Azərbaycanın işğal altında olan ərazilərində inşa olunan aeroportu Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının növbəti müstəqillik atributu kimi təqdim etməyə çalışır. Rəsmi Bakı isə Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsinin uçuşlar üçün qapalı zona sayıldığını bəyan edib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov da Azərbaycanın xəbərdarlığına məhəl qoymadan Xankəndi aeroportuna uçuş edən təyyarələrə qarşı fiziki məhvetmə tədbirlərinin görüləcəyini bəyan edib. Bəs Azərbaycanın Dağlıq Qarabağa uçuş edəcək təyyarələri vuracağı ilə bağlı bəyanatından sonra Ermənistan öz hava məkanını Azərbaycan təyyarələrinin üzünə bağlaya bilərmi? Qeyd edək ki, Azərbaycan Ermənistan üzərindəki, həmçinin bu ölkə də Azərbaycan üzərindəki beynəlxalq koridorlardan istifadə edir. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a bildirdi ki, Qarabağ hərbi münaqişə bölgəsi olduğuna görə, onun üzərindəki hava məkanı bağlıdır. O, Xankəndinə ediləcək uçuşla bağlı AZAL-ın da Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət ünvanladığını söylədi. M.Səfərlinin sözlərinə görə, bunun qarşılığında Ermənistan öz hava yolunu Azərbaycan təyyarələrinin üzünə bağlaya, yaxud təyyarələrimizi vura bilməz: “Bu, beynəlxalq hüquq normalarına ziddir. Hər şey beynəlxalq qanunlarla tənzimlənməlidir. Xankəndi Azərbaycanın ərazisi olduğu üçün Azərbaycan hava məkanına icazəsiz daxil olan təyyarələri vura bilər”.
AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan üzərindən keçən beynəlxalq hava koridorlarıdır ki, bundan da bütün dünya istifadə edir: “Ermənistan bizim təyyarələri vursa, beynəlxalq qanunları pozmuş olacaqlar. O halda Azərbaycan da öz hava məkanını Ermənistan təyyarələrinin üzünə bağlaya bilər. Azərbaycan isə Naxçıvana İranın üstündən uçub gedə bilər, bu məsələ çoxdan həll edilməli idi. Hava məkanını Azərbaycan təyyarələrinin üzünə bağlaması Ermənistanın özü üçün problem olacaq. Azərbaycan da hava məkanını bağlayacaq və nəticədə onlar da bizim hava məkanından keçib gedə bilməyəcəklər. Ermənilər Rusiyaya, havadarlarının yanına uçmaq üçün Asiyadan keçməli olacaqlar”. Ermənistan təyyarələrinin Dağlıq Qarabağa uçmaq istəyinə gəldikdə isə, Ə.Əliyev buranın Azərbaycana məxsus olduğunu vurğuladı: “Ermənilər Dağlıq Qarabağdakı torpaqları işğal ediblər, hava məkanımızı işğal etməyiblər. Azərbaycan beynəlxalq qanunlara əsaslanıb öz hava məkanından icazəsiz uçuşlara imkan verməməlidir. Azərbaycanın ixtiyarı var ki, hava məkanından qeyri-qanuni istifadə edən təyyarəni məhv etsin. Azərbaycan hava məkanının işğalını sakitcə seyr etməməlidir, edəcəksə, əlbəttə, ermənilər həyasızcasına hava məkanımızı pozacaqlar və bizə məxsus olan Qarabağda uçuşlar edəcəklər. Bununla bağlı konkret tədbirlər görmək lazımdır!”
Yeri gəlmişkən, ermənilər indiyədək Azərbaycan səmasında üç vertolyotumuzu vurublar. 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında hərbi helikopteri atəşə tutublar və nəticədə Azərbaycanın 19 görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər həlak olub. 1992-ci ilin yanvarında Ağdam-Şuşa marşrutu ilə uçan mülki vertolyot Şuşa şəhəri yaxınlığında ermənilər tərəfindən vurulub və əksəriyyəti qadın və uşaqlar olmaqla 44 nəfər həlak olub. 1994-cü ilin martında isə Xankəndi səmasında İranın “Herkules” təyyarəsini raketlə vurublar. Təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olub.
Məsələni anspress.com-a şərh edən politoloq Zəfər Quliyev isə bildirib ki, Ermənistan Xankəndi aeroportundan həm dinc əhalinin uçuşu üçün, həm də Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini nəzərə alsaq, hərbi məqsədlərlə, hərbi təyyarələrin uçuşu və silah-sursatın Dağlıq Qarabağ ərazisinə daşınması üçün istifadə edə bilər: “Bu baxımdan Azərbaycanın prinsipial mövqeyi başa düşüləndir. Azərbaycan bir müstəqil dövlət kimi öz hava məkanında suverenlik və təhlükəsizliyini qorumalıdır. Xankəndi aeroportu ilə bağlı qəti mövqe nümayiş etdirilməlidir. Bunun üçün xəbərdarlıq atəşi açıla bilər, hava məkanına nəzarəti ələ almaq üçün hərbi təyyarələr havaya qaldırıla bilər. Yəni elə bir addım atılmalıdır ki, ermənilər bizim niyyətimizdə qəti olduğumuzu başa düşsünlər”.
Röya RƏFİYEVA
musavat.com