6 dekabr tarixində tanınmış və sevilən ifaçı, Əməkdar artist Aybəniz Haşımovanın "Azdrama”da möhtəşəm solo konserti baş tutub.
4 saatdan artıq davam edən coşqulu solo konserti A. Haşımova rəhbəri olduğu Sənət Akademiyasının tələbələri-Həsən, Xalid, Müzəffər, İnci və digərləri ilə birlikdə reallaşdırıb.
"Biri sənsən, biri mən” adlanan solo konsert Sənət Akademiyasının tələbələrinin "Heyratı”nın sədaları altında səhnələşdirilmiş kompozisiyası ilə başlayıb.
Sonra sənətçi tamaşaçıların arasından səhnəyə doğru irəliləyib və ilk mahnısını ifa edib.
İfasından sonra həyəcanını gizlədə bilməyən sənətçi səbəbini belə izah edib:
"40 ildən çoxdur səhnəyədəm, sənətdəyəm, heç zaman da özümə görə həyəcan keçirməmişəm. Ancaq istadadlı tələbələrim olan Sənət Akademiyasının tələbələri oxuyanda, səhnəyə çıxanda çox həyəcanlanıram, ürəyim döyüntüdən az qalır yerindən çıxa…Onlarla fəxr edir, qürur duyuram”.
Qeyd edək ki, səhnəyə qalxarkən A. Haşımova tanınmış sənətçi, Xalq artisti Nisə Qasımovanı da özü ilə birlikdə səhnəyə çıxarıb.
N. Qasımova da öz növbəsində A. Haşımovanın böyük sənətə malik olduğunu, hər zaman sənətdə olmalı, oxumalı olduğunu bildirib.
"Mən bu gün həm də onun gözəl ürəyinə görə buradayam”– deyə, N. Qasımova sözlərinə əlavə edib.
A. Haşımova sonra səhnəyə, sənətə gəlişinə görə bacısı, tanınmış sənətkar, Xalq artisti Şahnaz Haşımovaya, həmçinin, bir sənətçi kimi yetişməsində, püsxtələşməsində əvəzsiz xidmətlərə malik Xalq artistləri Şövkət Ələkbərova ilə Arif Babayevə, o cümlədən, sənət ulduzunun parlamasında böyük əməyi olan – "Dan ulduzu” ansamblının yaradıcısı və ilk bədii rəhbəri Gülarə Əliyevaya minnətdarlığını bildirib.
Həmçinin, Ş.Ələkbərova ilə G.Əliyevanın ruhları qarşısında baş əydiyini, onlara minnətdar olduğunu və olacağını vurğulayıb.
"Bir gün gözəl sənətçimiz, bacım bildiyim Firuizə İbadova zəng etdi ki, bəs səni Gülarə xanım axtarır, səni ansamblına dəvət etmək istəyir. Həmin vaxt mən hələ çox tanınmamışdım, sənətdə yeniydim, tələbəydim, bu, mənim üçün həm gözlənilməz, həm də böyük etimad idi.
Gülarə xanım mənim ikinci anam idi. Məni qızı qədər çox istəyirdi. Hərdən gec olanda, qoymazdı getməyə, deyərdi ki, gedək bizdə qal. Mən tərəddüd etsəm də, yenə də əl çəkmirdi və məni evlərinə aparırdı. Hətta deyirdi ki, çəkinib-eləmə, Adili (həyat yoldaşını) göndərərəm bağ evinə, ürəyin istəyən kimi qalarsan. O, belə bir insan, böyük sənətkar idi. Bugünkü konsertimdə də onu müşaiyət etdiyi və son illər ifa etmədiyim mahnılardan bir neçəsini oxuyacam…”-deyə, A. Haşımova bildirib.
A. Haşımova dediyi kimi də edib, uzun illər öncə G. Əliyevanın müşayiəti ilə ifa etdiyi bir neçə mahnısını gözəl ifasında yenidən səsləndirib.
A. Haşımov bununla yanaşı, sənətdəki uğurlarına görə mərhum dövlət başçəsı Heydər Əliyevə minnətdar və ruhuna duaçı olduğunu söyləyib:
"Bildiyiniz kimi, mən Gəncədənəm. İlk vaxtlar, Bülbül adına orta-ixtisas Musiqi Məktəbində oxuyarkən çox darıxırdım, Gəncəyə, ailəmin yanına qayıtmaq istəyirdim. Bakıda qala bilmirdim. Bunu eşidən kimi Ulu Öndər göstəriş və tapşırıq vermişdi ki, mütləq qalıb Bakıda təhsilini, sənətini davam etdirsin.
Bu gün sənətdəyəmsə, səhnədəyəmsə, öz sözümü deyə bilirəmsə, buna görə Ulu Öndərimizə borcluyam. Onun üzərimdəki əməyini, zəhmətini, qayğısını heç zaman unutmaram”.
Bundan sonra həm A. Haşımova, həm Sənət Akademiyasının tələbələri bir-birindən gözəl mahnılar ifa edib, musiqi nömrələri təqdim ediblər.
A. Haşımova həm Azərbaycan bəstəkarlarının, xüsusilə, mərhum Ramiz Mirişli ilə Oqtay Kazıminın bəstələrini, həm də türk manhılarını ifa edib, dinləyicilərini riqqətə gətirib, həm həyəcanlandırıb, həm də kövrəldib.
Konsertdə maraqlı məqamlardan biri sənətçinin məşhur türk mahnısı "Bir şarkısın sen”i qızı Aynişanla birlikdə ifa etməsi olub.
Maraqlı məqamlardan biri də sənətçinin bacısı, Xalq artisti Ş. Haşımova ilə səhnəni paylaşması, məşhur "Sarı bülbül” mahnısını birlikdə oxuması olub.
İfadan sonra Ş. Haşımova "Mən bu gün ilk dəfə olaraq hamının gözü qarşısında bacıma böyük sənətkar deyə müraciət edirəm. O, bir bacı kim mənə əziz və doğmadır, mənim övladım kimidir, bu, öz yerində. Ancaq bu gün ona böyük sənətkar deyə müraciət edirəm. Bu günə kimi heç zaman bu sözü deməmişdim, amma bu gün deyirəm, Aybəniz öz sənəti ilə böyük sənətkardır”-deyə, bildirib.
Digər maraqlı məqamlardan biri sənətçinin Əməkdar artist, gözəl sənətkar Firuzə İbadovanı səhnəyə dəvət etməsi, onunla birgə mahnı ifa etməsi olub.
F. İbadova da A. Haşımovanın sənətini yüksək dəyərləndirdiyini, onu özünə çox doğma və əziz bildiyini deyib:
"Aybəniz həm də ona görə sevirəm ki, o, bizim ustadımız-korifey sənətçimiz Şövkət xanımın əziz ruhunu, xatirəsini yaşadır. 20 ildən çoxdur ki, Şövkət xanımla bağlı ən müxtəlif layihələri həyata keçirir, onun əziz xatirəsini anır, yad edir. Bu, Aybənizin böyüklüyüdür”.
Eyni zamanda, sənət gecəsinin-solo konsertin maraqlı və duyğulu anlarından biri Sənət Akademiyasının tələbələrinin vətənpərvərlik ruhunda mahnılar ifa etməsi, xüsusilə, hərbçilərlə bir yerdə Azərbaycanın dövlət himnini səsləndirməsi olub.
Bu, dinləyicilər, tamaşaçılar tərəfindən gurultulu və sürəkli alqışlarla qarşılanıb.
Onu da qeyd edək ki, 4 saatdan artıq davam edən sənət gecəsində- solo konsertdə tanınmış sənətkarlar-Əməkdar artist Nuriyyə Hüseynova, Xalq artistləri Bəsti Cəfərova ilə Mələkxanım Əyyubova, o cümlədən, Əməkdar artist İftixar Piriyev, sevilən gənc sənətçi Rövşən Əziz və digərləri iştirak ediblər.