Finlandiya Azərbaycan Assosiasiyası və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Avropanın yerli və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirmiş və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırmışdır.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin Almaniya Federativ Respublikasının Parlamenti – Bundestaqa ünvanlanmış müraciətində son günlər cəbhə xəttində yaranmış gərgin vəziyyət nəticəsində 13 azərbaycanlı hərbçinin ermənilər tərəfindən qətlə yetirildiyi bildirilmiş, beynəlxalq ictimaiyyətin məsələyə biganə yanaşmamasının zəruriliyi qeyd edilmişdir.
Müraciətdə deyilir: "Artıq neçə illərdir ki ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətində irəliləyiş yoxdur və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində effektiv nəticələr əldə olunmur. Əgər hələ də münaqişə nəticəsində insanlar həyatını itirirsə bu dondurulmuş münaqişə hesab edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü pozula bilməz və BMT-nin bütün müvafiq qətnamələri işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edir".
Finlandiya Azərbaycan Assosiasiyasının nümayəndələri Finlandiya Parlamentinin bir qrup deputatı ilə görüş keçirmişdir. Görüş zamanı diaspor nümayəndələri son günlər Ermənistan ordusunun bölmələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və düşmən ölkənin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd etməsi deputatların diqqətinə çatdırmışdır.
Finlandiya Azərbaycan Assosiasiyasının üzvləri baş vermiş hadisələrə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin biganə qalmasından təəssüf hissi keçirdiklərini bildirmişlər. Diaspor təşkilatının nümayəndələri Finlandiya kimi humanist bir dövlətin baş vermiş hadisələrə biganə qalmayacağını və insan tələfatına səbəb olan bu təxribatlara obyektiv qiymət verəcəyinə inandıqlarını bildirmişlər.
Finlandiya parlamentinin üzvləri ölkələrimiz arasında sıx dostluq, iqtisadi, mədəni əlaqələr mövcud olduğunu bildirmiş, Finlandiyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu diaspor nümayəndələrimizin diqqətinə çatdırmışlar. Habelə deputatlar təmas xəttində atəşkəsin pozulmasından narahat olduqlarını vurğulamış və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunacağına ümid etdiklərini bildirmişlər.