“Hansısa partiya başqanına qarşı bu cür hərəkətlər yolverilməzdir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə söyləyib.
Deputatın sözlərinə görə, ötən gün “Müsavat” partiyasının başqanı İsa Qəmbərin kortejinə Lənkəranda edilən hücum Azərbaycan dövlətinin imicinə zərbədir:
“Məsələ ilə bağlı hüquq mühafizə orqanları ciddi araşdırma başlatmalıdırlar. Bu hadisəni törədənlər təəcili qanun qarşısında cavab verməlidir. Hansısa partiya başqanına qarşı bu cür hərəkətlər yolverilməzdir. Ölkədə siyasi mühitdə zorakılığın istifadə edilməsi bizə ancaq problem yaratmaqdan başqa bir şey deyildir. Və unutmayaq ki, bu cür hadisələr dövlətin imicinə böyük zərbədir”.
Xatırladaq ki, dünən Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib. Lənkəran şəhərinin girişində 4 ədəd “QAZel” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq şəxsə rəhbərlik edib. Toplaşanlar İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb, maşının nömrələrini acıblar. Onlar “İsa Qəmbər, sizi gördük” və “Sizi istəmirik” deyərək maşının qapılarını dağıdıblar. Partiyanın məlumatında bildirilib ki, hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, Ülvi Quliyev isə döyülüb.












































