Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.
Vəkil deyib ki, İctimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi mitinq zamanı həbs olunaraq 5 sutka azadlıqdan məhrum edilən Sahib Rüstəmliyə Nəsimi Rayon Polis İdarəsində işgəncə verilib: “Rəis müavini Süleyman Nemətov Sahib Rüstəmlini döyərək qabırğasını sındırıb. O, Travmatologiya İnstitutunda müayinədən keçirilib və qabırğasının sındığı təsdiqlənib, bununla bağlı tibbi arayış verilib. Biz həmin arayışı, fotoları da Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdik. Məhkəmədən işgəncə faktlarının tanınmasını və qanunu pozanların cəzalandırılması üçün məsələnin prokurorluğa göndərilməsini tələb edirdik. Eyni zamanda dəymiş zərərə görə dövlətin Sahib Rüstəmliyə 12 min manat təzminat ödəməsini istəyirdik.
Lakin hakim Əflatun Qasımov şikayəti təmin etmədi. Hakim soruşdu ki, Sahib Rüstəmlinin qabırğasını polisin sındırdığına dair sübutlarınız varmı. Mən onun nəzərinə çatdırdım ki, vətəndaş polis idarəsinə sağ daxil olub qabırğası sındırılmış formada çıxıbsa, bunu kimin etdiyini dövlət araşdırmalıdır. Biz işgəncə faktını təsdiqləyən sübutları məhkəməyə təqdim etmişdik. Məhkəmə işgəncə faktına münasibət bildirməli idi. Gözünün qarşısında olan işgəncə faktını qiymətləndirməmək məhkəməyə başucalığı gətirmir”.
Əsabəli Mustafayevin sözlərinə görə, mayın 3-də Sahib Rüstəmli Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində dindirilib: “Biz onun bölməyə getməsinin əleyhinə idik. Çünki 22-ci bölmə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovun birbaşa tabeçiliyində olan qurumdur. 22-ci bölmə obyektiv araşdırma apara bilməz. Sahib Rüstəmlinin bölməyə getməsini istəmirdik. Lakin bu, araşdırma aparılmasından imtina kimi qiymətləndirilə bilərdi deyə Sahib Rüstəmli bölməyə getdi.