Azərbaycanın “Eurovision-2011” mahnısı AZXEBER.COM-da (VİDEO)

ŞOU-BİZNES
21:15 13.03.2011
2445


Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Bu barədə APA-ya İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib. “Running Scared” mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. Bu müəlliflər “Eurovision-2010”da Azərbaycan təmsilçisi Səfurə Əlizadənin ifa etdiyi “Drip Drop” mahnısının da müəllifləridirlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yanvarın 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstəkarlarla yanaşı, xarici bəstəkarların da əsərləri təqdim olunmuşdu. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib: “70 mahnı arasından seçim etmək doğrudan da çətin idi. Amma biz seçimimizdən razıyıq və bu mahnı Azərbaycanı “Eurovision-2011”-də təmsil edəcək duetə çox uyğundur. Uğurlu seçimə, çəkdikləri zəhmətə görə münsiflər heyətinə təşəkkür edirəm”.

Eldar və Nigar Camal dueti “Running Scared” mahnısını mayın 10-da, “Eurovision” mahnı müsabiqəsinin I yarımfinal mərhələsində ifa edəcək. Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək. Eldar Qasımov bildirib ki, “Running Scared” mahnısı duet ortaqlarının səhnə stili, səsi və ruhları ilə çox həmahəngdir: ““Eurovision” auditoriyasının bu mahnını sevəcəyinə ümid edirik”. N. Camal isə “Bu, dərin mənalı, təsirli və gözəl mahnıdır. Bu bəstəni mənim kiçik qızlarım da çox bəyənir”, - deyə söyləyib.

“Running Scared” mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.

Xatırladaq ki, “Eurovision-2011” Milli Seçim turunda 7 həftə ərzində 77 iştirakçı arasından 5 nəfər finala vəsiqə qazanmışdı. Fevralın 11-də keçirilən Milli Finalda isə Ell/Nikki dueti qalib seçilib.

Martın 14-də İctimai Televiziyanın efirində Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçilərinin ifa etdiyi “Running Scared” mahnısının ilk video çarxı təqdim olunacaq.

Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.

 

 

OXŞAR XƏBƏRLƏR