“Azərsu” boru partlamasına görə metropoliteni günahlandırır, qazıntını aparan işçilər iddiaları rədd edir
Mayın 21-i Bakı Beynəlxaq Avtovağzalı ərazisində qəza baş verib. Ərazidən keçən iri diametrli içməli su borusunun partlaması nəticəsində avtovağzal ərazisini su basıb. Qəza nəticəsində avtovağzala daxil olan və çıxan avtobus və minik maşınlarının hərəkətinə maneələr yaranıb. Baş verən partlayış nəticəsində Biləcəri dairəsini də su basıb. Maşınların hərəkətini tənzimləmək üçün əraziyə xeyli sayda Yol Patrul Xidməti maşınları cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə əraziyə texnika cəlb olunub.
Hadisə yerində olan “Azərsu” ASC-nin içməli suyun paylanması departamentinin rəisi Yaşar Əhmədov qəzanın səbəblərinə dair jurnalistlərə açıqlama verib. O, bildirib ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında yeni metrostansiyanın tikintisi ilə əlaqədar işi aparan təşkilatlar tərəfindən qazıntı işləri həyata keçirilib. Lakin əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, ehtiyatsızlıq üzündən qazıntı işləri zamanı Biləcəri nasos stansiyasından 9-cu mikrorayna gedən 1000 millimetrlik içməli su borusu zədələnib: “Su verilişi dayandırılıb. Hazırda xəttin bərpası işləri gedir. Xətt qısa müddət ərzində təmir olunacaq və suyun verilişi təmin olunacaq”.
Qeyd edək ki, qəza saatında avtovağzal ətrafında yerləşən yaşayış evlərinə də suyun verilişi dayandırılıb. Y.Əhmədov bildirdi ki, avtovağzal yaxınlığında yerləşən evlərə verilən suyun dayandırılmasının boruda baş verən qəza ilə heç bir bağlılığı yoxdur: “Bu boru mağistral xətdir. Bu xəttin üzərində təlabat yoxdur. Xətt birbaşa su anbarını doldurmaq üçün nəzərdə tutlub. Xəttin bərpası bir iki saata tamamlanacaq”.
Y.Əhmədov sonda qeyd etdi ki, yerin səthinə çıxan su pompalar vasitəlisə sovrulub təmizlənəcək.
Qeyd edək ki, ərazidə avtovağzalın tikintisini aparan briqada işçiləri borunun tikinti işlərinə görə zədələnməsi iddialarını rədd etdilər.Onlar bildirdilər ki, boru köhnə olub və qaynaq olunan hissəsindən zədələnib. (musavat.com)