Oktyabrın əvvəllərində Qazaxıstanın paytaxtı Astana şəhərinin Azadlıq Sarayında IV “KAZENERGY” Beynəlxalq Gənclər Forumu təşkil olunmuşdur. Hər il Avroasiya Forumu ərəfəsində keçirilən Gənclər Forumu gənc nəslin konstruktiv danışıqlar və aktual problemlərin müzakirə məkanına çevrilib. Bu ilki forum “Gənclərin Enerjisi – Qazaxıstanın innovasiya irəliləyişi” şüarı altında keçirildi.
Forumda dünyanın aparıcı neft-qaz və energetika şirkətlərinin rəhbərləri, elm adamları, siyasətçilər, Qazaxıstanın və Azərbaycanın bir sıra gənclər təşkilatlarının nümayəndələri, gənc mütəxəssisləri iştirak etmişlər.
Bildiririk ki, IV “KAZENERGY” Beynəlxalq Gənclər Forumunda ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalı, ittifaqın Ekologiya işçi qrupunun rəhbəri Surxay Novruzlu təmsil edirdi. S.Novruzlu Forumda etdiyi çıxışında regionun energetik təhlükəsizliyinin Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulamışdır. Eyni zamanda ATGTİ-nin ekologiya sahəsində reallaşdırdığı layihələr haqqında iştirakçıları məlumatlandıran nümayəndəmiz, qeyd etmişdir ki, Azəbaycan gəncləri ekologiya sahəsində baş verən dəyişiklikləri yaxından izləyir, aktual ekoloji problemlərə həsslıqla yanaşır və ölkə rəhbərliyi ilə birlikdə ətraf-mühitin qorunmasına səy göstərirlər.
Qeyd edək ki, Forum diskussiya panelləri və yeni formatda olan intellektual oyunlar şəklində təşkil edilmişdi.