Avropa “ikili standartlar”ını niyə dəyişmir? – Mövqe

SİYASƏT
16:20 22.09.2014
955

Avropalı parlamentarilər sentyabrın 18-də qəbul etdiyi qətnamə ilə Azərbaycana qarşı qərəzlərini növbəti dəfə nümayiş etdiriblər.

Azərbaycanın öz müstəqillik dönəmində siyasi və iqtisadi sahələrdə ardıcıl islahatlar həyat keçirdiyi, vətəndaş cəmiyyətini təşəkkülünə yönəlik ciddi addımlar atdığı ölkəyə səfər edən xarixi dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən nüfuzlu ekspertlər tərəfindən dəfələrlə diqqətə çatırılıb.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycana birmənalı əks münasibət bəsləyən çevrələr Avropa miqyaslı bir sıra qurumlarda öz qərəzlərini müxtəlif əsassız qərar və qətnamələrin qəbulunda müntəzəm təzahür etdirirlər.

Bu yanaşmanın daha bir nümunəsi ötən gün ortaya çıxdı - Avropa Parlamentində Azərbaycana qarşı orada təmsil olunan müəyyən deputatların subyektiv mülahizələrinə əsaslanan qətnamə qəbul olunub.

Azərbaycanın təmsil olunmadığı və bu səbəbdən, qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamentində obyektivliyi əks etdirməyən belə bir qətnamənin qəbulu təbii ki, yüksələn xətlə inkişaf edən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə heç bir fayda vermir.

AP-də qəbul edilən bu qətnamə Azərbaycana qərəzini açıq büruzə verən çevrələrin təşəbbüsü ilə hazırlanaraq təqdim və qəbul edilən ilk sənəd olmamaqla yanaşı, həm də sənəd müəlliflərinin ermənipərəst dairələrin sifarişi əsasında fəaliyyət göstərdiklərini təsdiqləyən növbəti addımdır.

Xatırladaq ki, bundan əvvəl 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə, tələm-tələsik Azərbaycanla əlaqədar qərəzli qətnamələr müzakirəyə çıxarılaraq təsdiqlənmişdi. 2014-cü il sentyabrın 18-də qəbul edilmiş qətnamə də eyni üslubda hazırlanaraq qəbul edilib.

Azərbaycanın beynəlxalq əhəmiyyətinin artdığı bir şəraitdə Avropa Parlamentinin belə bir qətnaməyə qol qoymasının arxasında ermənipərəst çevrələrin xüsusi canfəşanlıq etmələri şübə doğurmur.

Bununla belə, sözügedən nüfuzlu qurumun özünü ermənilərin əlində alətə çevirməsi təəssüf doğuran haldır.

Eyni zamanda, Azərbaycanın yerləşdiyi regionda beynəlxalq vəziyyətin kəskinləşməsi, bu çərçivədə Qərblə Rusiya arasında gərginliyin sürətlə artması fonunda belə bir qətnamənin qəbul edilməsi Avropanın da maraqlarına qətiyyən uyğun deyil.

Bəhs olunan qətnamədə əks olunmuş iradlarda yer alan ultimativ ton və tələblər də davamlı müstəqil siyasət yürüdən Azərbaycan üçün yolverilməz olmaqla bərabər, o sənədin qəbulunda xüsusi fəallıq göstərənlərin səbatsızlığını və Azərbaycanın beynəlxalq rolunu azaltmaq niyyətlərini açıq göstərir.

Qətnamədə Azərbaycan Cinayət Məcəlləsinin konkret maddələri əsasında barələrində həbs qətimkan tədbiri seçilmiş bəzi QHT rəhbərlərinin dərhal azadlığa buraxılmalarına dair tələblər isə o sənədi hazırlayanların hüquqa və milli qanunvericiliyə hörmətsizliyinin nümunəsidir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsində qəti mövqe nümayiş etdirməyən, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyinə etina göstərməyən Avropa Parlamenti işğalçı tərəflə “xalq diplomatiyası” çərçivəsində əməkdaşlıq edən, konkret ittihamlar əsasında həbs olunan Leyla Yunus, Arif Yunus və digər şəxslərin azadlığa buraxılmasında bu qədər təkid etməklə şübhəli davranır.

Təbii ki, Avropa Parlamenti və onun mövqeyində olan başqa beynəlxalq strukturlar beynəlxalq hüquqa və insan amilinə gerçək dəyər versəydilər, o zaman Azərbaycan ərazilərinin 20 faizi 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında qalmaz, bu təcavüz nəticəsində yurd-yuvalarından qaçqın düşən bir milyona qədər azərbayxalı öz vətənində hələ də didərgin həyatı yaşamazdı.

Qətnaməyə daxil edilmiş sərbəst toplaşmaq, özünüifadə azadlığı və digər məsələlərə dair iradlar da avropalı parlamentarilərin özünəxas blefindən başqa bir şey deyil. Hər halda, 2011-ci ildə Britaniyada baş vermiş iğtişaşlar, ABŞ-da “Uoll striti zəbt et” kampaniyası, Almaniyada kütləvi etiraz aksiyalarının dağıdılması, son olaraq isə ABŞ-ın Ferqyuson şəhərində vətəndaşların gülləbaran edilməsi Qərb ölkələrinin həmin dəyərlərə nə qədər “sayğı”lı olduqlarını göstərib.

Qətnamə layihəsinin müəllifi olan Avropa Parlamentinin 46 deputatının, o cümlədən, onların Azərbaycandakı informatorlarının kimliyi bu sənədin hansı şəraitdə və hansı məqsədlə hazırlandığı haqda tam təsəvvür yaradır. Görünən budur ki, başqa cəbhədə qərarlaşan digər “5-ci kolon”un təmsilçiləri həmin qətnamənin ortaya gəlməsində “vəzifələrini” var gücü ilə icra ediblər.

Aydındır ki, qətnamədə əks olunan məlum müddəalar ilk olaraq AXCP və Milli Şuraya bağlı mediada dövriyyəyə buraxılır və daha sonra qərəzli beynəlxlaq təşkilatların Azərbaycan əleyhinə sənədlərinin hazırlanmasında “məlumat bazası” kimi istifadə olunur.

Amma belə sənədləri Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmək cəhdləri artıq heç bir nəticə verə bilməz. Çünki bu tip qətnamələrin necə, kimlər tərəfindən və nə üçün hazırlandığını hər kəs bilir. İlk növbədə də onların müəllifləri… /// gun.az

OXŞAR XƏBƏRLƏR