Ötən şənbə Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən dava milli zəmində baş verməyib. Bunu ANS-ə açıqlamasında Azərbaycanın bu şəhərdəki baş konsulu Qüdsi Osmanov bildirib.
“Sadəcə olaraq hər tərəfdən iki nəfər arasında balaca savaş olub. Bıçaqla vurublar. Ölüm hadisəsi yoxdur, Azərbaycan vətəndaşları xəstəxanadadırlar və hər şey də normaldır. İndi bu məsələdə cinayət tərkibi varsa, araşdırma nəticəsində öz nəticəsini tapacaq. Dalaşanlar adi azərbaycanlılardır. Onlar Lənkəran rayonundandırlar", deyə Q. Osmanov qeyd edib.
Xatırladaq ki, ötən həftənin şənbə günü gecə Rusiyanın Sankt-Peterburq şəhərinin Kupçino rayonunda ermənilərlə azərbaycanlılar arasında dava düşüb. ANS PRESS-in Rusiya mətbuatına istindən verdiyi xəbərə görə, münaqişə Kupçino küçəsində yerləşən kafedə qeydə alınıb.
Tərəflər arasında baş verən mübahisə sonradan bıçaqlaşma ilə nəticələnib. İki Azərbaycan vətəndaşı münaqişə nəticəsində döş və qarın nayihələrindən bıçaq xəsarətləri ilə Canelidze adına təcili tibbi yardım xəstəxanasına çatdırılıb.
Hazırda fakt üzrə təhqiqat aparılır, cinayət işinin qaldırılması məsələsi müzakirə olunur.
ANS PRESS-in Piter.tv-yə istinadən verdiyi xəbərə görə isə tərəflər arasında münaqişə etnik ədavət zəmində baş verib. Məlumata görə, tərəflər hisslərini saxlaya bilməyiblər və nəticədə dava düşüb. Ermənilər sayca üstün olublar və soyuq silahdan istifadə ediblər. Nəticədə iki azərbaycanlı xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.