Azərbaycanda bələdiyyə məktəbləri yaradılacaq

Bütün Xəbərlər
13:20 19.01.2011
2144

Sənədə əsasən, Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərəcək. Hər bir orta ixtisas təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət orta ixtisas təhsili müəssisələrinə lisenziya müddətsiz, Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl kolleclərə 5 il, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş kolleclərə isə 3 il müddətinə veriləcək.
Kolleclər qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət orta ixtisas təhsili müəssisəsi Nazirlər Kabineti ilə razılaşdırılmaqla) hüququna malikdir. Dövlət orta ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilə bilər. Qərara əsasən, orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilib: əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat). Orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Orta ixtisas təhsilini bitirən məzunlara "subbakalavr" ixtisas dərəcəsi verilir.
Qərarın başqa bir bəndinə əsasən orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə başa vuran məzunlar ali təhsilin bakalavr səviyyəsində uyğun ixtisaslar üzrə təhsillərini davam etdirdikləri halda, orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə qazandıqları kreditlər (həmin fəndən "əla" qiymət olduqda) bakalavr səviyyəsində nəzərə alına bilər. Azərbaycanda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməlidir.
Nizamnaməyə əsasən kollec mövcud qanunvericilik çərçivəsində, nizamnaməsində müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak məktəbin nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilə bilər. Qərarla dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etməyi və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verməyi üzərinə götürür.

 

OXŞAR XƏBƏRLƏR