Nazirlər Kabineti yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını təsdiq edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qaydalara əsasən, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında “canlı təbiət” guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanları saxlamaq olar. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.
İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar.
Qərarda bəzi məhdudiyyətlər də göstərilib. Belə ki, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.
Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz. Bundan başqa, insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanları, ilanları çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlamaq, ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlamaq və qidalandırmaq, ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlamaq və gəzdirmək, baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağan olunur.
Qadağalara şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması, ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi, sərxoş vəziyyətdə ev heyvanlarının gəzdirilməsi, insanların üzərinə saldırılması, yarış vaxtlarında və digər hallarda heyvanın sağlamlığı və rahatlığı üçün təhlükə yarada bilən təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması da qadağan olunub.
Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.
Sənəddə heyvan saxlamaq hüququndan məhrum etmə də əksini tapıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edə bilər.