Sən gərək biz diriləri bağışlayasan. Bu gənc vaxtında böyüklük səndə qalsın. Bunu səndən istəmək haqsızlıqdır bilirəm. Amma qüsurlarını üzlərinə vurmaq üçün sənin onları bağışlamağın şərtdir.
Bilirəm, o gədənin sənə vurduğu 8 bıçaqdan daha çox yerdə qalan o digərlərinin kürəyinə sapladığı bıçaq zərbələri canını daha çox ağrıdır. Onu da bilirəm ki, imkanın olsa idi, heç şübhəsiz, onlara cavab verərdin. Nə baş verdiyini bir-bir anladar və utandırardın hamını.
“Qızın özündədir günah”, “O qız ağıllı qız olsaydı, oğlanla görüşməzdi”, “O qızın valideynləri hara baxırdı?” və buna bənzər statuslarla, şərhlərlə sənin üzərinə gələn o kəslərin üstünə yerimək istərdin yəqin ki. “Bəsdirin, saplamayın bu bıçaqları kürəyimə” deyə bar-bar bağırardın üzlərinə.
Amma nə faydası. O bıçağa sarılan əllər o qədər çoxdur ki, adam sayını itirir. Və onların qulaqları sənin səssiz bağırtını duymayacaq qədər kardır; o qədər qeybət, şər-böhtan eşidib ki, çirkabdan tutulub. Eşitmirlər səssiz bağırtılarını, duymurlar “bəsdirin susun artıq!” nidanı...
Çünki onların beyinləri səhərlər efirlərdə ailə modelindən, qeyrətdən danışıb, gecələr oliqarx çocuklarının məclislərində bir göz him-cimi ilə VİP otağa yollanıb səhərə qədər bu oğlanlara “xidmət” göstərən o manıslardan öyrəndikləri “intellektual” bilgilərlə dolub.
*** Sənə 8 bıçaq zərbəsi vuran İzzətin də qulaqları çirkabla dolu idi. İtmişdi beyni ilə ürəyi arasındakı rabitə. Niyə də itməsin? Axı o da bu zəmanənin çocuğudur. Əslində o da o oliqarx uşaqlarının məclislərində məzə olan “intellektual”ların qurbanıdır.
İnan mənə, onun kimi, bütün əzələlərini əyninə geyindiyi dar köynəklə göstərməyə çalışan, yağ içində üzən saçlarını gözünün üstünə tökən, darbalaqlı gənclərlə doludur bu məmləkət. İzzət də onlardan biridi. Onun həyatda yeganə özünütəsdiq məkanı, dostları ilə səhər ona təsadüfən çiyni dəyən oğlana “ponyatka” başa saldıqları məktəbin arxasındakı şam ağacının altı idi.
Heç şübhə etmirəm ki, sonuncu dəfə sənə anlatmaq istədiyi “ya mənim olmalısan, ya qara torpağın” iddiasını da kimdənsə oğurlayıb. Əslində “qara zindan” mahnısı ilə məhbəsin o qədər səfalı və yaşanmalı yer olduğunu ona təlqin ediblər ki, məqsədlərindən bəlkə də ən birincisi elə ora getmək idi.
***
O gün o səni həmin səkinin kənarında gözləyəndə qulağındakı qulaqcıqda, yol boyu təkrar-təkrar səsləndirdiyi “ya mənim olmalıdır, ya heç kimin” mahnısını dinləyirdi. Sən yaxınlaşanda nəqaratda “ona məndən başqa kimsə nəzər salmamalı” ifadəsi gənc “qəhrəman”ı artıq cuşa gətirmişdi...
Aranızdakı məsafə qısalan kimi “o insanı öldürərəm...” hökmü bax belə verildi...
Güclü idi həmin gün. Cibində bıçağı, beynində öldürmək qəsdi, qulağında o mahnı...
*** Əslində sən bağışlmalısan hamımızı. Səndən sonra gələcək nəsillər də bizi bağışlamalıdır. Sizin kimi minlərlə gəncə “sevgi nağılı” danışan, zindanların səfasını anladan, “yaxşı oğlan” cibində bıçaq gəzdirməlidir ideyasını beyinlərə yeridən, serialları ilə hamınızı zəhərləyən böyükləri bağışlamlısınız. Bağışlamalısınız ki, kimin kim olduğunu görək. Bəlkə onda qulaqlarımız həqiqəti eşidə bildi...