Hindistanın cənubundakı Andxra-Pradeş ştatında turist avtobusunun yanması nəticəsində azı 44 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 05.00 radələrində, Banqalordan Heydərabada gedən “Jabbar Travels” şirkətinin “Volvo” avtobusunda baş verib. Avtobusda 49 sərnişinin olduğu bildirilir.
Yanğından sağ qurtulan sürücü bildirib ki, o, yüksək sürətlə ötmə hərəkəti edərkən avtobusun dizel yanacağı ilə dolu çəni drenaj borusuna dəyib və partlayıb. Dərhal yanğın başlayıb. Avtobusun qapıları kilidləndiyindən sərnişinlər bayıra çıxa bilməyiblər.
Polis sürücünü həbs edib. Sağ qalan 3 sərnişin xəstəxanaya çatdırılıb.