Sığorta şirkəti məhkəmə qərarını da icra etmir
“AXA MBASK” sığorta şirkəti ödəməli olduğu məbləği vətəndaşa verməkdən imtina edir. Şirkət sığorta məsuliyyətini həyata keçirmək əvəzinə vətəndaşa ən müxtəlif mülahizələr söyləyir, amma birbaşa vəzifəsini icra etməkdən boyun qaçırır.
Buna görə də vətəndaş - Şirvan şəhəri, Fizuli küçəsi döngə 4, ev 54 A ünvanında yaşayan Mirsəfa Paşa oğlu Həmidov Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya müraciət ünvanlayıb. M.Həmidov yazır ki, “AXA MBASK” Sığorta Şirkəti ASC-nin özbaşınalığından, qanunlara sayqısızlığından cana doyub:
“AXA MBASK” SŞ ASC sığorta şirkətinin sahibi kimdirsə, kimə güvənirsə, kimə arxalanırsa leysan yağış nəticəsində dağılan evimin tikintisinə pul ödəmir. 2014-cü il 11 noyabr tarixində Şirvan şəhərinə yağan şiddətli leysan yağış yaşadığım evi dağıdaraq ciddi zədələdi. Evimi “AXA MBASK”da sığortalamışdım. Sığorta hadisəsi baş verdiyindən müvafiq sənədləri toplayıb şirkətə təqdim etmək üçün Şirvan İcra Hakimiyyətinə müraciət etdim. Başçının 1-ci müavini, şəhər fövqəladə hallar komissiyasının sədri Samid Abıyev komissiya üzvləri ilə yaşadığım evə baxış keçirdi və həqiqətən də evimin leysan yağışdan qəzalı vəziyyətə düşməsi barədə rəsmi arayış verdi. Sənədi sığorta şirkətinə təqdim etdim. Şirkət pulu ödəmədi. Mənə evimin qəzalı vəziyyətə düşməsindən dəyən ziyanı ödəməkdən yayınmaq üçün Şirvan İcra Hakimiyyətindən verilən arayışa saxta adı qoydular. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Departamentinə müraciət etdim. Departamentdən həmin gün şiddətli leysan yağış yağmasını təsdiq edən arayışı da “AXA MBASK”a təqdim etdim. Bu dəfə isə dedilər ki, sizə dəyən ziyanı ödəmirik".
Vətəndaş sığorta şirkətinin hərəkətlərinin qanunsuz hesab edilməsi və dəyən ziyanın ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib:“İddiam əsasında şikayətimə baxıldı. Məhkəmə aidiyyəti qurumlardan baş verən təbii fəlakət barəsində sorğular verib cavablar aldı. Bundan sonra 22 iyul 2016-cı il tarixdə qərar qəbul etdi ki, ”AXA MBASK" mənə dəymiş ziyanı ödəməlidir. Amma sığorta şirkəti yenə də deyir ki, məhkəmə nə qərar verirsə versin pulunuzu ödəməyəcəyik. Sizdən xahiş edirəm bu məsələni araşdırın. Sığorta şirkəti 2 ildir 5 nəfərdən ibarət ailəmi qışın soyuğunda, qarlı-yağışlı günlərdə qəzalı evdə yaşamağa məcbur edir. Bu sığorta şirkəti qəti şəkildə ölkə qanunlarını saymır".
Məsələ ilə bağlı “AXA MBASK”-la əlaqə saxladıq. Şirkətdə məsələyə münasibət bildirən olmadı. (musavat.com)