ATGTİ üzvləri Çexiya səfiri ilə görüşdü

GƏNCLİK
12:47 02.03.2011
2535

 1 mart 2011-ci il tarixdə Bakı Slavyan Universitetinin (BSU) ictimai fəal tələbələri Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Radek Matula ilə görüşdülər. Qeyd edək ki, görüş çexiyaşünas tələbələrin təşkili ilə baş tutdu. Görüşdə həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin direktoru Rəna İbrahimova və onun müavini Adilə Kərimova da iştirak etmişlər.

Görüşün əvvəlində Azərbaycan və Çexiyanın hökumətlərarası əlaqələrindən bəhs edən qısametrajlı film nümayiş etdirildi. Filmdə Çexiyanın 2010-cu ilin yanvar ayında Azərbaycanda səfirliyinin açılması, onun fəaliyyəti və 13 otyabr 2010-cu ildə BSU-da Çex dili və mədəniyyəti mərkəzinin açılışı xüsusi qeyd olunmuşdur. Səfir Radek Matula adı gedən mərkəzin Çexiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında xüsusi rolu olduğunu qeyd etdi.

Görüşdə BSU tələbələri ATGTİ-nin yaranma tarixi, fəaliyyət istiqamətləri və məqsədləri haqqında geniş məlumat verdilər. Daha sonra təşkilatın bir illik fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirildi. Təqdimatın ardından ATGTİ-nin yeni yaranmış “Bohemistlər” İşçi qrupu haqqında məluamat verildi. İşçi qrupunun koordinatoru Heyran Mustafayeva qrupun tərkibi, məqsədi və həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında söhbət açdı. Qeyd edək ki, İşçi qrupunun rəsmi loqosu görüş zamanı cənab Matula tərəfindən seçildi.

Görüş zamanı tələbələr səfirə çex dilindəki biliklərini də nümayiş etdirdilər. Belə ki, onlar cənab səfirə çex dilində suallar verir, aldıqları cavabları şərh edirdilər. Sonda Tələbələr onları maraqlandıran Azərbaycan və Çexiya arasında mədəniyyət, elm-təhsil, tələbə mübadiəsi mövzularıyla bağlı sualları səfirə ünvanladılar və səfir Radek Matula ilə xatirə şəkili çəkdirdilər.

OXŞAR XƏBƏRLƏR