Asim Mollazadə tələbələrlə görüşdü

Asim Mollazadə tələbələrlə görüşdü
Bütün Xəbərlər
18:40 19.06.2013
973
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Bakı Slavyan Universitetinin (BSU) tələbələrilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, BSU-nun kölgə kabinetinin təşkil etdiyi görüşdə rektor Kamal Abdulla deyib ki, Asim Mollazadə öz fəaliyyəti ilə Azərbaycan gəncliyinə, intellektual potensialına çox böyük xidmətlər göstərib. “Asim müəllim təkcə bizim universitetin deyil, həm də digər universitetlərin dostudur. Ölkədə baş verən proseslərlə, ölkənin gələcəyi ilə bağlı məsələlərdə Asim müəllim kimi adekvat həmsöhbət tapmaq çətin məsələdi” deyən K.Abdulla A.Mollazadəni bu yaxınlarda prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

A.Mollazadə isə deyib ki, hər bir ölkənin gələcəyi, inkişafı onun universitetləri, gənclərin təhsili ilə bağlıdır: “Məndən həmişə soruşurlar, niyə Amerika dünyanın ən güclü ölkəsidir? Cavabım dünyanın 100 universitetinin siyahısını nümayiş etdirmək olur. Dünyanın ən yaxşı univesitetləri ABŞ-dadır. İkinci dünya müharibəsindən sonra ABŞ çox asan bir yol tapdı. Amerika Almaniyanın ən böyük alimlərini ətrafına yığdı. Amerika beyinləri özünə cəlb etdi və dünyanın ən güclü ölkəsinə çevrildi. Hazırda gənc Azərbaycan dövlətinin prioriteti biliklə, təhsillə bağlıdır. Azərbaycan gəncləri xaricdə təhsil aldıqdan sonra ölkədəki universitetlərin rəhbərliyinə gətirilməlidir. Ona görə ki, həmin universitetlər də real təhsil ocağına çevrilsin. Bu proses getməsə, nəsli dəyişdirə bilməsək, uğura nail ola bilməyəcəyik”.

Millət vəkili Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsi üçün 3 istiqamətdə inkişafın zəruri olduğuna diqqət yetirib: “Birincisi, informasiya-kommunikasiya texnologiyalarının yenilənməsi və inkişafıdır. Bu, neft və enerji sahəsindən sonra ən böyük gəlir gətirən sahədir. İkinci sahə turizm, üçüncü sahə isə orqanik kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasıdır”.

A. Mollazadə görüşdə BSU-nun bakalavr və magistr pilləsində təhsil alan tələbələrinin suallarını da cavablandırıb.

OXŞAR XƏBƏRLƏR