakçılara sertifikat, kepka, mayka və Azərbaycandan gətirilmiş hədiyyələr təqdim edilib.
Məlumat üçün qeyd edək ki, 2026-cı il mayın 21-də "WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda Agentliyin dəstəyi ilə sözügedən layihə çərçivəsində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İB-nin (ASGA) "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi” mövzusunda tədbir keçirilib.























































