Azərbaycan ordusunda dəhşətli işgəncə faktları üzə çıxdı

Azərbaycan ordusunda dəhşətli işgəncə faktları üzə çıxdı
Bütün Xəbərlər
06:56 28.12.2010
3239

 

 

Üst-üstə 38 il cəza alan hərbçilərin şok cinayət əməlləri «Bizim Yol»da

 

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə bu il yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş vermiş qanlı olayla bağlı məhkəmə araşdırması başa çatdı.
Hakim Rəşid Hüseynovun sədrlik etdiyi prosesdə müttəhimlər kürsüsünə hərbi hissənin artilleriya divizionunun komandiri, mayor Vələd Qurbanov, mayor Vazeh Babayev, kapitan Fuad Mütəllimov, baş leytenant Rüstəm Əhmədov və kiçik çavuş Əli İmanov çıxarılıb. Müttəhim hərbçilər bu il yanvarın 28-də həmin hərbi hissədə baş vermiş qanlı olaydan sonra həbs olunublar.

 

Respublika Hərbi Prokurorluğunun apardığı istintaq zamanı həbs olunan zabitlərə Cinayət Məcəlləsinin rüşvət almaq, tabeliyindəki  əsgərləri təhqir etmək, döymək və işgəncə vermək, hakimiyyətdən sui-istifadə etmək kimi maddələri ilə ittiham olunublar.

 

Qurbanovun qurbanları

Artilleriya divizionunun komandir müavini mayor Vələd Qurbanova verilən ittihama görə, o, 2009-cu il avqustun əvvəllində əsgər Asiman Allahverdiyevi otağına gec gəldiyinə görə yumruq və təpiklə döyüb, ailəsinin ünvanına küçə söyüşləri söyüb. Bundan başqa, o, ayrı-ayrı tarixlərdə batareyanın gün növbətçiləri təyin olunmuş əsgərlər Babək Məmmədovu və Xəyal Mikayılovu da eyni motivlə təhqir edərək döyüb. Həmin ilin sentyabr ayında divizionun yeməkxanasında sobaçı əsgər Elnur Hümmətov qazanın altını yanacaqla deyil, odunla yandırdığına görə Qurbanov əsgəri cəzalandırıb. O, əvvəlcə əsgəri yumruqla, təpiklə döyərək yerə yıxıb, sonra yerdən qaldıraraq divara çırpıb və təpikləməkdə davam edib.
Oktyabr ayının əvvəllərində divizionun yeməkxanasına daxil olarkən aşbaz əsgərlər Şahin Yumuxovun, Rauf Şükürovun və Pərviz Namazovun yeməyə yerkökü qatmamalarını bəhanə gətirərək onları əsgərlərin qarşısına gətirərək təpik və yumruqla döyüb, ailələrinin ünvanına təhqirlər deyib. Həmin ayın sonlarında Qurbanov qərargah binasının pilləkənləri ilə aşağı düşərkən onunla qarşı-qarşıya gələn əsgər Asiman Allahverdiyevin yaxasından yapışaraq məhəccərə çırpıb, “məni tapdalayacaqsan?” deyərək əsgərə boynundan yumruqlar ilişdirib və onu təpikləyə-tərikləyə pilləkənlərdən aşağı itələyib.

Mayor əsgərin başında külqabı sındırıb

Həmin ilin dekabr ayının 15-də V.Qurbanov divizionun yeməkxanasında aşpaz əsgər Kazım Vəliyevin keyfiyyətsiz yemək bişirməsini bəhanə gətirərək onu əsgərlərin gözü qarşısında təhqir edib, başına yumruqlar vurub.  Dekabr ayının ortalarında əsgər Azər Babayev sıraya gecikdiyinə görə Vələd Qurbanov əsgərlərin gözü qarşısında onun sifətini yumruqlayıb.
Dekabrın 20-də xidməti otağına daxil olarkən stolun üstünün yığışdırılmamasından qəzəblənən Qurbanov əsgər Elvin Əliyevə təmizlik işi aparmamasını irad tutub. O, masanın üstündəki külqabını əsgərə tərəf tullayıb, külqabı əsgərin başına dəyərək yerə düşüb və çilik-çilik olub. Əsgər əyilərək yerdən külqabı çiliklərini yığmaq istəyib, Vələd Qurbanov əsgərə yaxınlaşaraq boyun nahiyəsindən tutmaqla onu döşəməyə sıxıb və yumruqlayıb.

Cinayətkar zabitlər cəzalandırıldı

 

Təqsirləndirilən şəxslər eyni üsulla hadisə baş verən vaxta kimi 100-dən çox əsgəri döyüb, söyüb, təhqir ediblər. Təqsirləndirilən şəxslərin əməlləri bu ilin yanvarın 28-ə kimi davam edib.
Həmin tarixdə hərbi hissədə silahlı insident baş verib. Insident zamanı zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyev qətlə yetirilib. Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasov isə yaralanıb. Hadisəni törətmiş əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov ölüb. Bu iş üzrə hərbi hissənin zabitləri Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazma oğlu cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin hökmü ilə Vələd Qurbanov 12 il, Vazeh Babayev 9 il, Fuad Mütəllimov 4 il, Rüstəm Əhmədov 12 il, Əli İmanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər./// bizimyol.az

OXŞAR XƏBƏRLƏR