"Azərbaycan övladı qorxaqdı. O hər şeydən qorxur" (KÖŞƏ)

KÖŞƏ
10:48 28.04.2011
2198

  Qəribə burasıdır ki, cəmiyyətdə belə bir fikir də mövcuddur ki, Avropa və Amerika valideynləri övladlarına kifayət qədər sevgi ayıra bilmir və hətta sevmir övladlarını.

Qərb valideyni çalışır ki, uşağı artıq 16-18 yaşlarında öz şəxsiyytini formalaşdırsın və öz iqtisadi müstəqilliyini əldə etsin. Tam sərbəst bir individual olsun. Uşağa iş həyatı, psixoloji davranışlar və s. ilə bunu təmin etməyə çalışır. Azərbaycan gənci isə 25 yaşına hətta bəzi zamanlar 30 və daha artıq yaşlara qədər ailədən asılı qalır. Müstəqillik əldə edə bilmir. Nəticədə, cəmiyyətdə yerini tam tapa bilmir. İnsanların gənc yaşlarından işləməsi bizdə "Qərb uşağını sevmir və əziyyət verir" deyilir. Amma Qərb uşağını sadəcə bir müstəqil şəxsiyətə çevirməyə çalışır.

 Şahid olduğum bir səhnə: Amerikalı bir ana və təqribən 3-4 yaşlı bir övladı. Ana pakda oturub uşaq isə oynayır. Anaya zəng gəlir. Təcili getməlidir. Durur ayağa uşağa səslənir. Biz getməliyik gəl. Uşaq isə gördüyü bir heykələ heyrətlə baxır. Ana yaxınlaşır uşağa biz gecikirik xahiş edirəm gəl. Uşaq anaya baxır sonra başı ilə yox işarəsi edərək heykələ. Ana gözləyir. 2-3 dəqiqə keçir. Yenidən uşağa biz getməliyik gecikirik xahiş edirəm gəl gedək. Uşaqdan səs gəlmir. Proses 20 dəqiqəyə yaxın davam edir. Və sonda uşaq heykəldən uzaqlaşır ananın əlindən tutur və gedirlər. İnanmıram ki, Azərbaycan valideyini uşağına bu qədər çox səbr, qayğı, sevgi, və gələcək ayıra bilər. Bu hal yəqin ki bizdə olsa uşağın döyülərək və məcbur edilərək anaya tabe olması ilə nəticələnərdi. Adi bir hal kimi görünsədə bu qərb anası həmin uşağını gözləməklə ona çox böyük bir gələcək verdi. (Bunun gələcək üçün psixoloji nəticələrini nəzərdə tuturam)

 Azərbaycan övladı qorxaqdı. O hər şeydən qorxur. Uşaq vaxtı anasından, atasından fiziki və mənəvi zərbələr alır. Bir şəxsiyyət kimi hörmət olunmur. "Uşaqsan uşaq yerini bil" sözləri bəlkə də ən çox eşitdiyi sözlərdir. Daha sonra məktəb vaxtı müəllimlərinin danlaqları və çoxu zaman da onların mənəvi və fiziki zərbələri. Universitetə gəldikdə isə yeni qadağalar, yeni zərəbələr. Valideyndən, müəllimindən, ətrafından, böyüklərdən ifrat qorxu (hörmət adı altında). Daha sonra isə dövlət baba və onun təzyiqləri ona şəksiz, şübhəsiz itaət və ondan qorxmağa başlamaq.

 Budur Azərbaycan gəncinin taleyi. İndi uşaqlıqdan bəri böyüyünə hörmət edən (o səhv olsa belə), qorxu və təzyiq altında böyüyən, heç vaxt fikirləri soruşulmayan bir gənclikdən, şəxsiyyətini tam formalaşdırmayan bir gənclikdən böyük bir şeylər gözləmək də düzgün olmaz. Bu uşağın, bu yeniyetmənin, bu gəncin heç vaxt öz qərarı olmayıb. Seçim haqqı olmayıb, sadəcə itaət. Və nəticədə şəxsiyyəti tam formalaşmamış insanlar. O gördüklərini də gələcəkdə tətbiq edəcək öz uşaqlarına. Onları itaətə məcbur edəcək. Yolda da bir az fərqli insan görəndə "gənclərimiz yaman pozulub" deyəcək.

Azərbaycan uşaqların görsədilən qayğı bu səviyədədir.

Təşəkkürlər valideyinlərimiz, təşəkkürlər müəllimələrimiz, təşəkkürlər dövlətimiz... Biz sizlərin məhsuluyuq!!!

Qeyd: Bu dediklərim bütün gəncliyə aid deyil, yəqin ki, çoxluğa aiddir.

 

Xəyyam NAMAZOV 

OXŞAR XƏBƏRLƏR