AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, təkcə avtomobil sahibinin deyil, həm də etibarnaməsi olan digər şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq.
Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, nəqliyyat vasitəsinə görə etibarnaməsi olan şəxslərin sayından asılı olaraq, sığorta haqqı ən çox risk əmsalı olan şəxsin əmsalına görə hesablanacaq.
Əvvəllər sürücülər maşını digər şəxslərə etibarnamə ilə verdikdən sonra onların adından avtosığorta etdirərək, yüksək məbləğlə sığorta haqqı ödəməkdən yayına bilirdilər. Lakin tətbiq olunacaq qaydalara əsasən, artıq bu mümkün olmaycaq.
Ekspert həmçinin sığortanın hesablanması qaydasında aparılan bu dəyişikliklərin, gələcəkdə sığorta xidmətinin və davamlılığının inkişafına müsbət təsir edəcəyini qeyd edib.











































