Azərbaycan XİN vətəndaşları Yəmənə səfər etməməyə çağırır

Bütün Xəbərlər
11:37 22.02.2011
1582

AZXEBER.COM portalının portalının XİN-in internet saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda deyilir ki, fevral ayından başlayaraq Yəmənin paytaxt Səna və Ədən şəhərlərində hökumət əleyhinə nümayişlər və polislə nümayişçilər arasında iğtişaşlar başlayıb. İğtişaşlar nəticəsində yaralananlar, çoxlu sayda həbs olunanlar və öldürülənlər olub. XİN təhlükəsizlik baxımından Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf bölgələrinə səyahətlərin təxirə salınmasını tövsiyə edir: “Yəmən ərazisində Beynəlxalq Sürücülük Vəsiqəsi əsasında avtomobil idarə etmək mümkündür. Ölkə ərazisində sürücülük standartları aşağıdır, dağ yolları isə olduqca təhlükəli və risklidir. Gecə vaxtı əsas şəhərlərdən kənara maşın sürmək məsləhət görülmür. Əgər paytaxt Sənadan kənar ərazilərə maşınla səyahət etmək istəyirsinizsə, sizə Yəmən Turist Polisindən ilkin icazə lazımdır. Səyahət icazəsi 24 saat ərzində verilir və onu səyahət agentliyindən asanlıqla əldə edə bilərsiniz. Belə icazə olmadan səyahət sizin həbs olunmağınız və ya deportasiya olunmağınızla nəticələnə bilər. Ədən körfəzi və Hind okeanında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmədən üzən gəmilər üçün piratlıq ciddi bir təhlükədir”.

Azərbaycan XİN bunları nəzərə alaraq Yəmənə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını ehtiyatlı olmağa, vacib olmadıqda səfərlərini təxirə salmağa çağırır: “Yəməndə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinə və Səfirliyin Ciddə şəhərindəki Ofisinə müraciət etmələri tövsiyə olunur”. Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

 

OXŞAR XƏBƏRLƏR