ATƏT Belarusda keçirilmiş seçkini tənqid etdi

ATƏT Belarusda keçirilmiş seçkini tənqid etdi
Bütün Xəbərlər
08:08 25.09.2012
827
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Belarusdakı Demokratik Təsisat və İnsan Haqları nümayəndəliyinin sədri Matteo Mekaçi seçkilərlə bağlı şərhində qeyd edib ki, hökumət parlament seçkiləri üçün potensial namizəd ola biləcək müxalifət nümayəndlərinə bu haqlarından istifadə etməyə imkan verməyib.
“Seçkilər hələ başlamazdan əvvəl rəqabətə açıq deyildi. Bunun üçün, əlbəttə ki, ölkədə söz azadlığı, azad rəqabət apara bilmək imkanı olmalıdır. Biz təşviqat kompaniyasında bunu müşahidə etmədik” - deyə Mekaçi fikrini bildirib.
Demokratik Təsisatlar və İnsan Haqları nümayəndəliyinin sədri Antoniyo Milososki isə qeyd edib ki, Belarus futbol və xokkey matçlarında rəqabətcil ab-hava yaratsa da, siyasi arenada eyni qabiliyyəti nümayiş etdirə bilməyib. Onun sözlərinə görə, seçki prosesi zamanı əksər seçki məntəqələrində müşahidəçilərin nəzarət edə bilməsi üçün imkan yaradılmayıb.
Belarusun Mərkəzi Seçki Komissiyası isə seçkilərin nəticələri ilə bağlı açıqlamasında parlamentin 110 yerindən 109-nun öz sahibini tapdığını bildirmişdi. Yerlərdən birinin boş qalmasına səbəb isə həmin dairədə seçkinin alternativsiz olması və baş tutmaması olub. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə seçici fəallığı 74.3 faiz təşkil edib.
OXŞAR XƏBƏRLƏR