Azərbaycan Tələbələr Birliyi Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv oldu

GƏNCLİK
20:03 13.11.2010
3250

 

Birlikdən AZXEBER.COM-a verilən məlumata görə,Sentyabrın 6-12-də reallaşan tanışlıq səfərində Avropa Tələbələr Birliyinin nümayəndə heyəti Azərbaycan Tələbələr Birliyi, dövlət strukturları, beynəlxalq təşkilatlar, universitet rəhbərlikləri və digər QHT-lərlə görüşlər keçirib. Səfərin sonunda nümayəndə heyəti tərəfindən hesabat hazırlanıb. Avropa Tələbələr Birliyinin noyabrın 1-6-da İsrailin Tel-Əviv şəhərində reallaşan 59-cu İdarə Heyətinin Toplantısında ölkəmizə səfər zamanı hazırlanan hesabat toplantı iştirakçılarına təqdim olunub. Toplantıda 37 ölkədən olan 44 milli tələbə birliyinin birgə müzakirələri əsasında Azərbaycan Tələbələr Birliyinin Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv olması qərara alınıb.

Qeyd edək ki, üzvlüklə bağlı keçirilən səsvermə zamanı heç bir ölkə əleyhinə səs verməyib. Azərbaycan Tələbələr Birliyi Cənubi Qafqaz ölkələri arasında Gürcüstandan sonra təşkilata üzv olan ikinci ölkədir. ATB Avropa Tələbələr Birliyinin 38-ci ölkədən 45-ci üzvüdür. Avropa Tələbələr Birliyi öz sıralarında 11 milyondan çox tələbəni birləşdirir. Bu qurum Avropa Şurası, Avropa Komissiyası, Bolonya qrupu kimi təşkilatların ali təhsil sahəsində rəsmi tərəfdaşıdır.

OXŞAR XƏBƏRLƏR