Surroqat ana kimdir və nə edir?
Düzü, bunu qanuniləşdirmək üçün Milli Məclisdə də uzun-uzadı müzakirələr getdi. “Surroqat ana” və “donor” məsələləri “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” Qanun layihəsində öz əksini tapıb, lakin 2009-cu ilin payız sessiyasında qanun ətrafında mübahisələr yaranıb və yenidən işlənilməsi üçün komitəyə göndərilib. Deputat Hadı Rəcəbli artıq mətbuatda da açıqlayıb ki, sözügedən qanun layihəsinə Milli Məclisin yaz sessiyasında baxılması gözlənilir: “Bəzi insanlar bu məsələlərin milli mentalitetimizə uyğun gəlmədiyini deyirlər. Lakin bəzi İslam ölkələrində belə qəbul olunan və ailələrin xoşbəxtliyinə xidmət edəcək bu qərar bizdə niyə qəbul olunmasın?”
Xatırladaq ki, qanunun milli mentalitetə yad olduğunu H.Rəcəbli demiş, təkcə “bəzi insanlar” demir. Elə qanunun müzakirəsi zamanı bir çox deputatlar buna qarşı çıxdılar və onun qəbul olunmamasında israr etdilər. Yaxşı, bəs nədir bu məsələni milli mentalitetə zidd edən məqamlar?
Elmi ədəbiyyatlardakı araşdırmalar göstərir ki, surroqat ana deyəndə öz uşaqlığında donor embrionu daşıyan somatik və psixi cəhətdən sağlam, müvafiq tibbi genetik müayinə nəticəsində bu xidmətə əks göstərişləri olmayan, yaşı 18-dən 35-dək olan qadın nəzərdə tutulur. Tibdə bu imkanın yaradılması isə təsadüfən olmayıb. Çünki çoxlu sayda ginekoloji xəstəliklər var ki, qadının ana olmasına, hamiləlik keçirməsinə imkan vermir və ya hamiləliyə tibbi əks-göstəriş sayılır. Bütün bunları uzun-uzadı tibbi terminlərin müşayiəti ilə sadalayıb, baş ağrısı vermək istəmirəm. Sadəcə, cütlüyün valideyn olmasına əngəl yaradan nüanslar aşkarlanandan sonra (hansısa qadın sırf “görkəmi” pozulacaq, karyerası yarıda kəsiləcək əndişəsi ilə surroqat ana xidmətindən qanunla istifadə edə bilməz, ortada ciddi, tibbi əks göstəricilər olmalıdır - S.T) surroqat ana tapılırsa, sonra həyata keçiriləcək prosedurları nəzərinizə çatdıraq.
İlk mərhələdə, təbii ki, surroqat ana seçilir. Seçim zamanı namizədin psixi və fiziki cəhətdən sağlam, yaşı 20-35 arasında, özünün sağlam uşağı olması, hamiləliyə əks göstərişi olmaması əsas götürülür. Tərəflər razılaşandan sonra klinik hazırlıq mərhələsi başlanır. Analar müayinədən keçirlər - surroqat anaya genetik valideynlərin embrionunun köçürülməsi üçün ilk növbədə genetik anayla surroqat ananın menstrual sikllərinin uzlaşdırılması prosesi həyata keçirilir. Surroqat anaya isə bətnində hamiləliyin baş verməsi üçün preparatlar təyin olunur. Bundan sonra embrionlar surroqat ananın bətnində yerləşdirilir. Onların sonrakı inkişafı genetik valideynlərin embrionlarının məsuliyyəti sayılır. Surroqat anadan yalnız hamiləliyin necə keçməsi asılıdır. Yəni qidalanma, yuxu, normal və sakit rejimə riayət etmək və sairə.
Donor analıq bəzi Avropa ölkələrində yasaqdır
Göründüyü kimi, prosesdə heç bir “xəyanət”, “duyğusal əlaqə” və sair kimi etik nüanslar yoxdur. Bu mərhələdən sonra həm surroqat ana, həm də övlad gözləyən ailə üçün həyəcanlı 9 ay başlanır. 9 ay sonra doğum (onun qeysəriyyə və ya təbii yolla olmasına isə həkim rəyindən sonra gerçək ailə özü qərar verir - S.T) gerçəkləşir və hər kəs yoluna. Amma bir çox ailələr surroqat ana ilə ilk bir neçə ildə yollarını ayırmır, körpənin sağlamlığı üçün ondan süd anası kimi də istifadə edirlər.
Dünya ilk dəfə surroqat analıqla 1986-ci ildə tanış olub. 1986-da Amerikada bu proqram üzrə ilk uğurlu əməliyyat həyata keçirilib. Daha sonra isə dünyada ilk dəfə bu proqram qanunla tənzimlənməyə başlanıb. Bununla belə, ABŞ-ın bəzi ştatlarında, Avstriya, Fransa, Norveç və İsveçdə surroqat ana proqramının tətbiqi qanunla qadağan edilib. Belçika, İrlandiya və Finlandiyada bu proses qanunla tənzimlənmir. Avstriya, Böyük Britaniya, İspaniya, Kanada, Niderland və ABŞ-ın bəzi ştatlarında onun yalnız qeyri-kommersiya məqsədilə həyata keçirilməsi mümkündür. Rusiya, Gürcüstan və Ukraynada isə əksinə, onun kommersiya məqsədilə istifadəsinə yol verilir.
Hindli qadınlar bu işdən ildə 445 milyon dollar qazanır
Dünyanın surroqat analar məskəni Hindistan sayılır. Hətta bu ölkənin Anand adlı məşhur klinikası məhz belə xidmət göstərdiyindən “dünyanın beşiyi” adını daşıyır. Ölkədə daşıyıcı analıq ciddi bir iqtisadi göstəricidir. Ana bətni kirayələyənlər bu işdən ildə 445 milyon dollar qazanırlar. Hindistanda 2002-ci ildən qanuniləşən bu iş bürokratik baxımdan çox asandır. Üstəlik, ABŞ-da daşıyıcı ana vasitəsilə uşaq sahibi olmaq istəyən cütlük bunun üçün 100 min dollar ödəyirsə, Anandda bunun üçün cəmi 10 min dollar lazımdır. Bunun 7-8 mini anaya, qalanı isə tibbi prosedurlara sərf olunur. Bir də hindli ana doğumdan sonra uşağı ailəyə verəcəyi ilə bağlı bir sənədə imza atmalıdır. Hindistanda surroqatlıq üzrə aparıcı həkimlərdən biri də Dr Nayana Pateldir. Son 7 il ərzində o, 200 surroqat hamiləliyə yardım edib. O, şəhərdə hamilə surroqat anaların qayğısına qalmaq üçün yataqxana da yaradıb.
Bizim qanunda milli surroqat analar - ancaq bir dəfə və pulsuz...
Dediyimiz kimi, Azərbaycanda isə bu qanun hələ asqıdadır. Amma ilkin müzakirələr zamanı onun eskizləri də cızılıb. Yəni yumurta donorluğu, toxum donorluğu və embrion implantasiyası saxlanılacaq. Bundan başqa, qanuna bir şəxsin yalnız bir dəfə donor ola bilməsi salınacaq. Hər bir donorun genetik identifikasiya kodunu müəyyən edən məlumatlar toplusu hazırlanacaq. Qanın analizinin nəticələri, genetik müayinələrin nəticələri, yəni şəxsiyyətini, identifikasiyasını müəyyən edən bütün məlumatlar bir məlumat bazasında yerləşdirilir və bir şəxs Azərbaycanın hansısa klinikasında donor kimi qeydiyyata alınıbsa, istəsə belə, heç bir yerdə ikinci dəfə donor ola bilməyəcək.
Bundan başqa, əvvəlki layihədə olan müəyyən pul mükafatı məsələsi də oradan çıxarılıb. Yəni donor anaya hansısa pul ödənilməsi qanunla tənzimlənməyəcək. Bu, tərəflər arasındakı anlaşma nəticəsində həll olunacaq. Daha bir yenilik. Donorun anonimliyi saxlanılmaq şərtilə hüceyrəsi köçürüləcək ailə onun haqqında ümumi məlumata malik olmalıdır. Xarici görünüşü barədə bilgilər donorun kimliyi bilinməmək şərtilə açıqlanacaq.
Bakılı U.K: “Qızım var, boşanmışam, donor ana olmaq istəyirəm”
Azərbaycanda isə proses hələ qanunla tənzimlənməsə belə, belə bir xidmət növü axtaranlar da, bu xidmət növünü təklif edənlər də var. Özü də küncdə-bucaqda yox, elə elan qəzetlərində, forumlarda... Bircə dəfə internetdə axtarış verməklə, bu elan yiyələri ilə tanış olmaq mümkündür. Elə biz də surroqat ana olmaq istəyən bir xanımı elan qəzetlərindən birində tapdıq. “Daşıyıcı ana (ancaq tibbi yolla) axtaran ailələr zəng edə bilərlər”.
Elan bir cümlədən ibarət olsa da, özlüyündə böyük bir gerçəkdən xəbər verirdi. Elanın aşağısındakı cib telefonuna zəng etməklə bu gerçəklərdən xəbər tuta bildik. 34 yaşlı U.K adlı qadın həyat yoldaşından ayrıldığını, 10 yaşında bir qızı olduğunu dedi. İlk dəfədir belə bir xidmət təklif etdiyini bildirən qadın ixtisasca müəllimə olduğunu da əlavə etdi: “Amma məktəbdə dərs demirəm, evdə uşaq hazırlaşdırıram. Ona görə də əgər sizin uşağınızı daşısam, işə gedib-gəlmək kimi bir qayğım olmayacaq. Narahat olmayın”.
U.K öncədən dönə-dönə xəbərdarlıq etdi ki, ancaq tibbi yolla daşıyıcı olmağa razıdır. Müsahibimiz ailənin seçiminə uyğun olaraq bu əməliyyatdan ölkə xaricində də keçə biləcəyini dedi: “Amma istəsəniz, Azərbaycanda da bu, mümkündür. Mən artıq araşdırmışam. ”Transmərkəz"də və Neftçilər Xəstəxanasında bunu edə bilirlər. (Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq-S.T)"
“Yalandan deyəcəm ki, ərə getmişəm, 9 ay sonra da uşaq ölüb”
Surroqat ana dedi ki, əgər anlaşsaq, hamilə olduğu 9 ay boyunca onun hamiləlik qayğılarını biz çəkməli olacağıq. Laborator, habelə həkim müayinələri, yemək xərcləri ailəyə aiddir. Bu yerdə düşündüyümü görüb, zarafatyana bir əlavə də etdi: “Amma bu, o demək deyil ki, hamilə vaxtı ürəyimdən qarpız keçsə, bunu sizdən istəyəcəm. Hamilə qadın yaxşı yeməli, istirahət etməlidir ki, uşaq da sağlam olsun. Nə istəyəcəmsə, uşağınız üçün istəyəcəm”.
Maraqlıdır, bəs U.K bu durumu 10 yaşlı qızına, ailəsinə, yaxınlarna necə izah edəcək? Surroqat ana dedi ki, bu, bizim problemimiz deyil və qızına, yaxınlarına ailə qurduğunu deyəcək: “Bir yaxın dostumdan xahiş edəcəm ki, hamının yanında guya mənimlə evləndiyini desin. Sonra da Rusiyaya işləməyə getdi bəhanəsi ilə ortada görünməyəcək. 9 ay sonra uşaq doğulanda isə yalandan deyəcəm ki, uşaq öldü. Allah eləməsin... Siz bundan narahat olmayın, bunun sizin uşağa, onun sağlamlığına heç bir dəxli olmayacaq”.
U.K öncədən xahiş edir ki, mümkünsə 9 ay boyunca ancaq ana ilə əlaqə saxlasın. İstəklərini, tələblərini, qayğılarını da ancaq ona desin: “Uşaq doğulandan sonra isə siz sağ, mən salamat. Nə siz məni tanıyırsız, nə də mən sizi. Yox, istəsəz ki, dostluğumuz davam etsin, uşağı görməyə gələrəm. Mən tərəfdən problem yoxdur. Amma bu, aramızda sirr qalsın. Sizin ikinizdən başqa da heç kim bilməsin ki, mən kiməm, nə vaxtsa uşağınızı doğmuşam və sair”.
“15 min manat əvvəldən, 15 mini sonradan...”
Prinsipcə, anlaşma tamamdır. Hətta doğumdan sonrakı proseslər barədə də danışıb anlaşırıq. Bircə qalır bu xidmət üçün tələb olunan məbləğ. Surroqat ana deyir ki, ümumilikdə 30.000 manat ödəyəcəyik: “15 min manatı hamilə qalan kimi, 15 min manatı isə doğumdan sonra alacam. Əgər Allah eləməsin, hamiləlik vaxtı uşağın başına nəsə iş gəlsə, mənlik deyil, pulunuzu qaytarmayacam. Doğumdan sonra da 15 mini almamış uşağı sizə verməyəcəm”.
Düzü, belə bazar söhbəti və belə qiymət gözləmirdim. U.K-ya məbləğin hətta dünya standartlarından baha olduğunu deyəndə isə “Mən sizi məcbur etmirəm. Tək qadınam, ömrümün 1 ilini sərf edəcəm ki, siz uşaq sahibi olasınız. Əvəzində verəcəyiniz pulla isə tək qızıma ev alacam. Özü də bu işi ancaq bir dəfə görmək olar. Bazar deyil ki, hər gün kimdənsə pul alıb, uşaq doğum. Məsləhət sizindir...” cavabını aldım.
“Bizim uşağımızı daşıyan qadın 9 ay gözümüzün qabağında olmalıdır”
Bu da başqa elan. “Daşıyıcı ana axtarıram, 30 yaşa qədər fiziki və əqli cəhətdən sağlam qadın olsun, 1 və ya 2 uşağı olanlar zəng etsin. Boşanmış və ya dul olsun”. Elanın altında yazılan nömrəyə zəng edib, bu prosedurun digər tərəfi, yəni ailə ilə də danışmaq istəyirəm. Dəstəyi gənc səsli bir qadın götürür, qısa tanışlıqdan sonra şərtlər danışılır. Y. adlı 37 yaşlı qadın deyir ki, 11 ildir evli olsalar da, uşaqları olmur. Özəl klinikada işləyən qohumları onlara bu yolla övlad sahibi olmağı tövsiyə edib. Özümü surroqat ana namizədinin yaxını kimi təqdim etdiyim üçün, “onun tələblərini” çatdırıram. Y. xanım ananın uşaqlı və dul olduğunu bilib razılaşır, deyir ki, surroqat ana ümumi müayinədən keçməmiş, yəni tam sağlam olduğu dəqiqləşməmiş razılıq olmayacaq. Bundan başqa, donor ana hamiləlik müddətində onların şəhər kənarında yerləşən bağ evlərində yaşamaq zorundadır: “Biz uşağımızın canını ona etibar edəcəyiksə, hər şeyi ilə maraqlanmalıyıq. Bağın gözəl şəraiti var, orda bağban və arvadı yaşayır. Anaya qulluq edəcəklər. Yemək-içməyi, təmiz havası öz yerində. Bağbanın da maşını var. Nəsə lazım olsa, tez harasa çatdıra bilər onu. Amma gözdən uzaqda olsun, heç bir risk olmasın. Biz də arxayın olaq”.
Məxfilik və maksimum az ünsiyyət ailənin tələbləri sırasında idi. Y. xanım dedi ki, bununla bağlı öncədən vəkilin hazırladığı bir anlaşma hazırlanacaq və notariusda təsdiqlənəcək: “Şərtlər orda yazılacaq. Ərim özü hüquqşünasdır, hər şeyi bilir. Şərti şumda kəsəcəyik ki, sonradan dalaşmayaq. Həm də heç kəs bizə ilişməyəcək, narahat olmayın”.
Y. xanım surroqat ananın bu iş üçün nə qədər pul istədiyini soruşur. Qarşı tərəfin nəbzini yoxlamaq üçün öncə “qiyməti siz təklif edin” deyirəm. Məlum olur ki, ailə bunun üçün maksimum 10-12 min manat ödəyə bilərlər: “9 ay boyu anaya qulluq da bizə aiddir”.
Məbləğ və şərtlər barədə surroqat anaya məlumat vermək, sonradan əlaqə saxlamaq şərtilə sağollaşırıq...
// Müsavat qəzeti