Aysel Əlizadə 8-ci mikrorayona köşə həsr etdi

KÖŞƏ
13:42 17.03.2011
2275
Belə məsuliyyətsizlik dünyanın daha hansı ölkələrində var? Xahiş edirəm bilənlər mail atsınlar: [email protected]/* */ İşimizin adı nədir, onlardan da yazarıq. İntəhası var. Başqasının gözündə çöp axtarmaq üçün gərək öz gözündəki tiri görəsən. Tir də ki, nə boyda. 6 ildir bu ərazidə yaşayırıq. Səmimi deyirəm, bu rayonda yaşayan indi dünyada hansı dövr olduğunu anlamaz tv-si , qəzeti, neti olmasa. Problemsiz günü yoxdur bu rayonun. Arada qaz normallaşır, çox şükür deyib qollarımızı çırmalayırıq ki hamama girib bir “həmişə təmizlikdə” də qazanaq, qəfildən qaz şam işığına dönür yenə olur köhnə hamam, köhnə qaz. Su səhər-axşam verilir. Su gələndə də qaz şam kimi yanır. Gəl tök üstündəki kiri, çim görüm necə çimirsən. Biz indi guya paytaxt adamlarıyıq da, əlimiz bala batıb, şəhərli olmuşuq, Bakıda yaşayırıq. Ay-hay. Binəqədi rayonu nə vaxtdan Bakı olub? Binəqədi rayonu elə Binəqədi rayonudur. Zibil əlindən tərpənmək olmur burda. Baxmayın ki, paytaxtın ən böyük rayonudur, problemlərdə heç başqa rayonlardan geri qalmır. Yüz ildir Azərbaycanda işıq, su, qaz və zibil məsələsi gündəm mövzusu ola bilir. Klassikaya çevrilib. Sən allah bizim klassikamıza bax. Elə bilirsiz danışmırıq, demirik? Keçən dəfə qaz idarəsinə zəng vurub bacardığımız qədər əsəbləşdik. Çi fayda . Jekə gedib bir xeyli çıxış etdik. Bizim binanın zibillikləri bağlandı bağlanmağına.

Ancaq qonşu binalar necə vardısa elə də qaldı. Birinə deyirlər sən əsl demoqoqsan. Deyir elədir ey, ancaq nə olsun, qiymətləndirən ki, yoxdur. Yoox, çox elə də pessimist olduğumuzu düşünməyin. Ağ günə çıxacağımıza bir umud yaranıb. Binalarımızı ağardırlar. Nə olsun ki, gün ərzində su olmur. Sakinlər özləri çirkli olsalar da, binaları kənardan təmiz və bəyaz görünəcək. Əsas olan da budur! Məsələ qazla, zibillə bitmir. Bitsəydi inanın heç bu mövzunu dilimə alıb danışmazdım. Yan-yörədə nə qədər uşaq bağçası, meydança, məktəb həyəti var hamısı satılıb, obyektə çevrilir. Məktəblilərin day düzlənməyə həyəti yoxdur. Düzlənmək dövrü keçib? İndi Sovet dövrü deyil hə? Uşaq neynir həyəti. Komsomol yox, oktyabrat yox “düzlən, farağat” kimə lazım. Uşaq zəhmət çəkib girsin məktəbinə bağrı yarılana kimi üşüsün, donub getsin xarabasında qızınsın. Bax yenə dediyim mətləbə gəlib çıxdıq. Qızınmaq. Necə qızınsın?! Qaz yox, Qızdırıcı yox. “Otopleniya” istisinə həsrət qaldı bu camaat. 21-ci əsrdə, inkişafa doğru sürətli addımlarla irəliləyən ölkəmizdən danışıram. Qışın yarısı keçdi gözlə ki gözləyəsən. Birdən xəbər yayıldı ki, gözünüz aydın istilik sistemi işə düşür. Düşdü nə düşdü. Otaqlarımızın yarısında istilik oldu, yarısında yox. Ha maraqlandıq ki, nə işdir, dedilər qəza var düzələcək. Hələ də düzəlir. Bütün külfət yığışıb bir otaqda yaşadı bu qış bizim binada. İş bununla da bitmir, bitsəydi heç bu köşəni yazmayacaqdıq. Lənət olsun, deyəcəkdik. Böyük bir stadionumuz vardı. Rəhmətə getdi. Yerində Tennis Federasiyası düzəltdilər. Olsun, sözümüz yox. Tennis lap yaxşı. Arada gedib bir raketkada biz yellədərik havada. Ancaq futbol stadionu dönüb tennis federasiyası olursa, demək bu bir işarətdir. Yəni ki, futbola da bir quş. Yəqin belə məsləhətdir. Buna da söz deməzdik. Əgər ki, hava almağa, spor yapmağa bir yerimiz olsaydı. İç-içə olan binalar, obyektlər əlindən nəfəs almaq mümkün deyil. Axşamlar millət gedib stadionda gəzişirdi nə mağıl, uşaqlarımız enerjilərini futbol oynamaqla, qaçmaqla atırdılar. Həm əgər biz futbolumuzu ayağa qaldırmaq istəyiriksə meydançaların sayını artırsaq daha yaxşı olmazmı?

Tennisə yazılmağa da hər ailənin gücü çatmır onsuz da. Qiymətlər məlum. Bizdən tennisçi də olmaz bu gedişlə. Bir az ona görə qanımız qaralır. Yoxsa heç yazmazdıq bu köşəni heç. Boş şeydir. Gəzməyə də uzaq başı yaxınlıqdakı “Heydər Parkı”na gedərdik, havalanardıq özümüzçün. Sözün əsl anlamında havalanardıq. Ora getmək də həngamədir. Gərək süpürgə, xəkəndaz da gətirəsən özünlə. İçərisində də bir hovuz var, bir hovuz var, suyunu axırıncı dəfə nuh əyyamında dəyişiblər. İy verib iylənir. Uşaqlar yayda hoppanıb orda çimiblər, uşaqdılar da, su çəkib, elə bir xəstəlik tutmuşdular ki, sağalması zor. Hamı o hovuza yaxın getməyə qorxdu o vaxtdan. Belə yaşayırıq buralarda. Binamızı necə gəldi ağardan ustaların tör-töküntüsü ortalıqda. Gecələr zirzəmidə ulaşan, hürüşən itlərin səsi bizimlə birgə bu binada yaşayan siçovulları da narahat etmir artıq. Həyətimizdə avara-avara gəzən, az qala evimizə soxulan pişikləri yemləməklə məşğuluq. Nəsə binamızın siçovullarına pişiklərimizin tamahı düşmür. Mehriban-mehriban bir-birimizin xətrinə dəymədən ömür sürürük hamılıqla. Nə ola, ola... Təki vətən sağ olsun!


Aysel ƏLİZADƏ [email protected]/* */, 525-ci qəzet

OXŞAR XƏBƏRLƏR