ATGTİ sədri: "Gənclər İlham Əliyev siyasi kursuna alternativ görmür" (MƏQALƏ)

KÖŞƏ
10:20 01.04.2011
2092
Azərbaycanın müstəqilliyinin dayaqlarını sarsıtmaq, dövlətçiliyimizə xələl gətirmək yalnız özünü düşünən və milli mənafeyini hərraca çıxaran şəxslər üçün artıq xarakterik davranışa çevrilib. 
İqtidar və müxalifət anlayışı demokratik cəmiyyətlərdə sağlam rəqabət şəraitində yanaşı çəkilir. Müxalifətin radikal qanadını təmsil edən dairələr isə əfsuslar olsun ki, sivil rəqabət aparmaq imkanından xeyli uzaqdırlar və destruktiv fəaliyyətləri ilə bunu zaman-zaman göstəriblər. Xalqı öz əməllərinə alət etməyə çalışan, qeyri-qanuni yolla hakimiyyəti ələ keçirmək istəyən aqressiv müxalifət bununla da sivil mübarizə apara bilmədiyini göstərmiş olur. Köhnə təbliğat üsullarına üstünlük verən radikal partiya rəhbərləri "bəlkə də qaytardılar" arzusu ilə yaşayaraq azsaylı tərəfdarlarını yalan vədlərlə aldatmaqla məşğuldurlar.

Ötən seçkilərdəki məğlubiyyətlər seriyasından sonra radikal müxalifət fəaliyyətində kardinal dəyişikliklər edib, sivil mübarizə və təbliğat üsullarına üstünlük vermək əvəzinə, yenə də inkarçı mövqe nümayiş etdirməkdədir. Bu radikal dairələrin hələ də ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdan və onun problemlərindən uzaq düşməsi, hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olması, siyasi prinsipsizlik nümayiş etdirməsi bir daha özünü qabarıq göstərdi. Onlar unudurlar ki, "ənənəvi müxalifətçilik" - populizm, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib.

Xarici antiazərbaycan dairələrin tapşırığı ilə ifrat radikal müxalifət ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı 1992-1993-cü illərin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiyini bir daha göstərməkdədir. İddiaları ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin birillik uğursuz hakimiyyət illəri hələ unudulmayıb. Həmin ağır dönəmdə naşı siyasətçilərin yarıtmaz fəaliyyətləri nəticəsində Dağlıq Qarabağda uğursuzluqlara düçar olduq və ərazilərimizin bir hissəsini itirdik. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

İqtidarda olan AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların "özfəaliyyət dərnəyi" yaradaraq dövlətin ozamankı rəhbərliyinə etinasız münasibəti nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədəki vəziyyəti dalana gətirib çıxarmışdı. 1993-cü ilin iyun ayında ozamankı iqtidarın "milli qəhrəman" statusuna qaldırdığı Surət Hüseynovun Gəncədəki qanunsuzluqları, mərkəzi hakimiyyətə tabe olmaması isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, ozamankı iqtidara qarşı inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Ölkəni siyasi xaos və anarxiya burulğanına sürükləmiş "cəbhə hakimiyyəti"nin ayrı-ayrı məmurları yaranmış vəziyyətdə hakimiyyəti qorumaq üçün özfəaliyyətlə məşğul olurdular. Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat iqtidarının ulu öndər Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

Xalqın dəstəyindən məhrum olan radikal müxalifət yenidən mitinq taktikasına üstünlük verib. Yenə də bir qrup adam sosial şəbəkələrdə mitinqöncəsi təbliğatla məşğuldur. 11 mart mitinqi bu radikalların hətta sosial şəbəkələr vasitəsilə belə ətraflarına insanları toplaya bilmədiklərini göstərdi. Bu məğlubiyyətlə barışmaq istəməyən dağıdıcı müxalifət yenidən gənclərə müraciət edərək milli maraqlarımıza zidd addımlar atmağa çağırışlar edirlər.

Hər bir ölkənin olduğu kimi, Azərbaycanın da gələcəyi gənclərdir. Biz inanırıq ki, gənclərimiz dövlətimizin onların inkişafı yolunda apardığı siyasəti dəstəkləyərək xarici qüvvələrin əllərində alət olan bu qüvvələrin çağırışlarına cavab verməyəcəklər. Bizim yolumuzu gözləyən Qarabağımız var. Ona görə də milli maraqlarımıza zidd addım atanlara dəstək vermək, onların fitvasına uymaq Azərbaycan gəncinə yaraşmaz. Əminik ki, növbəti dəfə də xalqımızın gələcəyi olan gənclər bu radikal qüvvələrə öz layiqli yerlərini göstərəcəklər. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulamışdır ki, gənclərə güvənir, arxalanır. Tam əminliklə söyləmək olar ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin tərəqqisi uğrunda bundan sonra da əzmlə çalışacaqlar.

Şahin İSMAYILOV,
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
OXŞAR XƏBƏRLƏR