Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul qaydaları açıqlanıb

GƏNCLİK
11:54 28.02.2011
3603

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 1-ci sayında 2011/2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını açıqlayıb. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, jurnalda tələbə qəbulu qaydaları ilə yanaşı, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı, eyni zamanda açıq tipli test nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları dərc edilib.

Məleykə Abbaszadə deyib ki, hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verəcəklər.

Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir.

TQDK sədri əlavə edib ki, 2011-ci ildə qəbul imtahanlarında açıq tipli (inventiv) test tapşırıqlarından da istifadə ediləcək. “Abituriyent” jurnalının 1-ci sayında gələcəkdə istifadə edilməsi nəzərdə tutulmuş açıq formalı test tapşırıqlarının nümunələri də təqdim olunub.

Məleykə Abbaszadənin sözlərinə görə, bu il qəbul imtahanlarında riyaziyyat fənni üzrə test blokuna açıq tipli testlər də daxil ediləcək. Gələcəkdə isə digər fənlər üzrə də açıq test suallarının tərtibi nəzərdə tutulur.

 

OXŞAR XƏBƏRLƏR