Azərbaycan Prezidenti 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib
Bütün Xəbərlər
17:07 27.05.2011
1623

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir.

Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.

Prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək, 93 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublikanın yaranmasını tarixi hadisə kimi səciyyələndirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyev cümhuriyyətin cəmi iki il yaşadığını, bundan sonra sovet dövrünün başlandığını qeyd etdi və dedi ki, bütün çətinlik və ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur.

İyirmi il əvvəl yenidən bərpa olunmuş müstəqilliyimizin ilk illərinin çətin keçdiyini, o vaxt respublikamızda gedən proseslərin ölkəmiz üçün böyük təhlükə olduğunu deyən Prezident İlham Əliyev həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın Azərbaycanı iflic vəziyyətinə saldığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qısa müddət ərzində bütün xoşagəlməz hallara son qoyuldu. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başladı. Dövlətçiliyimizin əsasları da məhz 1993-cü ildən sonra formalaşdı.

Prezident İlham Əliyev 1993-2003-cü illərin Azərbaycanın inkişafı üçün həlledici illər olduğunu deyərək, bundan sonrakı dövrdə də ölkəmizin böyük nailiyyətlərə imza atdığını və bunun statistik rəqəmlərdə də öz əksini tapdığını qeyd etdi. Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, regional müstəvidə təsir imkanlarımız artıb. Siyasi islahatlarla yanaşı iqtisadi sahədə böyük uğurlar əldə edilib. Son 7-8 ildə ümumi daxili məhsul və sənaye istehsalı təxminən 3 dəfə artıb, yoxsulluq 5 dəfə azalıb, ölkəmizdə 1 milyona yaxın yeni iş yeri açılıb. Prezident İlham Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq dövlət büdcəsinin 20 milyard dollara çatdığını bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, son illər Azərbaycanda uğurlu enerji siyasəti aparılıb. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik, digər ölkələrin də enerji təhlükəsizliyinə töhfə veririk.

Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması sahəsində də xeyli işlərin görüldüyünü deyən dövlətimizin başçısı ölkə qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu söylədi. Bildirdi ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt yol verməyəcəkdir.

Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik etdi.

Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etmişdir.

 

OXŞAR XƏBƏRLƏR