Atalara doğuşdan sonra məzuniyyət - Yeni qanun gəlir

Atalara doğuşdan sonra məzuniyyət - Yeni qanun gəlir
SOSİAL
14:29 04.12.2025
1065

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət verilməsi qanunvericiliyə daxil edilir. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bildirilir ki, yeni doğulan körpənin ilk aylarında atanın evdə olmaması uşağın inkişafına mənfi təsir göstərir. Ata dəstəyinin çatışmazlığı həm ananın psixoloji vəziyyətinə, həm də körpənin emosional bağlanma prosesinə təsir edir. Ata iştirakı isə ailədaxili stabil mühit yaradır və uşağın erkən inkişaf mərhələlərində mühüm rol oynayır.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu qərarın tətbiqi çox faydalı olacaq:

"Bu qərarın tətbiq olunması çox faydalı olar. Çünki indiki dövrün şərtləri və həyat tərzi bunu tələb edir. Bu səbəbdən bir sıra ölkələrdə bu qayda müxtəlif formalarda – ödənişli və ya ödənişsiz məzuniyyət şəklində həyata keçirilir”.

Ekspert bildirib ki, hazırda ailələr çox kiçikdir:

"Hazırkı dövrdə ailələr əvvəlki illərlə müqayisədə daha kiçikdir. Əvvəllər evdə nənə, baba, bacı və qardaş olurdu, buna görə də yeni uşaq dünyaya gələndə anaya düşən yük daha az olurdu. İndi isə həm uşağa qulluq, həm də ev işlərinin təkbaşına görülməsi ananın üzərinə böyük məsuliyyət qoyur”.

Sosioloq qeyd edib ki, ana və körpənin evdə tək qalması risklidir:

"Bununla yanaşı, ananın evdə tək olması hər hansı təhlükə yarandıqda ciddi fəsadlara səbəb ola bilər. Ona görə də atalara uşağın ilk aylarında müəyyən formada məzuniyyətin verilməsi vacibdir. Bu qayda cəmiyyətimizə uyğun şəkildə və effektiv mexanizmlərlə tətbiq olunmalıdır”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR