“İnformasiya dərc olunandan sonra da heç kəs zəng edib atamın vəziyyəti ilə maraqlanmır”.
Bu barədə AZXEBER.COM-a açıqlamasında tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Adil Mirseyidin oğlu Ayaz Baxışov deyib.
“Sizin saytda atamın xəsəliyi ilə bağlı xəbər çıxandan sonra da heç kəs onun durumu ilə maraqlanmayıb. Yenə də özümüz borc-xərc edib onu müalicə etdiririk”.
Xatırladaq ki, bir müddət öncə Adil Mirseyidin səhhətinin ağır olması ilə bağlı informasiya dərc etmişdik. Tanınmış jurnalistin oğlu atasının vəziyyətinin durmadan ağırlaşdığını demişdi:
“2011-ci ilin sentyabr ayında atam getdikcə arıqlamağa başladı və yorğan-döşəyə düşdü. Həkimlər artıq gecikdiyimizi və atamın qaraciyər sirrozundan əziyyət çəkdiyini dedilər. İndi də, yerdə yatır. Hər 3 aydan bir müalicə alan zaman vəziyyəti nisbətən düzəlir. Artıq imkanımız tükənib. Həkimlər müalicənin şərt olduğunu deyirlər.Atamı müalicə etdirmək üçün pul tapa bilmirik, bizə kömək lazımdır”.
Qeyd edək ki, Adil Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir.
AZXEBER.COM