Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşü davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmış teatrşünasların, rejissorların fikirlərini oxuculara müntəzəm olaraq təqdim edir. Bu dəfə tanınmış rejissor, ssenarist Aydın Dadaşov festivalla bağlı öz fikirlərini bölüşüb.
-Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş gənclərin I Ümumrespublika Teatr Festivalının gənclərə nə kimi faydalar verəcəyini düşünürsünüz?
- Əsas fayda ondan ibarətdir ki, əlaqələr yaranacaq. Mədəniyyət və İncəsənət universiteti tələbələri və müxtəlif teatrların nüməyəndələri, başqa sahələrdə çalışan insanlar bu festival sayəsində bir yerə toplanacaq, tanış olacaqlar. Mənim hər bir festivala münasibətim müsbətdir. Çünki festival yaradıcılar, fərdlər arasında ünsiyyət yaradır, potensialları ortaya çıxarır. Xüsusilə gənclər bir–birlərini tanımır, bu festival onlar üçün çox gözəl fürsətdir. Teatr festivalı bir sənət bayramıdır. Hər kəs öz repertuarıyla, öz sənətiylə bir-birinin qarşısına çıxacaq. Mən inanıram ki, festival öz missiyasını yerinə yetirəcək.-Vətənpərvərlik mövzusuna həsr olunması haqqında nə düşünürsünüz?- Respublikamızın ən böyük problemi torpaq azadlığıdır. Və torpaq azadlığına həsr olunmuş pyeslər, tamaşalar, mahnılar və.s həmişə gündəmdədir. Festivalın da vətənpərvərlik mövzusunda olması onu diqqət mərkəzinə çevirəcək. Düşünürəm ki, belə festivallar tez-tez keçirilməlidir. Bütün kollektivə uğurlar arzulayıram.Ülkər Eldarqızı,
azxeber.com