Tofiq Abbasov,
"New Baku Post" qəzetinin baş redaktoru
Avropa İttifaqının Vilnüsdə keçiriləcək zirvə toplantısı ərəfəsində baş vermiş hadisə sensasiya yaratdı.
İntriqanı qızışdıran Aİ-nin keçmiş sovet respublikaları ilə təsis etdiyi “altılıq” layihəsinin vəziyyətindəki gözlənilməz dönüş etməsi oldu. Hələ ən yaxın zamanlarda Avropanın aparıcı simaları “Şərq tərəfdaşlığı”nda hər şeyin sabit axarda getdiyini əsas tutaraq bildirirdilər ki, Avrasiya məkanında yeni durum formalaşmaq üzrədir. Amma belə olmadı. Tək ona görə yox ki, Ukrayna Avropa İttifaqı ilə inteqrasiya sazişini imzalamağa tələsmir. Rəsmi Kiyev və ya İrəvan Aİ ilə münasibətləri rəsmiləşdirməsələr də, tərəflər arasındakı münasibətlərin kəsilməsində də maraqlı deyillər.
Azərbaycan da sözügedən tərəfdaşlığın fəal iştirakçılarındandır. Lakin Ukrayna və Ermənistandan fərqli olaraq rəsmi Bakı hər məsələni, gözlədiyi dəyişikliyi dəqiq ölçüb-biçib və indi də bəyan edir ki, Aİ ilə münasibətlərin konstruktiv məcrada davamında israrlıdır. Bakının bu davranışı Kiyevlə İrəvanın anlaşılmaz və səs-küylü yanaşmasının fonunda yeganə fərq deyil. Digər mühüm fərqlilik odur ki, əvvəla, Azərbaycan bütün məsələləri şəffaf şəkildə müzakirə edir, reallıqdan uzaq vədlər vermir, qlobal proseslərdə ikitərəfli münasibətləri üstün tutur, bloklar arasında, konkret desək, Avropa ilə Gömrük İttifaqı arasında seçim etmir.
Postsovet məkanına daxil olan 6 dövlət Aİ ilə münasibətləri vacib sayır və tərəfdaşlığı təsadüfən qonşuluq formatına oturtmurlar. Sözügedən “6-lıq” həqiqətən də coğrafi baxımdan birliyə yaxındır və ona görə də, münasibətlərin perspektivini aydınlaşdırmağa ehtiyac duyulur. Lakin perspektivlər nə qədər vacibdirsə, əlaqələrin hazırkı vəziyyəti də bir o qədər böyük əhəmiyyət kəsb edir. Məhz bu amili rəhbər tutan rəsmi Bakı İttifaqla münasibətlərində elə nizam yaradıb ki, tərəflərdən heç biri eyforiyaya qapılmır.
Azərbaycan birləşmiş Avropanın postsovet məkanında ən vacib tərəfdaşlarındandır. Brüssellə Bakı arasında ticari əlaqələr ilbəil genişlənir və bu, mal dövriyyəsində də əksini tapır. Əsas göstərici ondan ibarətdir ki, ikitərəfli formatda Azərbaycanın siyasi rəhbərliyi sırf iqtisadi tərkibi önə çəkir və siyasi alverin yaranmasına qətiyyən rəvac vermir. Halbuki, postsovet dövlətlərinin əksəriyyəti əksini etməklə, yəni, siyasi məqsədləri vacib sayaraq manevr eşqinə düşməklə olduqca dolaşıq vəziyyət yaradıblar. İlk olaraq buna rəvac verən Gürcüstan oldu, sonra Moldova. Bunların ardınca isə Ermənistan və Ukrayna da siyasi intriqanı qəlizləşdirmək fikrinə düşdülər.
Belarusun isə Aİ ilə spesifik münasibətlərinin olması deməyə əsas verir ki, onların formatında fərqli durum mövcuddur. Minsk Brüsselin bir neçə təzyiq cəhdini dəf edəndən sonra məlum oldu ki, prezident Aleksandr Lukaşenko, ümumiyyətlə, tərəfdaşlıq layihəsindən çıxa bilər. Bu xüsusiyyət Minskin Moskva ilə münasibətlərində də özünü büruzə verdiyindən, Brüssel bir qədər geri çəkilib hətta kövrək əlaqəyə belə, “hə” deməyə məcbur oldu.
Azərbaycan fenomeni göstərir ki, Bakı ən praqmatik yolu tutub və ikitərəfli əlaqələrin yeni sahələri əhatə etməsinə, bir qayda olaraq, böyük meyillə yanaşır, problemlərin hərtərəfli müzakirəsini vacib sayır. Düzdür, Aİ rəhbərləri, birliyin müxtəlif qurumları vaxtaşırı Bakıya təzyiqlər göstərməkdə kifayət qədər fəallıq göstərdilər. Bu, ənənəvi hal almasın deyə, Azərbaycan rəhbərliyi ölçülü-biçili, dəqiq siyasətinə müdaxilə cəhdlərinə birmənalı etiraz etdi və nəticədə Brüsseldə anladılar ki, öz axarı ilə gedən proseslərə lazımsız müdaxilələr yalnız işin ziyanına olacaq, fəsad gətirəcək. Azərbaycan diplomatiyası bu kontekstdə erməni lobbisi amilini də lazımi səviyyədə tərkisilah etdi və mövqelərdə tam aydınlaşma yaranmağa başladı.
Bu gün demək olmaz ki, Bakı-Brüssel formatında hər şey yüksək səviyyədədir. Bəli, problemli məqamlar var, amma hər iki tərəfin ekspert və xüsusi nümayəndələri onları müzakirə və mübadilə yolu ilə həll edirlər. Tam bəlli olan budur ki, Aİ Bakıya verdiyi vədi yerinə yetirəcək, yəni, viza rejimini ən yaxın zamanda sadələşdirəcək, məsələ hüquqi formada həllini tapacaq.
Digər tərəfdən, Azərbaycan demokratik təsisatlar çərçivəsində də, qarşılıqlı anlaşma prinsipinə uyğun olaraq, həllini gözləyən məsələləri qarşı tərəflə müzakirə etməyə yaxındır. İqtisadi bölümdə tam şəffaf şərait mövcuddur. Brüssel daim vurğulayır ki, Azərbaycan Aİ üçün əvəzolunmaz partnyordur və enerji problemlərinin, həmçinin import və eksportun tədricən tənzimlənməsi üçün münasib şərait yaranıb.
Bu səbəbdən Azərbaycanın “Şərq tərəfdaşlığı” sammitində layiqli iştrakı təbiidir. Mövcud durum səlist diplomatiyanın məntiqi nəticəsidir və onu təqdir etmək tam yerinə düşür.