Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı - Azərbaycana da yaxınlaşır?

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı - Azərbaycana da yaxınlaşır?
SOSİAL
09:43 29.06.2026
290
Avropanı bürüyən ekstremal istilər ciddi fəsadlara səbəb olub. Belə ki, Fransada isti hava ilə əlaqədar ölənlərin sayının min nəfərə yaxınlaşdığı bildirilir, Almaniyada isə insanları sərinlətmək üçün küçələrdə xüsusi texnikalar vasitəsilə su səpilir.

Dəhşətli istilərin səbəbi nədir? Azərbaycanda da bu cür hava şəraiti gözlənilirmi?

AZXEBER.COM xəbər verir ki, "globalinfo.az”a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayevin sözlərinə görə, Cənub-Qərbi Avropada son illərin ən isti iyun günləri müşahidə olunur:

"Bu cür ekstremal istilər həmin regionlar üçün adi hal deyil. Çünki bu ərazilər səhra zonası deyil və əhali belə yüksək temperatur şəraitinə öyrəşməyib. Müşahidə olunan istilərin əsas səbəbi qlobal iqlim dəyişiklikləri və Sakit okeanda baş verən, "Super El-Ninyo” adlandırılan okean səthinin güclü isinməsidir. Son 30-40 ildə bir neçə dəfə qeydə alınan bu hadisə bu il daha güclü təsir göstərərək dünyanın müxtəlif bölgələrində temperaturun artmasına, bəzi ərazilərdə isə yağıntıların çoxalmasına səbəb olur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş də bildirib ki, "Super El-Ninyo” Sakit okeanın ekvatorial hissəsində baş versə də, onun təsirləri qlobal xarakter daşıyır. Bu proses okean sularının isinməsinə, uzun illər ərzində formalaşmış okean axınlarında dəyişikliklərə və quru ərazilərdə müxtəlif iqlim fəsadlarına səbəb ola bilər”.

Ekspert bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə yağıntıların nisbətən artacağı bölgələr sırasındadır:
 
"Lakin bu, yalnız ehtimal xarakterli proqnozdur. Bununla yanaşı, ölkəmizdə yay aylarında temperaturun 40 dərəcəni keçməsi də mümkündür. Dəqiq proqnoz vermək üçün isə hələ tezdir. Buna baxmayaraq, əhali yüksək temperatur şəraitinə hazır olmalıdır. Xüsusilə son illər Abşeron yarımadasında şəhərətrafı qəsəbələrdə tikilən fərdi evlərdə həyətlərin demək olar ki, tamamilə üzlük daşı ilə örtülməsi narahatlıq doğurur.

Bir çox hallarda yaşıllıqlara yer ayrılmır və həyətlərdə cəmi bir neçə dekorativ ağac əkilir. Halbuki yaşıllıqlar havanın temperaturunu aşağı salır, daş örtüklər isə əksinə, istiliyi toplayaraq hiss olunan temperaturu 2-3 dərəcə artırır. Vətəndaşlara tövsiyə edərdim ki, həyətlərdə tut, əncir, üzüm kimi arid iqlimə uyğun meyvə ağacları əkərək yaşıllıq sahələrini artırsınlar. Əks halda, daş örtükləri sərinlətmək üçün əlavə su sərf olunacaq ki, bu da su israfına, rütubətin və həşəratların artmasına səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, temperaturun yüksəlməsinin digər ciddi nəticələrindən biri də meşə yanğınları riskinin artmasıdır:

"Xüsusilə iynəyarpaqlı ağacların üstünlük təşkil etdiyi ərazilərdə bu təhlükə daha yüksəkdir. Çünki həmin ağaclar efir yağları ilə zəngin olduqlarından tez alışırlar. Bu baxımdan meşə yanğınları həm Avropa, həm də Azərbaycan üçün aktual risk olaraq qalır”.
OXŞAR XƏBƏRLƏR