''Azadlıq' qəzeti və onun hamisi Əli Kərimli həmin təşkilatın təqdimatını elə verir ki ...' - AÇIQLAMA
Bütün Xəbərlər
16:58 27.05.2012
1978
Azərbaycanın dünyanın ən mötəbər musiqi yarışması olan "Evrovision"a ev sahibliyi etdiyi bir məqamda bir sıra beynəlxalq təşkilatların, media qurumlarının ölkəmizlə bağlı nümayiş etdirdiyi mövqe ölkə ictimaiyyəti tərəfindən pislənilir.Politoloq Elşən Musayevin münasibəti də son dərəcə sərt olub: "Prosesin belə gedişi əslində gözlənilən idi. Hətta deyim ki, bundan da artığını etsəydilər təəccüblənməzdik. Çünki, müşahidələrimiz göstərir ki, son dövrlər Azərbaycanın uğurları hansı dinamika ilə artıbsa, bu uğuru həzm edə bilməyən qüvvələrin qərəzi, məkrli əməlləri də paralel olaraq çoxalıb.Bu artıq bir tendensiya halını alıb və az qala haqqında söhbət gedən həmin qüvvələrin peşə məşğuliyyətinə çevrilib. Sanki bunların çörəyi Azərbaycanı tənqid eləməkdən, vaxtaşırı verdikləri palaz-palaz açıqlamalardan və hətta özlərinin də heyrət etdiyi hesabatlardan çıxır.Məsələnin digər diqqət çəkən məqamı isə ondan ibarətdir ki, ölkəmiz haqqında davamlı olaraq neqativ rəy formalaşdırmaq missiyası daşıyan beynəlxalq təşkilatların sıralanması, əhatə dairələri, təsir imkanları da heç dəyişmir, daim eyni çərçivədə qalır. Elə bu səbəbdəndir ki, artıq "Human Rights Watch", Amnesty İnternational", "Norveç İnsan Haqları Evi", "Freedom House" kimi təşkilatların adı eşidilərkən ağıllara tənqiddən, qərəzdən, hikkədən, məkrdən başqa bir şey gəlmir. Heç onların hesabatlarını oxumağa da ehtiyac qalmır. Çünki həmin təşkilatlar öz hesabatlarını hazırlayarkən ölkədəki real durumu dəyərləndirilməyə ehtiyac duymur, nə deyəcəklərini öncədən müəyyənləşdirirlər. Proseslərə qiymət vermək üçün istinad etdikləri mənbə də həmişə dəyişməz qalır: Azərbaycandakı "5-ci kolon"un nümayəndələri, onların sərsəm fikirləri, ölkə haqqında qərəzli və siyasi məqsəd güdən qənaətləri. Absurddur, deyilmi? Adını beynəlxalq təşkilat qoyasan, amma fəaliyyətində beynəlxalq konvensiyaların normalarından, beynəlxalq hüququn prinsiplərindən ən kiçik işartılar da olmaya. Yaxşı o zaman sual olunur: Kimdir həmin təşkilatları bu şəkildə Azərbaycanın üzərinə yönəldən? Nədir bunların Azərbaycandan istədikləri, verib-almadıqları? Niyə hesabatlar hazırlanarkən, ölkəmiz haqqında hər hansı bir fikir yürüdülürkən gerçəklik təhrif olunur, məsələlərin təfsilatına varılmır? Əvəzində isə elektoratı olmayan, siyasi gücü sıfıra qədər tükənən birilərinin sözü mənbə rolunu oynayır!Mən Amerikada olarkən haqqında danışdığım həmin təşkilatlardan biri, "Human Rights Watch" haqqında ətraflı bilgilər toplamağa çalışmışam. Sadəcə maraq xatirinə bilmək istəmişəm ki, bunlar kimdir, nəçidirlər? İnanın, hələ beynəlxalq ictimai rəydəki rollarını bir kənara qoyuram, bunları heç sınıq-salxaq ofislərinin yerləşdiyi dar küçədə belə tanımırlar. Təsir dairəsi yoxa bərabər olan bir təşkilatdır. Amma baxın, bütün mümkün vasitələrdən istifadə edərək dövlətə, hakimiyyətə qarşı açıq düşmənçilik nümayiş etdirən "Azadlıq"qəzeti və onun hamisi Əli Kərimli həmin təşkilatın təqdimatını elə verir ki, kənardan baxan elə bilər ki, dünyanın taleyi məhz "Human Rights Watch"-ın verdiyi rəydən asılıdır. Bir daha təkrar edirəm, bir təşkilatın ki informasiya bazası "Azadlıq" qəzeti, istinad nöqtəsi isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ola, məncə, burada əlavə mülahizəyə ehtiyac qalmır. Azərbaycanın radikal siyasi müxalifətinin sanki bir qolu kimi fəaliyyət göstərən və adını insan haqlarının müdafiəçisi qoyan bu qurumun faktlara münasibəti, bəzən ən fantaziyalı təxəyyülə belə sığmayan iradları son dərəcə gülünc və cəfəngdir. Diqqət edin, bir ara ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətinin dayandırılmasını ittiham kimi öz hesabatlarına daxil etdilər. Halbuki institutun fəaliyyəti davam edirdi və hətta bölgələrdə tam sərbəst şəkildə treninqlərini həyata keçirirdi. Sonra keçdilər 2 aprel məhbuslarına. Beləcə demokratiya, insan hüquq və azadlıqlarının müdafiəsi imitasiyası bu istiqamətdə dövr etməyə başladı. Məsələyə sadəcə siyasi prizmadan yanaşdılar. Baxmayaraq ki, fəaliyyətlərinin başlıca prioritetlərindən biri məhz "hüquq" anlayışıdır-ondan da yan keçdilər. Azərbaycanın cinayət qanunvericiliyini görməməzliyə vurdular. Belə şey olarmı? Nə demək istəyir bunlar? Azərbaycanda hüquqi nihilizmmi olsun? Hər kəs sadəcə siyasi mənsubiyyəti var deyə ağlına gələnimi etsin?