ATGTİ sədri: "Cənab prezidentlə görüşdə tələbələrin problemlərini qabartdıq"

GƏNCLİK
10:34 22.04.2011
1981

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin gənclərlə görüşündən sonra ANS-in “Nəzər nöqtəsi” verilişinin qonağı olan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov deyib. Onun sözlərinə görə, görüşdə bir sıra məsələlər müzakirə olunub. Görüşün 2,5 saat davam etdiyini deyən Ş.İsmayılov orada olduqca detallı müzakirələrin aparıldığını söyləyib.

“Sosial məsələlərdən tutmuş Qarabağ məsələsinədək müzakirələr oldu. Mən əsas məqamları qeyd etmək istərdim. Azərbaycanda gənclər mərkəzinin, gənclər fondunun, vahid tələbə kartının yaradılması, ipoteka məsələsi və s. ətrafında müzakirələr aparıldı. Cənab prezident qeyd etdi ki, həmin məsələlər 2011-15-ci illər dövlət proqramında öz əksini tapmalıdır”.
Şahin İsmayılovun dediyinə görə, görüşün tərkibi geniş olub: “Müxtəlif təbəqədən gənclər təmsil olunurdu. Həkim, hüquqşunas və s. Hərə öz sahəsindəki problemləri qabardırdı. Cənab prezidentlə görüşdə biz tələbələrin problemlərini qabartdıq. Tələbələrə müəyyən endirim və güzəştlərin edilməsi məsələsinə toxunduq. Bu, Avropada geniş tətbiq edilən bir təcrübədir. Tələbə kartı müxtəlif obyektlərdə özündə endirimləri birləşdirən bir kartdır. Eyni zamanda təklif edildi ki, ipotekanın baza hissəsinin artırılmasına baxılsın. Cənab prezident bunu qəbul etdi. Çox güman ki, bu məsələyə baxılacaq”.
İsmayılovun sözlərinə görə, görüşdə gənclərin işsizlik probleminə də toxunulub və bu problemin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR