Ay uğrunda böyük qarşıdurma başlayır – ABŞ, Çin və Rusiya hərəkətə keçdi

Ay uğrunda böyük qarşıdurma başlayır – ABŞ, Çin və Rusiya hərəkətə keçdi
DÜNYA
06:00 05.10.2026
180
Ay uğrunda qlobal rəqabət yeni mərhələyə keçir.

ABŞ, Çin və Rusiya gələcək Ay bazaları, enerji infrastrukturu və təbii resurslara çıxış imkanları üzərində işləyir.

"The New York Times”ın məlumatına görə, NASA Ay şəraitində işləyə biləcək nüvə reaktorunun hazırlanması istiqamətində işləri sürətləndirir.

NASA-nın rəsmi məlumatları da nüvə energetikasının ABŞ-nin Ay proqramında əsas istiqamətlərindən birinə çevrildiyini göstərir. NASA və ABŞ Energetika Nazirliyi 2030-cu ilə qədər Ay səthində nüvə parçalanması əsasında işləyən reaktor yerləşdirməyi planlaşdırır. Belə enerji sistemi Günəş işığından və temperatur şəraitindən asılı olmadan uzun müddət fasiləsiz elektrik enerjisi verə bilər.

Çin və Rusiya isə Beynəlxalq Ay Tədqiqat Stansiyası – ILRS layihəsi çərçivəsində əməkdaşlıq edir. Rusiya tərəfinin bu layihədə əsas istiqamətlərindən biri nüvə energetikasıdır. Moskva və Pekin Ayda yaradılması nəzərdə tutulan bazanın enerji təminatı üçün nüvə reaktorundan istifadə imkanlarını nəzərdən keçirir.

Məsələnin əsas istiqamətlərindən biri Ayın cənub qütbüdür. Bu bölgədə su buzu ehtiyatlarının olduğu müəyyənləşdirilib. Bu resurs gələcəkdə yalnız insanların ehtiyacları üçün deyil, oksigen və raket yanacağının istehsalı baxımından da mühüm əhəmiyyət daşıya bilər.

"The New York Times” yazır ki, bu yarış kosmosun gələcək mənimsənilməsinin istiqamətini müəyyən edə bilər. ABŞ və Çin Ayda baza yaratmaq, donmuş su kimi resursları araşdırmaq və gələcəkdə Günəş sisteminin daha uzaq nöqtələrinə missiyalar həyata keçirmək niyyətindədir.
 
///musavat.com///
OXŞAR XƏBƏRLƏR