'Atlant'da qiymətlər od tutub yanır

Bütün Xəbərlər
16:43 10.08.2012
14165
İyul ayının 23-ü səhər saat 9-da ailəmlə bir yerdə Sumqayıtdan çıxanda istirahət etmək, nə olursa-olsun problemlər barədə düşünməməyə çalışırdım. Hətta gündəlik həyatımın bir hissəsinə çevrilən mobil telefonumu da söndürmüşdüm ki, heç olmasa, istirahətə başlayana qədər beynim dincəlsin, kimsə zəng edib deməsin ki, filan hadisə olub, filan xəbər nə qədər düzdür. Necə deyərlər, fələkdən bir gün çalmaq istəyirdim…

Yolumuz Xaçmaz rayonunun Nabran ərazisində yerləşən “Atlant” Ailəvi İstirahət Kompleksinə idi. (Kompleksini adını çəkməklə onu reklam eləmək fikrim yoxdur, onsuz da o qədər pulları, elə bir qədər də imkanlı müştəriləri var ki, mənim reklamıma ehtiyacları yoxdur – Z.Ə.)

Qısaca arayış verməyi zəruri hesab edirəm. Mərkəzdə restoran xidməti açıq və bağlı 350 nəfərlik, konfrans zalı – İsveç stolu 500 nəfərlik, gəmi bar 60 nəfərlik, bar mağara, hovuz ətrafı yay kafesi, kompüter – internet oyunları, 800 oturacaq yeri olan diskoteka, böyüklər və uşaqlar üçün hovuzlar, böyüklər üçün 10 ədəd akvapark, uşaqlar üçün akvapark, stolüstü oyunlar, tennis və bilyard, avtodrom, uşaqlar üçün əyləncə şəhərciyi, idman məşq növləri, stolüstü xokkey, sauna, salyari, avtoyuyucu, badminton, karting, həlqə, uşaqlar üçün yelləncək, Venetsiyada qayıqla gəzinti, futbol meydançası, basketbol, voleybol, böyük tenis, çimərlik voleybolu, uşaqlar üçün maşınlar, velosiped, tir, peintbol, tibb mərkəzi, bərbərxana, camaşırxana, örtülü maşın dayanacağı fəaliyyət göstərir. Sutka ərzində “Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzi 800 nəfər turist qəbul edə bilir.Məncə, bu qədər arayış yetər.

Üçgünlük dincəlmək üçün bir həftə əvvəl istirahət mərkəzinin əməkdaşı ilə danışıb yer bron eləmişdim. Sövdələşməmiz də belə olmuşdu ki, çatana yaxın zəng edim. Nabrana daxil olan kimi mərkəzin telefonuna zəng elədim, amma səsimə hay verən olmadı. Yalan olmasın, 25 km yolu qət edərkən ancaq həmin nömrəni yığmışam, o biri tərəfdə telefon özünü “öldürsə” də, cavab verən olmadı. Xülasə, bu minvalla gəlib “Atlant”a çatdıq. Adamın Allahı var, içəri daxil olanda bura əməlli-başlı investisiya qoyduqlarına şübhəm qalmadı. Bəlkə də mən bu cür məkanları görmədiyim üçün elə fikirləşdim.

Qeydiyyat mərkəzinin yerləşdiyi binaya daxil oluram. İçəridə 20-25 adam var. Hərə bir tərəfdə sinəsini istirahət mərkəzinin əməkdaşlarının arxasında oturduğu hündür masaya söykəyib növbə gözləyirdi. Yaxınlaşıb yer bron elədiyimi demək istəyirdim ki, “Bu qədər adam var, gözləyin”,- cavabını aldım. Mənim kimi yeni gələnlər sakitcə bir tərəfdə dayanıb öz növbələrini gözləyirdilər. Birdən foyedə səs-küy qalxdı. Şortikli, qısa koftalı, bəzək-düzəkli bir xanım hisslərini cilovlaya bilmirdi: “Bir saata yaxındır ki, burda dayanmışıq, hamınız gözünüzü döyürsünüz. Belə xidmət olar? Sizə konfet kağızı vermirik, o boyda pul sayırıq, bir az cəld olun”.

Sanki digərləri də himə bənd imiş. Dərhal səs-küy salmağa başladılar. Amma istirahət mərkəzinin əməkdaşlarının heç nə vecinə deyildi. Üzlərindən zəhrimar yağdığı üçün adam onlara söz demək istəmirdi. Növbə mənə çatdı, sənədimi alıb ikiotaqlı bir kottecin açarını verdilər. Üç gün iki gecə üçün 160 AZN ödədikdən sonra kompleksin bələdçilərindən birini mənə qoşub qalacağımız ünvana yolladılar. Qapını açıb içəri girən kimi qəribə bir qoxu məni vurdu. Bələdçi dedi ki, bura rütubətli ərazi olduğu üçün otaqlardan belə qoxunun gəlməsi normaldır. Həqiqətən də qapı-pəncərəni bir az açıq qoyandan sonra otağın havası düzəldi. Otaqdakı səliqə-sahman, avadanlıqlar normal idi. Əşyalarımızı yerləşdirib bir az dincələndən sonra çölə çıxıb internet klub axtardım. Sən demə, bizim qaldığımız kottecin beş addımlığında internet klub fəaliyyət göstərirmiş. Qapıya yaxınlaşanda şüşəyə vurulmuş yazı gözümə sataşdı: “4 mqbt internet, 1 saat – 1 manat”. İçəri girib kompüteri açdım. Nəinki 4 mqbt, heç 1 mqbt internet də yox idi. Bir az var-gəl edəndən sonra kompüteri söndürüb interneti işlədən omlana yaxınlaşıb: “Borcum nə qədərdir”, – soruşdum. 20-22 yaşlı bir oğlan heç üzümə də baxmadan “1 manat verəcəksən”,- dedi. 35-40 dəqiqəlik internetə bir manat. Ayrı vaxt İKT-nin bölgələrdə də inkişaf etdiyindən, qiymətin çox ucuz olmasından danışırlar. Bu da Bakının 180 km-liyində internetin qiyməti… Nə isə… Günorta yeməyinin vaxtı idi. Evdəkiləri götürüb yeməkxanaya getdik. Qapıda adambaşı 7 manat alandan sonra içəri buraxdılar. Yemək o qədər də yüksək keyfiyyətli deyildi. Bir neçə sulu yemək, düyü, makaron, qreçka, çəkilmiş ətin qovurması, bir də salatlar. Min şahid gəlsəydi, mənə sübut edə bilməzdi ki, orda bir adam iki manatdan artıq nəsə yeyə bilər. Yəni, Bakının normal restoranlarında o pula daha yaxşı yeyib-içmək olardı. Orda bütün otaqlarda “Atlant”ın ərazisində yerləşən milli restoranın broşurası var idi. Bəzi qiymətləri oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Bir nəfər üçün Mürəbbə, şokolad, ləbləbi, çay – 16 manat; Kofe – 2 manat; Kərə yağı, pendir – 2 manat; Soyutma yumurta 2 əd.- 1 manat; 1 litrlik qazlı su – 1 manat; Toyuq supu – 3 manat; Toyuq saciçi – 6 manat; Quzu saciçi – 7 manat; Kabablar – 6-7 manat; Balıq kababı – 10 manat; Monastr sayağı balıq – 20 manat; “Sevgilim” çaxırı – 10 manat; “İvanovka” çaxırı – 6 manat; “Efes” pivəsi – 3 manat; “Müller” pivəsi – 3 manat; “Xırdalan” pivəsi – 2 manat.

Bütün bunlar bir tərəfə… Axşamüstü qaprız-pendirlə yemək üçün çörək almaq istədim. Dedilər ki, istirahət mərkəzi ilə üzbəüz kafedə təndir çörəyi satılır. Yaxınlaşıb bir çörək istədim. Çörəyi açıq şəkildə mənə uzadan ofisiant “İki manat verəcəksən”, – dedi. Soruşdum ki, çörəyi qoymağa bir şey yoxdur? “Lazımdırsa, 1 manata təşkil edərik”,-cavabını verdi. Orda mənə elə gəldi ki, bu ərazidə Azərbaycan valyutasında qəpik olduğunu unudublar. Çünki burdan cibimdə qalan 50 qəpiyi geri qaytardım. Həmin 50 qəpiyə orda heç nə vermirdilər… Nabranda gördüklərimi, bahalığı dostlarımdan birinə danışanda maraqlı bir söz dedi. Dedi ki, o cür yerlərdə qiymətlərin baha olmasını yuxarı təbəqənin nümayəndələri, yəni milyonlarla insana çatacaq var-dövləti ciblərinə dolduran bir qrup adam eləyir. Məqsəd də odur ki, belə istirahət məkanlarında yalnız özləri olsunlar. Daha hansısa mənim kimi bir jurnalist gəlib burda öz ailəsi ilə dincəlməsin ki, sonra da gedib şikayətlənsin. Ötən il Qubadan qayıdandan sonra “Vətəndə turist olanlar” başlıqlı yazı yazmışdım. Budəfəki istirahətimin finalı bu yazı ilə bitdi. Yəqin ki, varlılar haqlıdırlar, bizə elə yerlərə getmək yaraşmır. Axı dəbdəbəli həyat onlara aiddir…

//Zaur Əhməd(MİA)

OXŞAR XƏBƏRLƏR